Modern.az

“Bugun.az” açıldı - Baş redaktor: “Redaktorlara, jurnalistlərə səslənirik” - MÜSAHİBƏ

“Bugun.az” açıldı - Baş redaktor: “Redaktorlara, jurnalistlərə səslənirik” - MÜSAHİBƏ

Media

26 Noyabr 2013, 14:57

Azərbaycanda onlayn mətbuatın sırası genişlənib, vaxtilə populyar nəşrlərdən olmuş “Bu gün” qəzetinin “Bugun.az” saytı dünəndən fəaliyyətə başlayıb.
Saytın baş redaktoru Nəsib İsmayılov “Bugun.az”ın hədəfləri barədə Modern.az-a danıışıb.

-  “Bugün.az” saytı hansı istiqamətdə fəaliyyət göstərəcək?

- “Bugün. az” saytı alışdığımız ümumi xəbər saytı kimi fəaliyyət göstərəcək. Məsələn, Modern.az saytı kimi.

- Kollektivi formalaşdırmısınızmı?

- Düşünürük ki, inşallah ayın sonuna kimi kollektivin formalaşdırılması məsələsini həll edə biləcəyik. Bu məsələ ilə bağlı müəyyən çətinliklər var. Bildiyiniz kimi, Azərbaycanda xəbər saytlarının sayı həddindən artıq çoxdu. Sizin sayt vasitəsi ilə redaktorlara, jurnalistlərə səslənirik. Boş yerlərimiz var. Bizimlə işləmək istəyənlər buyura bilər. Yeni heyətlə bütün təklifləri müzakirə etməyə hazırıq.

- Bəs daha tanınmış imzalarla necə, onlar sizin saytda yer ala biləcəkmi?

- Artıq Asəf Quliyevlə razılığa gəlmişik. Bundan başqa, bir neçə tanınmış jurnalistlə də iş danışmamız davam edir.

Gənc kadrların “Bugün.az” saytında iş fəaliyyətinə məhdudiyyət qoyulmayacaq ki?

- Aydın məsələdir ki, tanıdığımız imzalarla işləmək daha yaxşıdır. Çünki həmin imzanın sahibini tanıyırıq, nəyə qadir olduğunu bilirik, xarakterinə bələdçiliyimiz var. Buna baxmayaraq, qapımızı döyən gənclərin üzünə qapı bağlayan deyilik. Nə vaxtsa, hamımız gənc kimi fəaliyyətə başlamışıq. Ona görə də gənclərin təkilifini də qəbul edəcəyik.

- Saytların çoxunda köşə yazarlarının yazıları yer alır. “Bugun.az” saytı olaraq, bu haqda nə düşünürsünüz?

- Mütləq “Bugun.az” saytında da köşə yazıları gedəcək. Daha çox “Bu gün” qəzetinin keçmiş redaktorlarının gücünə, sədaqətinə arxalanırıq. Yeri gəlmişkən, Seymur Verdizadə və Etibar Cəbrayıloğlu köşə yazmaq üçün razılıqlarını veriblər.

- “Bugün” qəzeti vaxtilə yüksək reytinqə malik idi, populyarlıq qazanmışdı. Maraqlıdır, bəs “Bugun.az” saytı eyniadlı qəzetin tutduğu mövqeyə çata biləcəkmi?

- “Bu gün” qəzetinin fəaliyyətinə o zaman başlayanda başımızı aşağı salıb işimizi gördük. İlk addımlarımızı atanda gurultulu bəyanatlar vermədik. “Biz gəlirik, biz alacağıq, biz yıxacağıq” kimi iddialı fikirlər səsləndirmədik. Əsas işimiz oxucuların nə tələb etdiklərinə qulaq vermək və işimizə diqqətlə yanaşmaq oldu. Nəticə etibarı ilə sonda uğur öz-özünə gəldi. Zəhmətsevərlik, intizam və bunların arxasına istedadı da bağlayanda müvəffəqiyyət öz-özünə gəlir. Çalışacağıq ki, oxucuların nə istədiyini edək.

Yeni saytda yeni layihələrin olmasını düşünürsünüzmü?

- Mütləq yeni layihələrimiz olacaq. Sadəcə, inkişaf mərhələsindəyik. Hal-hazırda teta-tet mərhələsindəyik. Sayt irəlilədikcə, özü-özünü dolandırmağa, yəni pul qazanmağa başladıqca, təbii ki, “Bugun.az”ın içində horizontal genişlənmə də olacaq. Rubrikalar da düşünürük. Sadəcə, bunlar zamanın məsələsidir.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı