Modern.az

Xarici vətəndaşlarla ailə quran azərbaycanlı jurnalistlər...

Xarici vətəndaşlarla ailə quran azərbaycanlı jurnalistlər...

4 May 2010, 11:04

Modern.az xarici vətəndaşlarla ailə quran azərbaycanlı jurnalistlərin ailə dramını davam etdirir. Bu dəfəki qonağımız Türkiyə vətəndaşı ilə ailə quran jurnalist xanım İlhamə Qasımlıdır. Bu evlilikdən sonra həmkarımız artıq iki soyad daşıyır: Qasımlı-Tura.

Qeyd edək ki, İlhamə xanım Bakıda yaşadığı müddətdə “Eksklüziv” agentliyində, “Hürriyyət” və “525-ci qəzet”də işləyib. "525-ci

qəzet" həm də onun son iş yeri olub. İlhamə Qasımlı-Tura Türkiyə vətəndaşı Rəcəp Tura ilə 2009-cu il oktyabrın 24-də ailə həyatı qurub. Cütlük hazırda Ankarada yaşayır.

Həmkarımız xarici vətəndaşla ailə qurmağını belə xatırlayır: “Qisməti biz yox, Allah yazır bizimçün. Mən hər bir insanın öz qisməti olduğuna ürəkdən inanıram. Uzun və qısa müddətli səfərlərim zamanı gündə ən az bir dəfə anamın səsini eşitmək üşün Azərbaycana zəng edən mən, ağlıma da gəlməzdi ki, həyatımı Azərbaycandan minlərlə kilometr uzaqda davam etdirəcəm. Həyat yoldaşım Rəcəplə tam təsadüfən tanış olduq. Bakıdakı türk şirkətlərindən birində işləyən qardaşının vasitəsi ilə... Onun qardaşı ilə tanışlıq zamanı bildim ki, sən demə, ailənin ilk və yeganə gəlini, yəni Cəlil bəyin xanımı da azərbaycanlıdır.

Amma biz tanışlığa informasiya texnologiyalarının köməyi ilə başlamışıq. Bir ilə yaxın internet vasitəsilə yazışdıq, telefonla danışdıq... Rəcəp bizim şəxsi tanışlığımız üçün Azərbaycana gəlmək istədiyi ərəfədə mənim qəfildən Ankaraya ezamiyyətim oldu. Bu səfər mənim Rəcəpi və onun çevrəsini daha yaxından öyrənməyimə imkan verdi. Məni tanıyanlar bilirlər, önəmli məsələlərdə bəzən ifrat dərəcədə çox araşdırıcıyam, hətta bəzən xırdaçılığa varıram. Bir sirri də açım, mənim uzun illər “525-ci qəzet”ə rəhbərim olmaqla yanaşı, hətta deyərdim ki, bundan daha çox dostum və böyük qardaşım olan Rəşad Məcidin bu məsələdə xüsusi iştirakı olub. Məhz onun Türkiyədəki geniş və etibarlı əlaqələri sayəsində mən Rəcəpin özü, ailəsi və çevrəsilə bağlı daha dəqiq məlumatlar əldə etdim. Elə anlaşılmasın ki, mənim Rəcəpdən şübhəm vardı. Sadəcə, ölkəmdən uzaqda, eyni millətdən olsaq belə, ayri ölkədə yaşayan bir insanla ailə həyatı qurmaq məndə daha cox məsuliyyət hissi yaratmışdı. Görünür, həm də dediyim kimi, xarakterimdəki  “xırdacılıq”dan irəli gəlmişdi bu qədər araşdırmalar. Hər şeyə nə qədər şübhə ilə yanaşsam da, bütün məlumatlar müsbət oldu. Amma bir neçə gün sonra Rəcəp onu ciddi şəkildə, hətta hüquq-mühafizə orqanlarından belə “araşdırdığımı” bildi. Etiraf edim ki, əvvəlcə özümü itirdim. Fikirləşdim ki, sərt reaksiya verəcək. Amma gözləntimin əksinə olaraq dedi ki, əksinə, o, sevinib ki, evlənəcəyi insan evliliyə belə ciddi yanaşan biridir. Bundan sonra cəsarətləndim. Evliliyə hazırlıq isə nikahdan başladı. Ötən il oktyabrın 12-də Ankarada nikahımız, 18-də Azərbaycanda, 24-də isə Türkiyədə toyumuz oldu”.

Digər xarici vətəndaşlarla ailə quran həmkarlarından fərqli olaraq İlhamə Qasımlı-Tura əvvəllər də xarici vətəndaşla ailə qurmağı düşünübmüş: “Qəribə də olsa bəli. Və bundan qəribəsi isə sən demə, Rəcəp də ancaq və ancaq azərbaycanlı qızla evlənməyə söz veribmiş. Rəcəp türk qızları ilə münasibətdə Azərbaycan qızlarının ailəyə bağlı olduğunu deyir. Həqiqətən burada bir çox ailələr var ki, kredit borclarına görə dağılıb. Çünki evin xanımı ərinin adına olan kredit kartını geninə-boluna xərcləyib və nəticədə evlərini belə satmaq məcburiyyətində qalıblar. Evin xanımı azərbaycanlı olan ailələrdə isə belə hallar demək olar ki, baş vermir. Türk oğlanları belə hesab edirlər ki, azərbaycanlı qızlar ailə təsərrüfatını idarəetmədə daha qənaətcildirlər. Həm də qismət məsələsidi. Mən daxili bir intuisiyamla yaxın çevrəmə həmişə türk oğlanla evlənəcəyimi yarızarafat-yarıciddi deyirdim. Çünki mənə elə gəlir ki, bizim oğlanlar qızlarımıza qarşı diqqətsiz və soyuqdurlar. Daha doğrusu, komplekslidirlər. Bizim yaşadığımız binanın bir xidmətçisi var. Təxminən 40 yaşındadır. Bir dəfə bizə qonaq gəlmişdi. Bu zaman həyat yoldaşı ona zəng elədi. Diqqət yetirdim ki, cib telefonunda həyat yoldaşının adını “aşkım” kimi qeyd eləmişdi. Yəni Türkiyədə istər sevgililər olsun, istərsə də həyat yoldaşı, bir-birlərinə müraciət forması “həyatım”, “aşkım” sözü ilədir. Və indiyə qədər tanıdığım türklərin demək olar ki, hamısında  bunu müşahidə eləmişəm. Bizim kişilər inciməsin, nəinki xidmətçisi, heç ziyalısı da həyat yoldaşlarına belə münasibət bildirmir. Azdırmı xanımına “uşaqlarımın anası” deyə xitab edənlər?! Dediyim budur ki, qismətlə yanaşı, Azərbaycan kişilərinin bu kompleksi də məni evlilik həyatı ilə bağlı coğrafi məkanımı qərarlaşdırmağa təsir etdi”. İlhamə xanım xarici vətəndaşla evlilik məsələsində əvvəlki düşüncələrilə indiki düşüncəsi arasında ciddi fərqlərin olmadığını deyir: “Fərqlər ciddi deyil, amma düşüncələrim daha təkmildir. Həm də ki, əsas məsələ xaricdə evlənmək deyil, özünə həyat yoldaşı, həyatı boyunca sənə sözün həqiqi mənasında yoldaşlıq edəcək birini tapmaqdır”.

Onun həyat yoldaşı Türkiyənin Cankaya Bələdiyyəsində işləyir: “Türkiyə hakimiyyət orqanlarının böyük əksəriyyəti – Prezident Administrasiyasi, Böyük Millət Məclisi və Başbakanlık Cankaya rayonu ərazisində yerləşir. Amma maraqlıdır ki, hakimiyyətdə hansı partiyanın olmasına baxmayaraq, Cankaya bələdiyyəsi müxalifətçi Cümhuriyyət Xalq Partiyasının əlində olub. Hətta qeyri-rəsmi olaraq belə deyirlər ki, ölkə ərazisinə AKP hökuməti, AKP Hökumətinin ərazisinə isə CHP nəzarət edir”.

İ.Qasımlı-Tura Türkiyəyə gedəndən sonra çətinliklərlə üzləşməyib: “Burada ən böyük çətinliyim sevimli anamın yanımda olmamasıdır”. Elə Ankarada yaşamaq da onunçün çətin deyil: “İndi heç bir çətinliyim yoxdur. Amma evlilik həyatımın ilk iki ayında çox çətin idi. Həm evlilik həyatı, həm də əzizlərimdən, dostlarımdan uzaqda olmağım məni üzürdü. Amma evə internet çəkdirdikdən sonra hər şey yoluna düşdü – hər gün həmkarlarım və dostlarımla sıx təmasdayam. İstər ictimai-siyasi, istərsə də dostlarımın şəxsi həyatları ilə bağlı məlumatları məhz yazışmalarım sayəsində alıram. Novruz bayramında Bakıya gələndə Rəşad müəllim dedi ki, “Ankarada oturmusan, Bakıdakı xəbərləri ilk səndən alırıq”. Yeri gəlmişkən, jurnalist cameəsində olub–keçənləri dostlarımla yanaşı, Modern.az- ın səhifələrindən də öyrənirəm...”.

İlhamə xanımın fikrincə, adət-ənənələrdə də ciddi fərqlər var: “Ailə həyatı qurandan sonra bilmişəm ki, sən demə, Türkiyədə cehizi əsasən oğlan evi verirmiş. Məsələn, Azərbaycan adət-ənənələrindən fərqli olaraq mən soyuducu, paltaryuyan, qabyuyan maşın, mebel və s. kimi çox vəsait aparan əşyalar almadım. Onların qonaq qarşılamaq ənənələri də bizimkindən çox fərqlidir. Məsələn, bizdə dəvət olunan qonağa bir qayda olaraq yemək süfrəsi açırlar. Amma Türkiyədə qonaq əvvəldən hansı formatda qəbul ediləcəyini bilir – ev sahibi ya çaya (bu zaman menyüda yalnız çay da ola bilər, ən yaxşı halda isə un məmulatları və ya şirniyyat olur), ya sadəcə qəhvəyə dəvət edir. Yeməyə dəvət isə çox nadir hallarda olar. Bir də Türkiyənin istər ictimai-siyasi, istərsə də məişət həyatında necə deyərlər, “xoş gəldin” mərasimi var. Yəni yeni vəzifəyə təyin olunmuş şəxsləri iş çevrəsi təbrik etməyə borc bildiyi kimi, binaya yeni gəlmiş qonşuya da “xoş gəldin”ə, “xeyirli olsun”a gəlirlər. Qonağı qarşılayarkən bizim qədər səxavətli olmasalar da, qonağa aşırı diqqət və hörmət göstərilir. Çay gətirilməzdən əvvəl hər bir kəsin əlinə kolonya tökülür, sonra çay mərasimi. Məncə bu ən üzücü mərasimdir. Xüsusilə də əgər qonaq çay çox içəndirsə, əsasən, kiçik ölçülü stəkanları doldurmaq üçün dəfələrlə qulluqda durmalısan. Mənə ən təəccüblü və qəribə görünən isə qonağa hörmət əlaməti olaraq onun ayaqqabısını ev sahibinin mütləq yerdən götürüb onun ayağına yaxınlaşdırmasıdır. Və açığını deyim ki, mən bunu istər başqaları üçün etməyimə və istərsə də başqalarının mənimçün etməsinə qarşı olmuşam. Başqa sözlə, bizim evə gələn qonaq ayaqqabısını rahat şəkildə özü geyməlidir. Amma bir çox hallarda qısamüddətli ziyarətə gəlmiş qonaqlar ayaqqabılarını qapının çölündə çıxarıb içəri girirlər”. 

İ.Qasımlı-Tura ailə həyatı qurduqdan sonra Azərbaycana yalnız bir dəfə gəlib: “Dediyim kimi, evləndiyimiz 5 ay ərzində bu ilin martında Bakıda olduq. Əslində, bizdəki Novruz şənliklərini Rəcəpə göstərmək istəyirdim. Amma o ərəfədə havalar qeyri-sabit keçdiyi üçün istədiyim alınmadı”.  Nə vaxtsa Azərbaycana dönüb burada yaşamaq istərdinizmi?” sualına İlhamə xanımın cavabı belə oldu: “Bu suala cavab vermək mənimçün çətindir. Düzdür, Rəcəp əməkli olduqdan, yəni təqaüdə çıxdıqdan sonra Azərbaycanda yaşamaq istəydiyini bildirib. Amma indidən nəsə demək çətindir. Arzularla reallığı uyğunlaşdırmaq lazımdır”.

Günay MUSAYEVA

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı