Modern.az

Yağmurlu hava Azərbaycanda bahalığa səbəb olacaq

Yağmurlu hava Azərbaycanda bahalığa səbəb olacaq

4 May 2010, 17:33

May ayı olmasına baxmayaraq Azərbaycanda havalar “boz ay”daki kimidir.Mütəxəssislərin fikrincə, belə hava şəraiti bazaralarda məhsulların qiymətlərinin bahalaşmasına səbəb ola bilər.

 

Milli Məclisin Aqrar siyasət komitəsinin eksperti Zahid Abbasov bildirib ki, məhsulların bahalaşması ilə bağlı indidən proqnoz vermək çətindir: “Demək olmaz ki, bahalıq, qıtlıq olacaq. Belə yağışlar uzunmüddətli davam etsə, təbii ki, bu, öz mənfi təsirini göstərəcək. Ancaq havalar isti keçsə, dəyən zərəri müəyyən qədər konpensasiya edə bilər”.

Ekspert qeyd edib ki, pambıqçılıq sahəsindəki durum müəyyən xərclərin artmasına səbəb ola bilər: “Əgər uzun müddət belə soyuq, yağmurlu hava davam etsə, səpilən  toxumlardan cücərti alınması təhlükə altında olacaq. Ola bilsin həmin toxumlar çürüsün.Yenidən  sahələrə toxum səpilsin. Bu da ki, əlavə xərclər deməkdi. Əslində havaların belə yağışlı olması heyvandarlıq məhsulları üçün xeyirdir. Bitkiçiliyə müəyyən ziyan vura bilər. Belə hava ən çox indi çiçəkləyən ağaclar üçün təhlükəlidir. Aprel, mart aylarında çiçəkləyən ağaclar üçün isə belə hava əksinə, xeyirdir”.

 

Parlamentin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Nazim Məmmədov isə hesab edir ki, qiymətə təsir göstərəcək amillərdən biri məhsulların bazarlarda bolluğundan asılı olur: “Bu gün Azərbaycan ərzaq məhsullarına görə xarici ölkələrdən asılı ölkə kimi qiymətləndirilir. Ancaq ölkəmizdə aparılan aqrar islahatlar da öz bəhrəsini verir. Adətən aprel ayında kartof  səpini bitmiş olurdu. İndi isə hava ilə əlaqədar səpinlər ləngiyir. Bu hallar da bazarlarda məhsulların qiymətlərinə təsir edəcək amillərdəndir”.

Bazarlarda bəzi “işbazların” suni şəkildə qiymət artımı yaradacağı məsələsinə gəlincə, deputat deyib ki, bunu qarşısını  alacaq qabaqlayıcı vasitələr var: “Sahibkar daha çox mənfəət əldə etmək istəyir. Bütün ölkələrdə bu, belədir. Dövlətin də işi həmin məhsuldan vergi tutmaqdır. Ancaq mən süni bahalaşmanın tam əleyhinəyəm. Bölgələrimizdə soyuducu anbarların olması qiymətlərin suni şəkildə artırılmasını əngəlləyir. Tovuzda bir neçə belə anbar var. Gədəbəydə də belə anbaraların yaradılması nəzərdə tutulub”.

 

Təhminə PAŞAYEVA

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir