Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqələri mütəmadi keçirəcək

QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqələri mütəmadi keçirəcək

31 Avqust 2009, 13:28

Qurum sentyabr ayından sonra məsələni müzakirəyə çıxaracaq

Azərbaycan Respublikasının Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu ildə elan edəcəyi müsabiqə üçün respublikanın iri şəhərlərində QHT və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirir, qaydalar və şərtlər barədə müzakirələr aparır. QHT-lərə Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov Modern.az saytına bildirib ki, sentyabr ayında Gəncə, Şirvan, Lənkəran, Mingəçevirdə, yekun olaraq isə Bakıda belə tədbirlər təşkil olunacaq. F.Qurbanovun sözlərinə görə, bu tədbirlərdən sonra Şuraya daxil olan təkliflər nəzərə alınacaq və növbəti il üçün müsabiqənin yeni şərtləri hazırlanacaq.

Şuranın ildə bir dəfə deyil, mütəmadi olaraq, müsabiqələr keçirməsi məsələsinə münasibət bildirən icraçı direktor indiyədək aparılan müzakirələrdə artıq belə təkliflərin səsləndirildiyini vurğulayıb. F.Qurbanovun sözlərinə görə, müsabiqələrin ildə bir neçə dəfə  keçirilməsi məsələsi  QHT-lərə Dövlət Dəstəyi Şurasının səlahiyyətindədir, amma bununla bağlı müzakirələrə hələ  başlanılmayıb: «Sentyabr ayından sonra Şuranın iclaslarında müsabiqələrin mütamadi olaraq kesirilməsi məsələsinə baxılacaq».

İndiyədək keçirilən müsabiqələrdə qalib gələn QHT-lərin fəaliyyətində xeyli müsbət dəyişikliklərin olduğunu bildirən F.Qurbanov məsələyə qısa şəkildə şərh verməyin çətin olduğunu söyləyib. Onun sözlərinə görə, müsbət dəyişikliklər əsasən layihələrin dövlət və ictimaiyyət üçün önəmli olan prioritet istiqamətləri əhatə etməsi, QHT idarəçiliyinin, sənədləşmə, kargüzarlıq işinin təkmilləşdirilməsi istiqamətindədir: «Əvvəllər QHT-lərin sənədləşmə və kargüzarlıq işində xaotik vəziyyət mövcud idi. Amma son müsabiqədən sonra vəziyyət yaxşılığa doğru dəyişib».     

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir