Modern.az

«İmam Hüseynin şəhadəti bizlərə nümuneyi-ibrət, misali-qeyrət deyilmi?»

«İmam Hüseynin şəhadəti bizlərə nümuneyi-ibrət, misali-qeyrət deyilmi?»

17 Noyabr 2013, 17:00

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru

20-ci əsrin əvvəllərində məhərrəmlik mərasiminin, yaxud da Aşura gününün mahiyyətinin doğru anlaşılmasına çalışan Azərbaycan türk mütəfəkkirləri arasında milli operamızın banisi Üzeyir Hacıbəyli xüsusilə fərqlənmişdir. Belə ki, Ü.Hacıbəyli məhərrəmlik mərasiminin və Aşura gününün mahiyyəti və mənasının doğru başa düşülməsinə çalışmaqla yanaşı, eyni zamanda həmin günlərdə müsəlmanlarının həyata keçirdikləri bəzi əməllərə də diqqət yetirmişdir. Bunlardan biri də məhərrəmlik yaxınlaşan zaman həyata keçirilən «Heydar təpmək»dir.

Hacıbəyli «Heydar təpmək»lə bağlı yazırdı ki, bu qoşunbazlıq kimi bir işdir və bunu üçün «hərb üsulunu» yaxşı bilmək lazımdır. Çünki «Heydar təpməy»i həyata keçirənlər bir növ Kərbala faciəsini canlandırmağa çalışırlar. Şübhəsiz, Hacıbəyli bunu kəskin surətdə tənqid edir və bildirirdi ki, bu cür üsullara əl atmaq İmam Hüseynə (ə) olan sevginin nümunəsi ola bilməz. Əksinə, «Heydar təpmək» kimi işlər, ancaq müsəlmanların cahilliiyni və nadanlığını ortaya qoyur. Hacıybəli yazırdı: «Sizi and verirəm Allaha, bir deyin görüm bu «heydər-səfdər» «müharibəsi»nin Kərbəla faciəsinə və İmam Hüseyn təziyəsinə dəxli və təsərrüfü vardır?? Hər kəs bunu mənə qandırsa-səvab eləmiş kimi olar!».

Ümumiyyətlə, Hacıbəylinin fikrincə, İmam Hüseynin (ə) təziyəsini elə ehtiram və qayda ilə saxlamaq lazımdır ki, burada nadanlığa və cəhalətə yer qalmasın. Əksinə, bu mərasimi həyata keçirənlər çalışmalıdırlar ki, İmam Hüseynin (ə) şəhadətini doğru şəkildə hamıya çatdıra bilsinlər. Bununla da, yalnız müsəlman dünyasının deyil, həm də bu mərasimi kənardan izləyənlərin rəğbətini qazana bilsinlər. Hacıbəylinin fikrincə, bu mənada İmam Hüseynin (ə) təziyəsini ağalamq və sızlamaq, yaxud da baş yarıb qan tökməklə saxlamaq düzgün deyildir.

Onun fikrincə, bu günə qədər müsəlmanları məhərrəmlik mərasimi ilə bağlı səhv yola çəkənlər isə yalançı ruhanilər və mollalar olmuşdur. Çünki ikiüzlü ruhanilər hesab etmişlər ki, məhərrəmlik mərasimi müsəlmanlar arasında ağıllı və şüurlu şəkildə həyata keçirlərsə, onda onların həmin mərasimin mahiyyətinə uğyun olmayan əməlləri həyata keçməycəkdir. Bu baxımdan həmin dövrdə ikiüzlü ruhaniləri narahat edən guya, kimlərinsə İmam Hüseynə (ə) hörmətsizlik etməsi məsələsi deyildir. Sadəcə, müsəlmanların şüurlanması və savadlanması nəticəsində yalançı ruhanilərin, çürükfikirlilərin nüfuzlarının itirilməsidir. Hacıbəyli yazırdı: «Çürükfikirlilər qəzetəçilərin məhərrəmlik söhbətindən  acıqları tutub diyorlar ki, guya biz təziyə saxlamaq istəmirik; belə şeylər xoşumuza gəlmiyor!... Bu qəzetəçilər haqqında böyük bir iftiradır, yalandır! Biz hürriyyət, həqq və həqqaniyyət yolunda can qurban etmiş olan övladı-peyğəmbərin təziyəsini dünya durduqca hər məhərrəm yada salıb ağlamaqla bərabər arzu edirik: Əvvala:  Bu böyük və yanıqlı təziyə - hörmət və ehtiram ilə, qaidə və nizam ilə əmələ gəlsin. Və saniyən: Bu təziyə cəmaətimizin əhval və ovzaini, ovsaf və əxlaqını tərbiyəyə salıb, pis əməllərdən kənar eləsin».

Bu baxımdan Hacıbəyli təklif edirdi ki, məhərrəmlik mərasiminin düzgün başa düşülməsi üçün, açıq müzakirələr keçrilməli və bu müzakirələrdə maraqlı olan hər bir tərəf iştirak etməlidir: «Mollamız da, oxumuşmuz da, avamlarımız da, intelligentlərimiz də, əsnafımız da, qərəz bir kəlmə - hamımız bir yerə yığışaq, bu barədə danışaq, hər birimiz çalışaq, qəsd və qərəzi ataq və işin sürətini əqli - səlimə tapşıraq. Hər bir sinifdən adam seçək və o adamlara məhvəl edək ki, bu təziyə işini qaidə, nizami-ehtiram və rövnəqli bir surətdə əmələ gətirmək üçün çalışsınlar, lazımi tədbir və qərarlar qoysunlar. Biz də onların qoyduqları qaidəyə əməl edib bu möhtərəm təziyəni  layiqli bir surətdə saxlayaq».

Milli operamızın banisi hesab edirdi ki, bütün bunlar ona görə lazımdır ki, müsəlmanların, o cümlədən uşaqların 20-ci əsrdə küçlərə tökülüşərək zəncir vurmaları, başlarını yarmaları birincisi, İmam Hüseynin (ə) şəninə ucalıq gətirmir, ikincisi isə əcnəbilərin istehzalarına səbəb olur. O yazırdı: «Bəzi mərsiyəxanların övladi-peyğəmbərə yaraşmayan sifətləri, onlara istinad vermələri, bu qəsidələr ilə avam camaat çox ağlasın, mərsiyəxanların avam camaatın əxlaqını pozan «fitvaları» ki, hər kəs göz yaşı töksə - hər bir günahından azaddır ki, guya imamı ağlamağımızdan məqsəd - tək bir günahdan azad olmaq üçündür. Deməli, günahı olmayan ağalmasa da olar!... Halbuki, bu cür fitvalar, əvvəla sidqi - dil ilə ağlamağı aradan götürüb və saniyən cəmi oğruları, quldurları, qatilləri, mərdiməzarları, ev yıxan və ocağı kor qoyanları arxayın edib pis və murdar əməllərinə daha da şövqləndirir!».

Üzeyir Hacıbəylinin müasirlərindən olan tanınmış «molla nəsrəddinçi», mütəfəkkir Ömər Faiq Nemanzadə də bir çox məqalələrində məhərrəmlik mərasiminə toxunmuşdur. Ö.Faiq yazırdı ki, müsəlmanlar məhərrəmlikdə baş-gözünü yarıb qan tökməkdənsə, həzrəti İmam Hüseynin (ə) millət yolunda şəhidliyini öyrənməli, onun şəhadətindən doğru nəticə çıxarmalıdır. O yazırdı: «Nə hacət, hər il məhərrəmlikdə zahirən başımıza kül-saman töküb üst-başımızı qanlara bulayıb, guya böylə əməl və rəftarlar ilə matəmini  saxladığımız nuri-çeşmi-millət, müxəffər şühadayi-ümmət olan həzrəti İmam Hüseyn əleyhsalamın vaqeyi-şəhadəti bizlərə nümuneyi-ibrət, misali-qeyrət deyilmi? Heyif, sədd həzar heyif ki, o şahidi-millətpərvərin matəmini bu zəmanəyə görə özgə cür tutmaq, mərsiyələrimizi daha təzə bir sayaq millətpərvəranə üzrə oxutmaq lazım gəldiyi halda sahibinin niyyəti və məsləkindən bixəbər hərəkət edən cansız maşın kimi qayırdığımız iş və əməldən özümüz də bixəbər bulunuruq».

Şübhəsiz, Ömər Faiq bu fikirlərində tamamilə haqlı idi. Çox təəssüf ki, həmin dövrdən bir əsr keçməsinə baxmayaraq, bu günün özündə də bir çoxları İmam Hüseynin (ə) şəhadət yolundan xəbərsizdir. Ancaq buna baxmayaraq, özlərini İmam Hüseyn (ə) əqidəsinin davamçıları hesab edirlər. Çünki bu cür müsəlmanların fikrincə, əgər bir müsəlman məhərrəmlik günündə göz yaşı axıdırsa, zəncir vurursa, hətta başını yarıb qanını tökürsə, deməli, o peyğəmbər övladının layiqli davamçısıdır. Məhz bütün bunları nəzərə alaraq Nemanzadə yazırdı: «Məhərrəm ayının beş-on günündə aciz uşaqlar kimi yalnız başımıza küllər töküb zəncirlərlə öz-özümüzü vurub yaralamaq, ayə, ali bir niyyət uğrunda şəhid olan bir nümuneyi qeyrət o mücəssəmi həmiyyət üçün yas və matəm saxlamaqmıdır? Hər insaf sahibindən sorarım: lazım deyilmidir ki, hər kəs tutduğu işin, icra etdiyi matəmin nədən ötrü və nə cür bir zati-şərif üçün olduğunu layiqi ilə bilsin».

Bu baxımdan Ömər Faiq haqlı olaraq hesab edirdi ki, İmam Hüseynin (ə) şəhadət yolunu anlamaq üçün ilk növbədə, peyğəmbər övladının bir ovuc tərəfdarı ilə öz qüvvətindən neçə min kərə artıq olaq qüvvətə qarşı dayanmağın məqsədini, eyni zamanda «nə üçün bu riqqətəngiz, o ciyərsuz hal ilə şəhadətə, o dəhşətamiz surət ilə fədaicanə razı olmasının» səbəblərini bilmək lazımdır. Nemanzədə yazırdı: «Şəksiz ki, qeyrət və həmiyyəti qəlbi ali hümmətinə sığmayan bu millət aşiqi şəhadəti-ölümü, xeyr, bu ölüm surətində əbədi varlığı, əsarət və həqarət ilə yaşamağa tərcih verdi. Şəksiz ki, təlüqatının, hümmətinin hüququnu mühafizə etmək, hürr və müstəqil yaşamaq, özgələrə boyun əyməmək ən birinci müqəddəs niyyəti idi. Şəksiz ki,  niyyət buyurduğu kimi həyat olmadığı surətdə məqsədi-alisi, hüquqi-qövmiyyəsi, istiqbali milliyyəsi yolunda qurban olmağı canına minnət bildi.

Şəksiz ki, niyyət və məsləkində səbat və qərar edib Kərbəla dəhşətini hürriyyəti-vicdaniyyə, əsbiyyəti-qövmiyyə, heysiyyəti-milliyyə, hüquqi-insaniyyə qanına qərq etməyi məhz o tökülən qanların verdiyi qüvvətlə gələcəkdə açılacaq olan millət çiçəklərinin hüsn-surətlə yaşamaqları üçündür. Heyhat, harda o niyyətlər, o fədailiklər, harda bizim bugünkü qafilanə rəftarımız, başlarımıza biməna, cahilanə kül-saman tökməklə iktifa etəmyimiz?».

Bizə elə gəlir ki, bu gün məhərrəmlik mərasiminin yəni İmam Hüseynin (ə) əqidəsinin və şəhadətinin mənasının və mahiyyətini anlamaq üçün Ü.Hacıbəyli və Ö.F.Nemanzadə kimi mütəfəkkirlərimizin irsinin öyrənilməsinə çox böyük ehtiyac vardır. Çünki onlar İmam Hüseyn (ə) əqidəsindən, şəhadət yolundan islamın və Quranın mahiyyətindən xəbərdar insanlar kimi bəhs edirdilər. Ancaq hazırda sıralarımızada elələri tapılır ki, İslamın və Quranın, o cümlədən İmam Hüseynin (ə) şəhadət yolunun mahiyyətini öyrənmədən və dərk etmədən, hansısa yanlış mülahizələrdən çıxış edirlər. Bu baxımdan mütəfəkkirlərimizin məhərrəmlik mərasimi, o cümlədən İmam Hüseynin (ə) şəhadət yolu ilə bağlı fikirlərinin bir çoxlarımıza doğru yolu göstərməsi inancındayıq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir