“2014-ci il büdcəsində büdcə təşkilatlarının kommunal xərclərində artım qeyd edilib. Bu artım nədir, burada hansı təşkilatlardan söhbət gedir? Yoxsa hökümət gələn il kommunal xidmətlərin qiymətlərini artırmağa hazırlaşır?”.
Modern.az bildirir ki, bu sözləri Milli Məclisin axşam iclasında davam edən büdcə müzakirələri zamanı deputat Fazil Mustafa deyib.
Millət vəkilinin sözlərinə görə, ölkədə kommunal xidmətlərin qiyməti ucuz deyil. “Xüsusilə enerjinin qiyməti ucuz deyil. Neft hasil edən ölkələrlə müqayisədə baxsaq, görərik ki, bizdə neftin qiyməti onların bir çoxundan bahadır. Kommunal xərcləırin artımı ilə yanaşı, maaş və pensiyaların artımı çox azdır”-deyə deputat şikayətlənib.
Fazil Mustafa deyib ki, büdcə gəlirlərin 4 mənbə üzrə 2,2 milyard manat azalması gözlənilir. “Burada narahatlıq doğuran məsələ odur ki, həmin azalmalar nə hesabına qapadılacaq? Həmin mənbələrin sahibkarların deyil, vətəndaşların xərclərinin artması hesabına konpensasiya olununacağı ilə bağlı ciddi narazılıqlar var”-deyən deputat bildirib ki, gələn il olacaq artımların yarısından çoxu dövriyyə vergilərinin artması hesabına baş verəcək.
“Hökümətin bu suala cavab verməsi lazımdır: Dövriyyə vergiləri nəyin hesabına artacaq? Qiymətlərin artması və ya xidmətlərin həcminin genişlənməsi hesabına? Əgər qiymətlərin artması hesabına olacaqsa, o zaman hökümət neft gəlirlərinin azalmasını inflayasiya hesabına kompensasiya etmək istəyir. Belə olanda hökümətin 5-10 fazilik maaş, pensiya artımı əhalinin rifah halını yaxşılaşdırmaq prinsipini yox edəcək”-deyə F.Mustafa vurğulayıb.
Aytən Əliyeva