Modern.az

“Vilnüsdə Dağlıq Qarabağla bağlı pozitiv nəticələr əldə oluna bilər” - ŞƏRH

“Vilnüsdə Dağlıq Qarabağla bağlı pozitiv nəticələr əldə oluna bilər” - ŞƏRH

14 Noyabr 2013, 10:21

İsveçrənin vasitəçiliyi ilə Türkiyənin Ermənistanla sərhədləri açmaq barədə danışıqlara başlamaq istəyi, rəsmi Yerevanın Qarabağətrafı 5 rayonu azad etməyə hazır olması və Azərbaycan-Ermənistan prezidentlərinin noyabrın sonunda Vilnüsdə keçiriləcək görüşləri siyasi gündəmdə oturuşub. Bu fonda Dağlıq Qarabağ münaqişəsinin gələcək perspektivi barədə Modern.az politoloq Qabil Hüseynlini danışdırıb.

Qabil Hüseynlinin fikrincə, hazırkı situasiyada Rusiya Azərbaycandan kompromis əldə etmək üçün təzyiqlər edir. Azərbaycan isə təzyiqlərə qarşı dözüm nümayiş etdirir. “5 rayonun qaytarılması o zaman reallığa çevriləcək ki, Rusiyanın cızdığı ssenari reallaşsın. Rusiya bölgədə möhkəmlənmək, qoşunlarını yeritmək istəyir. Bir neçə gün öncə Rusiya mətbuatında belə bir sərsəm fikir səsləndirilib ki, Qondarma Dağlıq Qarabağ Respublikasını Gömrük İttifaqına, Avrasiya İttifaqına üzv etmək olar. Bununla da Qarabağı de-yure tanımaq dərəcəsinə çatdırmaq qədər addım atmaq istəyirlər. Bu Azərbaycana qarşı bir şantaj vasitəsi, ölkəmizi təhdid etmək variantı idi. Yəni sən müəyyən kompromislərə getməsəniz, özümüz bu kompromisləri reallaşdıracağıq. Amma Azərbaycan tərəfi özünü soyuqqanlı aparır və Rusiyanın təhdidlərinə heç bir cavab vermir. Əksinə, Rusiyanın hədələrinin qarşısını ala biləcək bir tərəfdaş axtarır. Bir tərəfdən, Qərb və onun vədləri, digər tərəfdən Rusiya və onun vədləri var. Bu vədlərin hamısının mərkəzində Dağlıq Qarabağ münaqişəsinin həlli dayanır”.


Siyasi ekspert çox şeyin prezidentlərin təkbətək görüşündə həll olunacağını düşünür və pozitiv sonluq ehtimalını yüksək dəyərləndirir. “Rusiya 5 rayonun geri qaytarılması müqabilində Azərbaycandan Gömrük İttifaqına üzv olmağı tələb edir. Bu 5 rayon qaytarıla bilər, çünki həmsədr ölkələr də bunu istəyirlər. Amma əvəzində Azərbaycandan da istəklər var. Amma hər şey prezidentlərin görüşündə həll olunacaq. Vilnüsdə keçiriləcək Avropa İttifaqına assosiativ üzvlüklə bağlı keçiriləcək mərasimdə Azərbaycan və Ermənistan prezidentləri üçün ayrıca görüş keçiriləcək. Orada pozitiv nəticələrin əldə olunması gözləniləndir”.

Q. Hüseynli Azərbaycanın 5 rayonun qaytarılması müqabilində Gömrük İttifaqına müşahidəçi kimi qəbul oluna biləcəyini ehtimal edir. “Hələ ki Azərbaycanın Gömrük İttifaqına müşahidəçi qismində dəvət edilməsindən gedir. Azərbaycan dərhal Gömrük Birliyinə daxil olmaq niyyətində deyil. Əvvəlcə, bir neçə il təşkilatda müşahidəçi olmalıdır ki, 5 rayonun qaytarılması prosesi baş versin. Ermənilər bu rayonlardan çıxmaq üçün azı 2 il vaxt istəyirlər. Bundan sonra isə azad olunmuş ərazilərin mina və digər döyüş sursatlarından təmizlənməsi və yaşayışa yararlı ərazilərə çevrilməsindən gedir. İllərlə davam edəcək bu proses zamanı Azərbaycan Gömrük İttifaqında üzv kimi oturacaq. Lakin ermənilər yenə də verdikləri vədləri pozarlarsa, Azərbaycan üzvlüyünü donduracaq və münaqişənin hərbi variantda həllinə çalışacaq”.

Politoloq Türkiyənin 2015-ci ilə qədər sərhədləri açmaq niyyətində olduğunu desə də, İsveçrə vasitəsilə Ermənistanın 5 rayonu azad etmək barədə təklifinin etibarlı olmadığı fikrindədir. Qabil Hüseynlinin fikrincə, münaqişədə əsas söz sahibi Türkiyə deyil, Rusiyadır.

“2015-ci ilə qədər erməni soyqırımının 100 illiyinə qədər bu məsələni həll etmək istəyir. Azərbaycan isə buna qarşı çıxır və blokadasının davamını istəyir. Guya İsveçrənin Ərdoğana ermənilərin sərhədlərin açılması qarşılığında 5 rayonu qaytarması barədə təklif vermələri əslində Rusiyanın Ermənistana təzyiq göstərməsindən qaynaqlana bilər. Prosesləri idarə edən qüvvələr başqadır. Türkiyənin Ermənistanla sərhədləri açması haqda Azərbaycanı razı salmağa çalışması məsələsi o qədər də etibarlı mənbələrə söykənmir. Türkiyə istəyir ki, Azərbaycanın ərazi bütövlüyü həll olunsun amma onun əlində kifayət qədər təsir alətləri yoxdur. Sadəcə diplomatik səylər və xarici dövlətlərlə danışıqlar var. Demək istəyirəm ki, ilk növbədə bu məsələdə Rusiyanın mövqeyi önəmlidir”. 

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?