Modern.az

Millət vəkili: “İnzibati üsulla erkən nikahların qarşısını almaq mümkün deyil…”

Millət vəkili: “İnzibati üsulla erkən nikahların qarşısını almaq mümkün deyil…”

Ölkə

4 May 2010, 13:15

“Erkən nikahların bir çox səbəbləri var. Sosioloji, bioloji-fizioloji, həmçinin, adət-ənənlər bunun kökündə duran əsas səbəblərdir”. Bu fikirləri Modern.az saytına açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib. O qeyd edib ki, Azərbaycan Şərq ölkəsidir, dinimiz  İslam dinidir: “İslam adət-ənənələrinə görə Şərqdə qızların 11 yaşından sonra  ərə verilməsi məqbul sayılırdı. Yəni bu ənənə lap qədimlərdən gəlib və sovet vaxtı da bu, rayonlarda, kəndlərdə saxlanılmışdır”.

Deputat bildirib ki, erkən nikahların digər səbəbi isə fizioloji amildir: “Şərqdə və Cənubda insanların cinsi yetişkənliyə çatması şimaldan və qərbdən daha  tez baş verir. Ona görə də görürüsən ki, cənub ölkələrində, Ərəbistan yarmadasında, İranda, Pakistanda, Orta Asiyada qızların 15 yaşında ərə getmə halları olur. Onlar fizioloji baxımından prosesi tam normal keçirirlər. Dünyaya uşaq da gətirirlər. İnsan cəmiyyətdə, həyatda həm bioloji, həm də ictimai varlıqdır. İnsan fizioloji cəhətdən hər hansı bir işə, o cümlədən ailə həyatı qurmağa hazırdısa, o zaman bu məsələyə psixoloji və mənəvi  cəhətdən də hazır olmalıdır. Mən opponentlərin fikirləri ilə razıyam ki, erkən nikahların qarşısı alınmalıdır”.

Millət vəkili erkən nikah məsələsində digər səbəb kimi sosial faktoru göstərir: “Biz erkən nikahların qarşısının alınmasından danışırıqsa və istəyirik ki, ciddi iş görək, bu sosial faktorları da ciddi olaraq nəzərə almalıyıq. Nədir, bu sosial faktor? Erkən nikahların baş verdiyi ailələr ya uğursuz ailələrdi, ya qızların orta məktəbi qurtarandan sonra oxumaq perspektivi yoxdur, ya da həmin regionlar da qızların məşğulluğu lazımı səviyyədə təmin olunmayıb. Yəni iş yerləri yoxdur, peşə hazırlığı lazımı səviyyədə deyil, yaxud da onların müəyən işlərdə işləməsinə şərait yoxdur. Erkən nikahların qarşısının alınmasında bu üç faktoru mütləq nəzərə almaq lazımdır. Fizioloji yetişkənlik eyni zamanda psixoloji yetişkənliklə tam olmalıdır. Adət-ənənənin zərərli təsirləri öyrənilməlidir və onların aradan qaldırılması üçün işlər görülməlidir. Sosial faktor da mütləq nəzərə alınmalıdır ki, qızlar orta məktəbi qurtardıqdan sonra müəyyən peşəyə yiyələnməli, iş yerləri tapmalı, ən azından özləri özlərini təmin etmək bacarığında, imkanında olmalıdırlar”.

M.Quliyev bildirib ki, hazırda dünyanın çox ölkələsində nikah yaşı 18 və daha yuxarıdır: “Azərbaycanda da nikah məsələsində aşağı hədd kişilər arasında 18, qadınlar arasında isə 17 yaşdır. Bu yaşda olan nikahlar çox ölkələrdə var, tək Azərbaycan istisna deyil. Hətta 16 yaşa icazə verən ölkələr də var. Mili Məclis deputaları , Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsiı tərəfindən təkliflər səslənir ki, nikah yaşı qaldırılsın. Burda hər şey ölçülüb biçilməlidir. Ola bilər ki, biz qanunvericilikdə dəyişiklik edərik, nikah yaşını qaldırarıq.  Amma dediyim o sosial, fizioloji və adət-ənənədən gələn mənfi faktorlar aradan qaldırılmazsa, rəsmi nikahdan kənar evlənmələrin, ərə getmələrin sayı çoxalacaq. Bu da qadınları, qızları daha pis vəziyyətə qoyur. Rəsmi nikah olmayanda qadının əmlak məsələlərində, doğulan uşağın sonrakı təminatları məsələlərində ciddi problemlər ortaya çıxır. Bütün bunları hamısı nəzərə almalıdır”.

 

Təhminə PAŞAYEVA

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır