Modern.az

“Adı” iki dövlətin bayraq və gerbinə düşmüş məşhur ixtiraçı

“Adı” iki dövlətin bayraq və gerbinə düşmüş məşhur ixtiraçı

19 Noyabr 2013, 14:26

Dünyaca məşhur avtomat silahın ixtiraçısı noyabrın 10-da 94 yaşını qeyd etdi. Son dövrlərdə sağlamlığında yaranan problemlərlə daha çox gündəmə gələn Mixail Kalaşnikov haqda nələri bilmirik?

Modern.az M. Kalaşnikovu dünyaya tanıdan, onun soyadını daşıyan AK-47 (“Kalaşnikov”) avtomatının yaranma tarixindən bəhs edəcək.

1948-ci ildə kütləvi istehsala başladıqdan günümüzə qədər 55 milyon “Kalaşnikov” avtomatı və onun müxtəlif modifikasiyaları istehsal olunub. Dünyanın istənilən bölgəsində – istər Cənubi Amerikadakı inqilablarda, istər Afrikadakı vətəndaş müharibələrində, istərsə də Yaxın Şərqdə terror hücumlarında bu avtomatdan geniş istifadə olunur. Məhz bu məşhurluğun səbəbidir ki, Mozambik və Zimbabve respublikalarının bayraq və gerblərində, “Hizbullah” terror təşkilatının simvolunda “Kalaşnikov”un təsvirinə yer verilib.

Silahın yaranma səbəbi isə Böyük Vətən müharibəsidir. Belə ki, müharibənin gedişində sovet ordusu daha çox yaxın məsafələrdə effektiv olan tapança-pulemyotlardan istifadə edirdi. Lakin uzaq məsafədə effektiv ola biləcək silahın yaradılmasına ehtiyac vardı. 1942-ci ilin sonlarında sovet ordusu döyüşlərdə ilk dəfə almanların avtomatik karabinlərini ələ keçirir. 7,92 kalibrli güllələrdən istifadə olunan silah uzaq məsafələrdə yüksək effektə malik idi. Məhz bu səbəbdən 1943-cü ilin noyabrına 7,62 mm kalibrə, 8 qram ağırlığa malik yeni patronun konstruksiyası hazırlanır. Sovet mühəndisləri Syomin və Yelizarovun hazırladıqları patronun çertyoj və spesifikasına uyğun gələ biləcək yeni avtomatın hazırlanması üçün bütün hərbi sənaye obyektlərində müsabiqə elan olunur.

Müsabiqədə iştirak edən mühəndislərdən biri Moskva yaxınlığındakı Şukino şəhərində elmi-tədqiqat poliqonunda çalışan Mixail Kalaşnikov idi. Almanlara döyüşərkən yaralanan gənc sovet əsgəri elmi-tədqiqat mərkəzlərində xidmətini davam etdirirdi. Onun hazırladığı silahın AK-46 konstruksiyası bəyənilir və silahın eksperimental nümunələri yaradılmağa başlayır. Lakin 1946-cı ilin dekabrında keçirilən sınaq atışlarında Mixail Kalaşnikovun layihəsi “Bulkin AB-46” və “Demenyev AD2” avtomatlarına məğlub olur. Komissiya tərəfindən “AK-46” gələcək təkmilləşdirməyə göndərilsə də, M. Kalaşnikov elmi-tədqiqat poliqonundakı zabitlərin köməyi ilə qərarın dəyişdirilməsinə nail olur. Bundan sonra isə ixtiraçı tanışı Zaytsevlə birlikdə “AK-46”nın konstruksiyasını yenidən yaratmağa başlayır. Tamamilə yeniləşdirilən silah digər iki rəqibi ilə birlikdə növbəti sınaqlara buraxılır.

1947-ci ilin sonlarında komissiya yekun iclaslar keçirir. Komissiyanın gəldiyi nəticələrə görə nə “Kalaşnikov”, nə “Bulkin”, nə də “Demenyev” taktiki-texniki xarakteristikalarına görə qənaətbəxş hesab olunur. Lakin etibarlılıq və əsgər üçün istifadə qaydaları sadə olduğu üçün M. Kalaşnikovun konstruksiyası daha məqbul sayılır. Silahın ilk partiyaları 1948-ci ildə İjevsk silah zavodunda yığılmağa başlanır. Çoxsaylı testlərdən sonra 1949-cu ilin sonlarında sovet qoşunları iki modifikasiyada 7,62 mm-lik taxta qundaqlı “Kalaşnikov AK-47” və 7,62 mm-lik qatlanan metal qundaqlı “AKS” kimi yeni silahlarla təmin olunmağa başlayırlar.

50-70- ci illərdə Kalaşnikov yüngül atıcı avtomat silahın bir çox unifikasiyaları hazırlanır. “Kalaşnikov” avtomat və pulemyot ailəsinin 5,45 mm-lik AK-74, AKS-74, RPK-74 və s. nümunələri yaradılır. Sovet hərbi komandanlığı silahın tətbiq edildiyi ilk illərdə onun görünüş və texniki xarakteristikalarını gizlin saxlayırdı. Yalnız 1956-cı ildə Macarıstanda baş verən hadisələrdə sonra “Kalaşnikov” silahı barədə rəsmi məlumatlar yayılmağa başladı. Sosialist düşərgəsinin öndəri olan SSRİ sonradan dünyanın müxtəlif ölkələrindəki müttəfiqlərini bu silahı ixrac etməyə başladı. Tezliklə öz ucuzluğu və sadəliyi ilə seçilən “Kalaşnikov” avtomatı bütün dünya üzrə geniş yayılmağa başladı.

Vüqar İsmayılov       

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir