Modern.az

“Laçın və Kəlbəcər ermənilərin nəzarətində qalacaq”

“Laçın və Kəlbəcər ermənilərin nəzarətində qalacaq”

Aktual

14 Noyabr 2013, 10:26


“Azərbaycan və Ermənistan prezidentlərinin ikitərəfli görüşündən heç bir nəticə gözləmirəm”. Bunu Modern.az-a konfliktoloq və hüquq müdafiəçisi Arif Yunus deyib. Münaqişənin həllinə pessimist yanaşdığını və yaxın vaxtlarda baş tutacaq görüşü sıradan bir hesab edən Arif Yunus bildirib ki, Minsk Qrupu həmsədrlərinin səyləri nəticəsizdir.

“Nəticə olmayan yerdə sadəcə tarixçilər buna maraqlı ola bilər. Bu prizmadan yanaşanda mənim üçün görüş dövlət başçılarının Vilnüs görüşü heç maraqlı deyil. Çünki gözəl bilirəm ki, heç bir nəticə olmayacaq. Hər iki tərəfin mövqeyi bir-birindən xeyli uzaqdadır. Nə Azərbaycan, nə Ermənistan tərəfi istəyir ki, münaqişə sülh yolu ilə həll olunsun. Sülh danışıqları həmişə kompromis formasında həll olunur. Əgər siz hər iki tərəfdən kompromis sözünün mənasını soruşsanız onlar “mənim xeyrimə” deyə cavab verəcək. Halbuki, kompromis – mahiyyətcə nədənsə imtina etmək deməkdir. Bu isə nə Ermənistan, nə də Azərbaycan tərəfində var. Özümü optimist saysam da yaxın vaxtlarda və yaxın illərdə münaqişənin həllini görmürəm”.

Arif Yunusun fikrincə, Dağlıq Qarabağ münaqişəsi qlobal Qərb-Rusiya toqquşmasının kiçik elementidir. “Bu görüş daha çox Qərbə lazımdır. Qərbin əsas məqsədi odur ki, tərəflər sülhə nail ola bilmirlərsə, heç olmasa müharibə etməsinlər. Nə hərb, nə sülh vəziyyəti uzun illər saxlanılsın. Münaqişə edən tərəflərin hər ikisi anlamalıdır ki, çox şey bizdən asılı deyil. Qərb-Rusiya münaqişəsi həll olunarsa, onda real vəziyyət yarana bilər ki, böyük dövlətlər Dağlıq Qarabağa eyni mövqe və prizmadan yanaşa bilərlər. Yəni biz rəqabətin sonluğunu gözləməliyik”.


Konfliktoloq hesab edir ki, prezidentlər böyük sülh sazişinə imza atsa, Ermənistanın həm Türkiyə, həm Azərbaycanla münasibəti yaxşılaşarsa, onda Rusiyanın hərbi bazasının Gümrüdə qalmasının əhəmiyyəti itir. Çünki rəsmi olaraq bu baza Azərbaycan və Türkiyəyə qarşıdır. Bu halda Rusiyanın Cənubi Qafqazda təsiri azalacaq.

“Ona görə də burada öz nüfuzunu saxlamaq üçün Rusiyaya Qarabağ lazımdır. Yaxın vaxtlarda Rusiyanın Qarabağla bağlı siyasətinin dəyişəcəyinə inanmıram”. Konfliktoloq “Madrid prinsipləri”, xüsusən Laçın və Kəlbəcər rayonlarının taleyindən danışdı. “İlk növbədə Laçın, ermənilər üçün xüsusi önəmə malikdir və Laçın dəhlizi Qarabağa nəzarət baxımından strateji önəm daşıyır. Sizi inandırıram ki, imzalanan istənilən müqavilə Laçın rayonunda Ermənistan silahlı qüvvələrinin yerləşməsini nəzərdə tutacaq. Bu hətta “Madrid prinsipləri”ndə də var. Kəlbəcər məsələsi də oxşar üsulla həll olunacaq. “Madrid prinsipləri”ndə göstərilir ki, zəbt olunan 7 rayondan 5-i hissə-hissə boşaldılır, köçkünlər qayıdır və bölgəyə sülh məramlı qüvvələr yerləşdirilir və s. Bundan sonra Dağlıq Qarabağda referendum keçirilir. Azərbaycan tərəfi istəyir ki, orada referendum sözü olmasın, ayrı bir sözlə əvəzlənsin. Çünki Konstitusiyaya görə, referendum bütün ölkə ərazisində keçirilə bilər. Bu səbəbdən referendum sözü siyahıyaalma termini ilə əvəzlənib. Əsas odur ki, ermənilər status ilə bağlı öz sözlərini deməlidirlər. Ya Azərbaycanın tərkibində ya Ermənistanın, ya da müstəqil dövlət kimi yaşamaq seçimini etməlidirlər. Azərbaycana formal olaraq 10-15 il vaxt verilir ki, yerli erməniləri, Azərbaycanın tərkibində yaşamağa inandırsın. Əgər bu müddətdə inandıra bilməsələr, onda beynəlxalq birlik qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq, Dağlıq Qarabağın müstəqilliyini tanımaq məcburiyyətində qalacaqlar”.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir