Modern.az

Baş nazirin 6 müavinindən bu dəfə hansı irəli çıxacaq?

Baş nazirin 6 müavinindən bu dəfə hansı irəli çıxacaq?

22 Noyabr 2013, 01:27

Son günlər qiymət artımı aktual bir mövzu olmasına baxmayaraq, geniş müzakirə obyektinə çevrilmir. Baxmayaraq ki, bahalaşma olarsa bu, əhalinin bütün təbəqələrinə təsir göstərəcək. Hamı deyir ki, qiymətlər artacaq, amma heç kim demir ki, bunun əleyhinəyəm. Mən də bu heç kimlərdən biriyəm. Çünki iqtisadçı, maliyyəçi, nöyütçü, qazçı, işıqçı, suçu, avtobusçu, metroçu deyiləm. Əgər deyiləmsə, deməli qiymət artımında maraqlı da deyiləm. Çünki cibimə gəlməyəcək, əksinə cibimdən gedəcək. Sadəcə yazanam. Yox, əsla... demoqoq da deyiləm.

Dövlətin öz qiymət siyasəti var. İstəsək də, istəməsək də bu həyata keçirələcək. Məni isə bu siyasətin hansı istiqamətdə - yalnız bahalaşma, yoxsa ki, tənzimlənmə müstəvisində həyata keçirilməsi və əsaslandırılması maraqlandırır.

Məsələn: Belə təsəvvür edin ki, mən Allah eləməmiş Tarif Şurasının sədriyəm. Və qərar verirəm ki, benzinin qiyməti qalxsın, qazın qiyməti isə aşağı salınsın. Bunu da əsaslandırmaq üçün AzTV-nin “Aktual ekran” verilişinə dəvət alıram. Əgər orda desəm ki, “minimum əmək haqqının sosial bazası 2,6 dəfə, minimal pensiyaların sosial bazası isə 2,5 dəfə artırıldığı halda, altı ildir ki, qiymətləri qaldırmırdıq”, deyərlər ki, buna diplom verənin... Əgər desəm ki, xaricdə bu tariflər bizdəkindən qat-qat yüksəkdir”... bu da düzgün qəbul edilməz. Çünki qazı da, işığı da, suyu da özümüz istehsal edirik. Mən “Ay camaat, Azərbaycanda neft istehsalı bu il filan faiz azalıb, ona görə də eksportu azaltmamaq və büdcənin neftdən asılılığını nəzərə alaraq benzinin qiymətini məcbur oldub qaldırdıq. Amma Sizə şad xəbərim də var. Neftçilərimiz keçən il Xəzərdə yeni qaz yataqları kəşf ediblər. İstehsal artdığına görə qazın qiymətini aşağı salırıq” deyərdim.

Əsaslandırmadan xoşunuz gəldimi? Buna deyərlər tənzimlənmə.

Yoxsa ki, durub ictimaiyyət qarşısında “altı ildir ki, qiymətlərə baxılmır” kəlmələri işlətmək, bahalaşma anonsu yox, konkret təklif vermək... Cənablar, axı deputatlar da, biz də adamıq, qulaqlarımız da ki, bapbalaca.

İkincisi, harda yazılıb ki, Tarif Şurası qiymət artıqmaq, bahalaşma üçün yaradılıb. Məncə onun rolu qiymətləri tənzimləməkdir. Onda mən bütün bu anonslara son qoymaq üçün - Tarif Şurasının bir saatlıq sədri kimi - AzTV-nin “Aktual ekran”

verilişinə çıxıb bəyan edərdim: “Camaat... ”.
Yox, burda Samir Şərifov üçün xatırlatmaya, kiçicik bir girişə ehtiyac var.

Dollar təzəcə dəbə minmişdi. Qiymətlər ildırım sürətiylə qalxırdı. Mağazaya, bazara girəndə, soruşanda ki, “bu malın qiyməti niyə qalxıb?”, o saat cavab verirdilər ki, “bütün mallar xaricdən gətirilir – dollarla. Ona görə qiymətlər də dollara nisbətən tənzimlənir”. Onda qoca “babuşka”lar cavab verirdilər: “Bizim pensiyamızı dollara uyğun verirsiniz ki, malı da dollara uyğun tənzimləyəsiniz?”. Nə isə, davam edirəm:

“Camaat, 6 ildir ki, Tarif Şurası yığışmır. Bu böyük müddətdir. Sağ olsun Milli Məclisdə gedən müzakirələr... bizi qəflət yuxusundan oyatdı. Böyük iqtisadi inkişafın fonunda və dolların kursunun sabitliyi və əksinə enməsi nəticəsində yanvarın 1-dən bütün tariflər 10 faiz aşağı salınır”

Bah... studiyaya telefon zənglərinin ardı-arası kəsilmir. Hamı zəng edib deyir: “Allah, maliyyə naziri Samir Şərifovun canını sağ eləsin ki, məsələni gündəmə gətirdi. Allah ona uzun ömür versin. Onu görək vəzifəsində yüz il qalsın. Hər altı ildən bir Tarif Şurasının sədrini də qəflət yuxusundan oyatsın ki, o da qiymətləri 10 faiz aşağı salsın”.

Ay insanlar, bəs görəsən indi əhali avtobusda, küçədə, evdə qiymət bahalaşması təklifini, anonsunu verən məmurların ünvanına hansı “alqış”lardan istifadə edir. Təsəvvür edin cənablar, təsəvvür.

İndi deyəcəksiniz ki, Mahir keyfdən danışır. Qeyri-ciddi adamdır. Heç vaxt belə olmayıb. Qiymətlər həmişə qalxıb, aşağı düşməkdən söhbət belə getməyib. Olub. Olmasaydı Tarif Şurasının bir efirlik sədri kimi bu yazını yazmazdım. Əgər yadınızdadırsa, 2000-ci ildə Baş nazirin müavini işləyən Hacıbala Abutalıbov Bakı şəhər İcra Hakimiyyətinin başçısı Rəfail Allahverdiyev tərəfindən kommunal xidmətlərin qiymətinin qaldırılmasına qarşı çıxmışdı. Səhv etmirəmsə Məhkəmə də Hacıbala Abutalıbovun bu təklifini dəstəkləyib Rəfail Allahverdiyevin qərarını ləğv etmişdi. Bəs görəsən Baş nazirin 6 müavinindən bu dəfə hansı irəli çıxacaq?

Azərbaycan 22 ildir ki, müstəqildir. İnkişaf da göz qabağında. Bu illər ərzində qaz, işıq, su sahəsində sayğaclar 2-3 dəfə dəyişdirilib. Özü də havayı. Qaz, işıq, su və digər qiymətlər 2-3 dəfə dəyişdirilib. Özü də havayı. Yollar 2-3 dəfə asfaltlanıb və ya yenidən qurulub. Özü də havayı. Avtobuslar 2-3 dəfə təzələnib. Özü də havayı. Dayanacaqlar 2-3 dəfə dəyişdirilib. Özü də havayı. İşıq dirəkləri 2-3 dəfə dəyişdirilib. Özü də havayı. Vəzifə başında duranlar da 2-3 dəfə dəyişdirilib.

Bircə xalqımız dəyişməyib. Öz dövlətinə və prezidentinə sədaqətli, əzəli. Hörmətli maliyyə nazirimiz, belə xalqa və stabil dövlətçiliymizə hansını daha çox yaraşdırırsınız? Stabil qiyməti, tariflərin aşağı salınmasını, yoxsa qiymət artımını?

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır