Modern.az

“Azadlıq” məngənədə: nə öz pulunu ala, nə də borcu qaytara bilir

“Azadlıq” məngənədə: nə öz pulunu ala, nə də borcu qaytara bilir

8 Noyabr 2013, 14:47

“Azərbaycan” nəşriyyatının “Azadlıq” qəzetinə qoyduğu 5 gün müddətin bitməsinə az qalıb. Amma qəzet kollektivi nə edəcəyini bilmir.

“Azadlıq”ın redaktoru Sücəddin Şərifov Modern.az-a bildirib ki, “Azərbaycan” nəşriyyatının tələb etdiyi borcu tam ödəyə bilməsələr də, məbləği qismən ödəməyə çalışacaqlar. İstənilən halda qəzetin fəaliyyətinə ara verilməməsinə çalışacaqlar.

““Bunun üçün əlimizdən gələni edəcəyik. Amma bizdən asılı olmayan səbəblər də var. Bank hesablarımıza həbs qoyulub. Demək olar ki, qəzetə bir manat vəsait də daxil olmur. Bizim üçün əsas məsələ çapı dayandırmamaqdır. Müəyyən qədər ödəniş etməyə çalışacağıq. Amma o məbləği tam ödəyə bilməyəcəyik. Təqribən 24 min manat borcumuz var. Eyni zamanda “Qasid” yayım firmasından 54 min manat alacağımız var. Nəşriyyata ödənişin gecikməyinin birbaşa səbəbi budur”.

Redaktor bildirib ki, son səhmləri dövlətə məxsus olan qurum – “Qasid” ödənişi qəsdən yubadır. “Digər tərəfdən də dövlətə məxsus başqa bir qurum borcunu tələb edir. İndi əsas iş dövlətin üzərinə düşür ki, bu məsələdə basqını dayandırsın”.

Qeyd edək ki,  “Azərbaycan” nəşriyyatı ilə “Azadlıq” qəzeti arasında bağlanmış müqavilələrə əsasən, 7 noyabr 2013-cü ilədək çap xərclərinə görə 21 410 manat, kommunal xərclərinə görə 2688 manat, cəmi 24 098 manat debitor borcu yaranıb. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq bu borcun ödənilməsi üçün kifayət qədər tədbir görülməyib.

Gültəkin ƏLƏSGƏR    

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir