Modern.az

Mübariz Əhmədoğlu: "Proseslər Azərbaycanın xeyrinədir"

Mübariz Əhmədoğlu: "Proseslər Azərbaycanın xeyrinədir"

Təhsil

5 May 2010, 14:34

Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) aprel ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hesabatını açıqlayıb. Modern.az xəbər verir ki, hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu əvvəlcə İran ətrafında cərəyan edən hadisələrdən danışıb.

M.Əhmədoğlu deyib ki, İran dünyanın bir nömrəli problemi olaraq qalmaqda davm edir: "Məşhur "altılıq" İrana qarşı sanksiyaları sərtləşdirmək istiqamətində razılığa gəldi. İranın güvəndiyi Çin mövqeyini dəyişir. Çin artıq ABŞ-ın mövqeyini dəstəkləməyə başlayıb. İran 20 faiz zənginləşdirilmiş uran materialının sinxron mübadiləsinə hazırdır. Dünyanı narahat edən ən ciddi problemlərdən biri olan nüvə məsələsinə İranın qeyri-ciddi münasibət bəsləməsi çox təhlükəlidir. ABŞ və Rusiyada hesab edirlər ki, İranın nüvə silahı yaratması qonşu dövlətlərdə sürətlə silahlanmaya, o cümlədən nüvə silahlanmasına təkan verəcək".

Politoloq ötən ay Cənubi Qafqaz regionunda baş verən hadisələri də təhlil edib. SİTM sədri deyib ki, Rusiyanın Cənubi Qafqaz siyasəti müəyyən anlaşılmazlıq yaradır: "Rusiya Şimali Qafqazda vəziyyəti nəzarət altına ala bilmir. Cənubi Qafqazda isə mövqelərini itirmək təhlükəsi ilə üz-üzədir. Kreml Qafqazda vəziyyəti sabitləşdirmək üçün konsepsiyaya və fəaliyyət proqramına malik deyil. Bunun nəticəsidir ki, Rusiya vəziyyəti sabitləşdirmək üçün bu günə kimi Qafqaz xalqlarının mentalitetini nəzərə alan heç bir addım atmayıb. Şimali Qafqazda sosial-iqtisadi vəziyət çox ağırdır. Rusiya bu problemlərin həlli istiqamətində heç bir tədbir görmür. Kreml Cənubi Qafqazda separatizmə dəstək verməklə Şimali Qafqaz xalqlarını da müstəqilliyə səsləyir. Rəsmi Moskvanın Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ münaqişələrilə bağlı tutduğu mövqe buna əyani sübutdur".

 

Mətbuat konfransında M.Əhmədoğlu apreldə Ermənistan ətrafında cərəyan edən ictimai-siyasi proseslərin təhlilinə daha geniş yer ayırıb. bildirib ki, bu dəfə aprel ayı Ermənistanın daxili və xarici siyasətində Dağlıq Qarabağ məsələsi və Türkiyə ilə münasibətlərin normallaşması ətrafında xarakterizə olundu: "ABŞ prezidenti Barak Obama ilə görüşdükdən sonra Ermənistanın prezidenti və xarici işlər naziri münaqişənin tənzimlənməsilə bağlı verdikləri bəyanatlarda mövqelərini daha da sərtləşdiriblər. Hazıda Ermənistan rəsmilərinin mövqeyi bir il əvvəlki qədər sərtdir. Hətta manevr üçün yer qalmır. "Yeniləşmiş Madrid Prinsipləri"nin Ermənistan tərəfindən qəbulu artıq gündəmdən çıxarılıb".

SİTM sədri bildirib ki, "erməni soyqırımı"nın tanınması prosesində emosiya, ritorika ön plana keçib: "Son vaxtlar qondarma "soyqırım" gününü qeyd edən dövlətlərin sayı azalır. Xaricdə yaşayan ermənilər indi bu məsələyə əvvəllər olduğu qədər diqqqət göstərmirlər. Vəziyyət o həddə çatıb ki, ABŞ-dakı ermənilərin zəifləməsi ermənipərəst konqresmenləri də narahat etməyə başlayıb".

M.Əhmədoğlu qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ətrafında baş verən proseslər Azərbaycanın xeyrinədir. Onun fikrincə, Ermənistanın mövqeyini sərtləşdirməsi gözlənilən addım olduğu üçün heç nəyi dəyişmir: "İran gözlənilmədən bəyan etdi ki, Ermənistandan fərqli olaraq, Azərbaycan bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olmasına razıdır. Münaqişənin tənzimlənməsində İranın mövqeyinin Azərbaycanın xeyrinə dəyişməsi böyük hadisədir. Bu imkanı əldən buraxmaq olmaz. İran siyasətinin və İrana qarşı siyasətin spesifik xüsusiyyətləri mövcuddur. Bu spesifik xüsusiyyətləri ən yaxşı bilən və icra etməyi bacaranlar arasında azərbaycanlılar öndə gəlirlər. Hazırda Ermənistan bütün gücü ilə İranın mövqeyini əvvəlki məcraya qaytarmağa çalışır".

Sonda SİTM sədri bildirib ki, Gürcüstan hakimiyyəti Qırğızıstanda baş verən hadisələrin fonunda özünü çox narahat hiss edir: "Qırğızıstan hadisələrinin ən çox rezonans yaratdığı MDB ölkəsi Gürcüstan oldu. Bunu prezident Saakaşvilinin davranışlarından da başa düşmək olar. 20 gün ABŞ-da olan Saakaşvili hakimiyyətdə qalmaq üçün ABŞ-dan təminat almaq istəyir. Maraqlıdır ki, Saakaşvili ABŞ-da olduğu 20 gün ərzində heç bir rəsmi görüş keçirməyib. Saakaşvilinin ABŞ səfərinin gündəliyi prezident deyil, ekspert üçün daha məqbuldur". 

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi