Bu gün Milli Məclisdə keçirilən büdcə müzakirələri ilə bağlı iclas zamanı Sumqayıtı təmsil edən deputat Leyla Abdullayeva belə təkliflə çıxış edib. Deputat bildirib:
”Ümumi şəkildə qeyd edə bilərəm ki, büdcə yüksək səviyyədə hazırlanmışdır. Müvafiq tələblərə cavab verərək dinamik inkişaf edən ölkə iqtisadiyyatının xüsusiyyətlərini özündə əks etdirməkdədir. Mən konkret olaraq təmsil etdiyim Sumqayıt şəhəri ilə bağlı bir neçə məsələni qaldərmaq istərdim. Bilirsiz ki, Sumqayıt bu gün inkişaf edən,quruculuq işlərinin geniş vüsət aldığı müasir bir şəhərdir. Şəhərdə böyük işlər görülür.Cənab prezident son illərdə dəfələrlə şəhərimizdə olmuşdur və “Bakı standartlarına uyğun şəhər”prinsipini irəli sürmüşdür ki,bu gün də bu vəzifə uğurla reallaşmaqdadır.
Eyni zamanda qeyd etmək lazımdır ki,bəzi məsələlər var ki,onlara diqqət yetirilməsi üçün müəyən maliyyənin ayrılmasına ehtiyac vardır.Şəhərin öz maliyyə gücü bunlara çatmaz.
1-ci olaraq mən “Stansiya Sumqayıt”adlanan yaşayış massivi ilə əlaqədar məsələ qaldırmaq istəyirəm.Orada bir sıra problemlər vardır ki,həllinə nail olmaq lazımdır.Həmin ərazidə ciddi problemlərdən biri yol və körpü problemidir.Yolun yenidən çəkilməsi və ya əsaslı təmirinə ehtiyac vardır.Eyni zamanda nəqliyyatla bağlı problemlər mövcuddur.Bu yaşayış massivindən şəhərə getmək üçün 10-15 dəqiqəlik yolu 1 saata,dolanaraq getmək ancaq mümkün olur.Eyni zamanda orda bağça,tibb məntəqəsinin açılması ehtiyacı vardır.Orda xeyli əhali yaşayır və bu ehtiyacların ödənilməsi vacibdir.Hətta mən təklif edərdim ki,bəlkə də oraya status verilməsi məsələsinə baxıla bilərdi.Oraya qəsəbə statusu verərək maliyyələşmə və bu məsələlrin həllinə nail oluna bilərdi.Mən bu yaşayış massivinin problemlərinin nəzərə alınmasını xahiş edirəm.
2-ci məsələ Sumqayıt-Bakı yolunda yaşanan böyük tıxaclarla əlaqədardır. Mütəmadi olaraq bu yolda tıxaclar yarandığı hamımıza məlumdur. Əhalinin alıcılıq qabiliyyəti artır,hamı indi avtomobilə malikdir. Eyni zamanda həm Bakı, həm də Sumqayıt böyüyür, gəlib-gedən insanların sayı mütəmadi olaraq artmaqdadır. Bu tıxac problemi aktuallığını,belə görünür ki, saxlayacaqdır. Həm də artıq bir müddətdir ki, Bakı ilə Sumqayıt arasında şəhər statusu almış başqa bir şəhər-Xırdalan şəhəri var. Bütün bunları nəzərə alaraq gələcəkdə Xırdalan şəhəri,günü-gündən böyüyən Ceyranbatan qəsəbəsi, Sumqayıt, Hacı Zeynalabdin Tağıyev qəsəbələrini əhatə edən bir alternativ nəqliyyat sistemininin yaradılmasını təklif edərdik. Bu ancaq metro stansiyaları deyil,müasir, yüksək standartlara cavab verən elektik qatarları və ya yerüstü sürət qatarları da ola bilər.Dövlətimizin maliyyə imkanları buna imkan verir”.
Modern.az