Modern.az

“Həmsədrlər nəticənin uğurlu olmasına çalışmalıdır” - Vyana görüşü ərəfəsində ŞƏRH

“Həmsədrlər nəticənin uğurlu olmasına çalışmalıdır” - Vyana görüşü ərəfəsində ŞƏRH

19 Noyabr 2013, 13:48


“Prezidentlərin görüşünün müsbət nəticələnəcəyini düşünmürəm. Tərəflər arasındakı fərqlər hələ də qalır və bu fərqlərin aradan qaldırılması üçün heç bir işartı yoxdur. Sadəcə, ATƏT-in Minsk Qrupunun həmsədrləri belə bir təşəbbüslə çıxış etdilər ki, hər iki ölkə keçirilən prezident seçkiləri arxada qalıb, ona görə də prezidentlərin görüşü vacibdir”.

Bunu Modern.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, Ermənistan və Azərbaycan prezidentlərinin bu gün Vyanada keçiriləcək görüşünü şərh edərkən qeyd edib ki, İ. Əliev və S. Sarkisyan uzun müddətdir ki, görüşmürlər: “Prezidentlərin fikir mübadiləsi aparmaları, mövqelərini bir daha dəqiqləşdirmələri müsbət haldır. Bir məsələ də var ki, Azərbaycan prezidenti bir neçə dəfə vurğulayıb ki, imitasiya xarakterli görüşlərin davamlı olmasının tərəfdarı deyil. Hazırda top Ermənistanın meydanındadır, gərək ermənilər addım ata. Burada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də üzərinə böyük məsuliyyət düşür. Çünki bu görüşü təşkil ediblərsə, gərək nəticənin uğurlu olmasına çalışalar. Ermənistana təsir etməlidirlər ki, onlar masa üzərindəki “Madrid prinsipləri”ni qəbul etsinlər”.

Politoloq ABŞ dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan prezidentlərinə zəng etməsinə də münasibət bildirib: “Belə zənglər çox olub. Ümidlər də verilib. Bunların heç biri özünü doğrultmayıb. Ümidlərin özünü doğrultması üçün gərək hansısa addım atıla. Bu addım atılmır. Bir ara Rusiya təşəbbüskarlıq göstərirdi. Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyevin təşkilatçılığı ilə 10 görüş keçirildi. Müəyyən ümidlər yaranmışdı ki, bəlkə Rusiya Ermənistana təsir edəcək və bu məsələ həll ediləcək. Amma bu, nəticə vermədi. Ona görə də bu görüşdən də müsbət nəticənin əldə olunacağını demək bir qədər sadəlövhlük olardı. Amerika münaqişənin həllində bu qədər maraqlıdırsa, gərək fəalıq göstərsin. Amma bu fəallıq görünmür. ABŞ prezidenti Barak Obama prezident olduğu müddətdə bir dəfə də Qarabağla bağlı çıxış etməyib. Aktivlik yoxdursa, bir telefon zəngi nəticə demək deyil”.

E.Şahinoğlu qeyd edib ki, Rusiya Azərbaycanın da Gömrük İttifaqına qoşulmasını istəyirsə, birinci addım kimi Azərbaycan torpaqlarının boşadılmasına çalışmalıdır: “Bu barədə Azərbaycan cəmiyyətində müəyyən şayiələr gəzir ki, guya Rusiya Ermənistana təsir edəcək. Türkiyə tərəfdən də belə xəbərlər gəlir ki, Türkiyə-Ermənistan sərhədləri açılarsa, Ermənistan işğal altında olan 5 rayonu qaytaracaq. Bütün bunlar hamısı şayiədir. İnanmıram, Ermənistan 5 rayonun azad olunmasına yaşıl işıq yandıra. Bu, yalnız o halda ola bilər ki, Ermənistanın ağası Rusiya bu ölkəyə təzyiq etsin. Rusiya Azərbaycanın da Gömrük İttifaqına üzv olmasını istəyirsə, o zaman Azərbaycan torpaqlarının boşadılmasına çalışmalıdır. Bundan sonra Ermənistan Azərbaycan arasında diplomatik əlaqələr qurulacaq. Bu əlaqələrdən bütün tərəflər qazanacaq. Hətta Rusiya da bu məsələdə uğur qazanacaq. Təəssüflər olsun, Rusiyada bu məsələyə praqmatik yanaşanlar çox azdır. Onlar yalnız öz maraqlarını güdürlər. Fikirləşirlər ki, Qarabağ məsələsi həllini tapsa, Ermənistanın Rusiyadan asılılığı azalacaq və Azərbaycan, Türkiyə ilə tərəfdaşa çevrilə bilər”.

İlkin PİRƏLİ 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?