Modern.az

YAP-ın rəqibləri hakim partiyanı səciyyələndirdilər: “Bir dəfə Heydər Əliyevə bu barədə demişdim...”

YAP-ın rəqibləri hakim partiyanı səciyyələndirdilər: “Bir dəfə Heydər Əliyevə bu barədə demişdim...”

20 Noyabr 2013, 10:00

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) 21-ci il dönümüdür. 1993-cü ildən hakimiyyətdə olan partiyanın ilk sədri Heydər Əliyev olub. Hazırkı sədri isə prezident İlham Əliyevdir.

Modern.az YAP-ın bu illər ərzində Azərbaycanda gördüyü işlərə müxalifətin münasibətini öyrənib.


Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı
deyib ki, YAP-da dəyərli insanlar çoxdur: “İlk növbədə, Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü münasibətilə onları təbrik edirəm. YAP-da dəyərli insanlar var, amma öz vəzifəsindən sui-istifadə edənlər də kifayət qədərdir. Bir dəfə Heydər Əliyevə bu barədə demişdim. Əslində YAP Azərbaycan cəmiyyətinə xeyir verməyən adamları öz sıralarından kənarlaşdırmalıdır. Əvəzində cəmiyyətə xidmət etmək istəyən adamları cəlb etməlidir”.
S. Rüstəmxanlı qeyd edib ki, Azərbaycanda partiyalaşma sistemində YAP-ın da xidmətləri var.


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu
deyib ki, YAP Kommunist Partiyasının bazasında yaradılıb: “Sovet hakimiyyəti dağıldıqdan sonra birbaşa demokratikləşmə mümkün olmadığına görə, Kommunist Partiyasının ideyalarını rəhbər götürən təşkilatların meydana gəlməsinə rəvac verdi. Yeni Azərbaycan Partiyası da həmin zərurətdən yaranıb. 1980-ci illərin sonları – 90-cı illərin əvvəllərində Kommunist Partiyasının rəhbərləri istəyirdilər ki, bu partiyanı Sosial-Demokrat Partiyası ilə əvəzləsinlər. Azərbaycandakı Sosial-Demokrat Partiyası da həmin iddialardan sonra meydana çıxmışdı. İlk variantı da Rusiyanın Sosial-Demokrat Partiyasının regional özəyi kimi meydana gəldi. Amma bütövlükdə ideologiya kökündən sarsıldığına görə süqutun qarşısını ala bilmədi.
Sonra Kommunist Partiyasının təşkilatlanma prinsiplərinə uyğun, amma formaca bir qədər fərqli siyasi təşkilatlar meydana çıxdı. Azərbaycanda bu Yeni Azərbaycan Partiyası oldu. Əslində, YAP formaca milli, məzmunca kommunist ideologiyalı partiyadır”.
 

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu
YAP-ın fəaliyyətindən narazı olduğunu deyib: “Yeni Azərbaycan Partiyası hakim partiyadır. Bu partiya müxalifətdən olan siyasi qurumların tənqidlərinə, fikirlərinə, təkliflərinə cavab vermək üçün deyil, o təklifləri, tənqidləri qəbul edib aradan qaldırmaq üçündür. Təəssüflər olsun ki, AXC-nin 1 illik hakimiyyətini tənqid edənlər 20 ildə 1 illik hakimiyyətin gördüyü işlərin yüzdə birini bacara bilmədilər. İstərdik ki, bu cür davam etməsin. Zamanı, tarixi şansın onlara tanıdığı hakimiyyəti qiymətləndirsinlər. Bizim nə deməyimizdən asılı olmayaraq ən gözəl qiyməti zaman verəcək. Orada olan Azərbaycan naminə çalışan insanlara uğurlar arzulayıram. Ümid edirəm ki, bizim tənqidi təbriklərimizdən nəticə çıxaracaqlar”.

İlkin PİRƏLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı