Arxiv
6 mart 2020, 11:00 | ƏDƏBİYYAT
Mir Cəfər Bağırovu özündən çıxaran HADİSƏ: “Necə? Necə? Məhəmməd Əminin sağlığına?!”

Mahir Qabiloğlu


Hörmətli oxucu. Mən ara-sıra atam Qabil və onun qələm dostlarıyla bağlı xatirələri qələmə alıram. Amma atamın yaradıcılığında da öz müasirləriylə bağlı müxtəlif yazılar var. Onlardan birini bu günlərdə Sizə təqdim etmək qərarına gəldim. Məhz Məhəmməd Əmin Rəsulzadəni xatirə günü ərəfəsində. Bu insanı hamımız - lap babasını, ulu babasını tanımayanlar da belə, çox gözəl tanıyır. Tarixi şəxsiyyət kimi yox. Mən şəxsən nə bir məqaləsin, nə də məşhur “Əsrimizin Səyavuşu” kitabın oxumuşam. Sadəcə ilk tanışlığım müstəqil Azərbaycanın milli valyutası tədavülə buraxılanda olub. Adına da “Məmməd” demişik. Belə adqoymayla təkcə onu yox, Nizami Gəncəvini, Qız Qalasını, Şirvanşahları da aşağılamışıq:

- Kartoşka neçəyədir?
-  Bir “məmməd”ə.
- Nə oldu... Dünən bir “nizami”yəydi. Bəs ət neçəyədir?
- Bir “şirvan”a.
Və yaxud da marşrutlarda: 
- 20 yanvar - 9-cu mikrorayon bir “məmməd”!

Bu dialoqlar, reklamlar yəqin ki, yadınızdadır. Bir vaxtlar Məhəmməd Əmin Rəsulzadəni yüksəklərə qaldıraraq adını Bakı Dövlət Universitetinə qoymuşduq. Foyedə büstünü də ucaltmışdıq. Söz vermişdik ki, həyətdə heykəli də olacaq. Sonra isə adını sildik. Büstünü də itirdik. Lap eynən xalq düşməni çıxartdığımız Sergey Mironoviç Kirov kimi. Bu günlərdə Məhəmməd Əmin Rəsulzadə yenə gündəmdədir.  Sizə təqdim edəcəyim bu yazını atam 1992-ci ildə - böyük yazıçımız Əli Vəliyevə istinadən yazıb. Yəqin Sizə də maraqlı olar.

QABİL

NECƏ? NECƏ? MƏMMƏDƏMİNİN SAĞLIĞINA?!


Qocaman ədibimiz, mərhum Əli Vəliyev nəinki xalq yazıçısı idi, bütün varlığıyla, başdan-ayağa xalq adamı idi. Əli müəllimi yaxından tanıyanlar onun bütövlüyünün, xalisliyinin, konkretliyinin, sözünə sahibliyinin, sözü adamın üzünə şax deməyinin, son nəfəsinə kimi dilinə yalan gətirməməyinin şahididirlər. Şahidlər deyəndə ki... şahidlər də bu saat bir o qədər qalmayıb. Ancaq Əli müəllimin mərdliyi, xeyirxahlığı yazılı-şifahi xatirələrdə zaman-zaman yaşayacaq. Elə buna görə də Mir Cəfər Bağırov “muzdur ” deyə çağırdığı Əli Vəliyevin xətrini istəyir, ona inanırdı. Bu da ki, bəzi rəhbər yoldaşları, böyük vəzifə sahiblərini qısqandırır, qıcıqlandırırdı. İndi yadigar kimi qələmə aldığım bu əhvalatı Əli Vəliyevin öz dilindən eşitmişəm.

Yox, yox, az qala yadımdan çıxmışdı. Səməd Vurğunu millətçilik damğasıyla ləkələyib, Bağırovun gözündən salanlarla Əli Vəliyev açıq, amansız mübarizə aparır, o, dəhşətli, ziddiyyətli, ipinin üstünə odun yığmaq olmayan adamla – respublikanın külli-ixtiyar sahibiylə böyük şair arasında canlı ünsiyyət körpüsünə çevrilirdi.

- Yoldaş Bağırov, Səməd Vurğun xalqımızın böyük şairidir.

- Bıl.

- Xeyr. Bıl da, yest də!

Bu gün 80-i haqlayan, Cəfər Cabbarlıdan sonra Azərbaycanın bir nömrəli dramaturqu hesab etdiyim, şairanə ədibimiz cavan İlyas Əfəndiyev üçün, onun çətin, ağır günlərində körpə balaları naminə, üzünə üz tutub Əli müəllimin Bağırovun hüzuruna minnətə getməyini yaddan çıxarmaq yalnız bir ailənin yox, vallahi-billahi bir xalqın nankorluğu olardı. Çünki, hər sönən istedad xalqın cibindən gedirdi. Müharibə vaxtı rus generalını şəhərin mərkəzindəki evindən çıxarıb, onun mənzilini Əliağa Vahidə vermək bilirsiniz nə demək idi?!

Əli Vəliyevin qulağına dəqiq çatır ki, pespublika prokuroru Xəlil Əfəndiyev “Kommunist” qəzeti barəsində onu heç oxumadan, əlinə götürmədən artıq-əskik danışır.

- Xəlil Əfəndiyev, Əli Vəliyevdir danışan. İki saat ərzində “Kommunist” qəzetinə şəxsən abunə qəbzini öz ayağınla gətirib öz əlinlə mənə göstərməsən, kişiyə deyəcəyəm ki, Xəlil Əfəndiyev “Kommunist” qəzetini saymır, oxumur.

- Ay Əli müəllim.

- Qurtardıq.

Hə, Əli Vəliyev danışırdı:

-... 1946-cı il idi. “Kommunist” qəzetinin redaktoruydum. O zaman xarici ölkələrlə əlaqə, xaricə gediş-gəliş nə gəzirdi? SSRİ Xarici İşlər Nazirliyiynin hətta məhdud, zəruri əlaqələri belə, çox məhdud idi. Hamı, hər şey dəmir pərdə dalındaydı. Türkiyəylə Azərbaycan söhbətindən hələ də qan iyi gəlirdi. Hələ də türk, Türkiyə deyənin, Məhəmməd Əmin Rəsulzadə adının yanından keçənin dilini boğazından çəkib çıxardırdılar. Biz uşaqlar, necə deyərlər yeniyetmələr, tələbələr Məhəmməd Əmini tanımırdıq. Yadımdadır ki, Məmməd dayım yana-yana elə hey “Məhəmməd Əmin, Məhəmməd Əmin” deyərdi, mən başa düşməzdim. 62 yaşlı Məhəmməd Əmin Ankarada sağ-salamat idi və onu tanıyanlar Bakıda sükutla buna şükr edirdilər...

Bəli, belə bir zamanda nə təhər olursa, hansı diplomatik mübadiləyə, danışığa görəsə, hansı diplomatik kanallasa Türkiyə Həmkarlar Təşkilatının balaca bir nümayəndə heyəti – altı nəfər Moskvaya gəlir. O zaman respublika, vilayət, əyalət mərkəzlərinin özbaşına belə qonaq qəbul etməyə ixtiyarı yox idi. Yerinə düşməsə də deyim. Hələ Heydər Hüseynov faciəsi, suyu üfürə-üfürə içən Məmməd Arifin sən demə “Türk casusu” olmağı, Bağırovun Respublika fəalları yığıncağında bu casusu ifşa etməyi – 1950-ci il qabaqdaydı. Siz biləni Məmməd Arif kimi kölgəsindən qorxan, liberal, cəsarətsiz bir adamı “Türk casusu” adlandıran Mir Cəfər Bağırovun Məhəmməd Əmin Rəsulzadə kimi bir nəhəngə, mühacirə, mücahidə münasibəti necə olmalıydı?

Moskvada iş nə təhər gətirmişdisə, nümayəndə heyətinin təkidlə xahişinə görəmi, diplomatik incəliyə, nəzakətə görəmi, ya hansı bir mülahizəyləsə həmən türk qonaqları Bakıya gətirdilər. Bu gəliş xalqa, ictimaiyyətə bildirilmədi, bu haqda nə yazıldı, nə deyildi. Ancaq fakt o idi ki, türklər Bakıdaydı və onların hər birinə bəlkə altı çekist – həm Bakıdan, həm Moskvadan nəzarət edirdi. Güman gəlməz yerdə məhdud, məxfi ziyafətdə iştirak edən adamlardan biri də şəxsən Bağırovun göstərişiylə məndim. Bu məni gözügötürməyənlərə lap dağ çəkmişdi.

Hamı da bilir, Bağırov da bilirdi ki, mən içki içən adam deyiləm. Ancaq, məclisdə - belə bir məclisdə ələdüşməz bu nağıl fürsətdə söz deməliydim. Gözümün qabağına Məhəmməd Əmin gəldi – bizim Məhəmməd Əmin... ey dadi - bidad, bu dirigözlü ölümə getmək olardı. Birdən yadıma bir Məhəmməd Əmin də düşdü – türk şairi Məhəmməd Əmin Yurdaqul. Beləliklə, mən Rəsulzadəni də, Yurdaqulu da bir kənara qoyub ürəyimdə, vicdanımda, yaralı yerimdə Məhəmməd Əmin Rəsulzadə, dilimdə şair Məmməd Əmin, piyaləmi götürüb ayağa qalxdım. Xalqın, millətin əziz oğlu, sözü-söhbəti dillərdə gəzən, arzuları ürəklərdə yaşayan Məhəmməd Əminin sağlığına ürəyimdən nə qədər xoş, həsrətli söz gəldi dedim. Dedim ki, Sizin – möhtərəm qonaqların şəxsində Məhəmməd Əminə Bakının, bütün Azərbaycan oxucularının salamını yetirin.

Mən elə sözlər, elə ikimənalı sözlər seçirdim ki, məşhər ayağına çəkiləndə vəziyyətdən çıxa bilim. Məşhər ayağı nağd idi. Çıxış yolum da nağd idi.

Bəli, həmən-həmən Mir Cəfərə çatdırdılar ki, bəs bu da Sizin muzdurunuz, bu da Sizin kommunist yazıçınız, bu da Sizin ərköyün uşağa döndərdiyiniz Əli Vəliyev ki, bəs, türklərin qabağında, Moskvadan gələnlərin qulağı eşidə-eşidə Musavat hökumətinin böyüyü, hal-hazırda Türkiyədə yaşayan, Azərbaycanı Sövet hökumətindən ayırmağa çalışan Məhəmməd Əminin sağlığına dəm-dəsgahla sağlıq dedi.

Bəli göy guruldadı, ildırım çaxdı. Mərkəzi Komitənin təbliğat-təşviqat üzrə katibi Həsən Həsənov (hər dövrün bir Həsəni olub) redaksiyaya zəng çaldı:

- Əli Qara oğlu, gəl görək, çağırır səni, işin şuluqdur.

- Həsən Həsənov, neynək, canın sağ olsun.

...İçəri girdm. Bağırovun gözləri pələng gözləri kimi yanırdı. Üzünü tutdu əyləşənlərə.

- Posmotrite na neqo.

Sonra mənə:

- Sən muzdur deyilsən, müzürsən, düşmansan.

- Yoldaş Bağırov, mən düşman-zad deyiləm. Düşman Sizin xəbərçilərinizdir...özü də savadsız xəbərçiləriniz.

- Kak tak?

- Aydınlaşdırın məsələni, günahım varsa...

- Sən Məhəmməd Əminin sağlığına nitq demisən.

- Bəli, yoldaş Bağırov, mən Türk xalqının sevimli şairi Məhəmməd Əminin – Məhəmməd Əmin Yurdaqulun şərəfinə sağlıq demişəm. Ona Azərbaycan oxucularının salamını göndərmişəm. Yoldaş Bağırov, mən günahkaram ki, bu yoldaşların dünyadan xəbəri yoxdur? Kimin ki, adı Məhəmməd Əmin oldu, deməli qurtardı getdi? Belə şey olar?

Mir Cəfər Bağırov sustaldı, əlindəki karandaşları stolun üstünə tökdü. Bu səfər istehzalı, sakitanə bir qəzəblə, nifrət və kinayəylə üzünü Həsən Həsənova, Qafarzadəyə, Əlizadəyə, Teymur Quliyevə, Qəzənfər Məmmədova, Vitali Səmədova və başqalarına tutub dedi:

- Ay Azərbaycanın dahi rəhbərləri, qoysanız işləyək. Uxodite.

Mən ayağa qalxanda “Muzdur, sən qal” dedi və zəngi basdı.

Bildim ki, limonlu çay gələcək... 

22 iyul 1992-ci il

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ-da pandemiyaya yoluxanların sayı 300 minə çatır 4 Aprel 2020, 09:28 II Dünya Müharibəsindən salamat çıxan amerikalı virusa da qalib gəldi 4 Aprel 2020, 09:19 Heydər Əliyevlə dost olan Xalq şairi - VİDEO 4 Aprel 2020, 09:15 Tramp niyə maska taxmır? 4 Aprel 2020, 09:14 Neftçilikdən aktyorluğa keçən SƏNƏTKAR - FOTOLAR 4 Aprel 2020, 09:08 Çində koronavirus qurbanlarının xatirəsi yad edildi 4 Aprel 2020, 09:06 Tarixdə iz qoyanlar - “AzDrama”nı incidilərək tərk edən Xalq artisti - Hamımızın tanıdığı Simnar xan 4 Aprel 2020, 08:59 İngiltərə Premyer Liqası bu tarixdən bərpa olunacaq 4 Aprel 2020, 08:54 Koronavirus insandan heyvana keçdi 4 Aprel 2020, 01:20 KİV nümayəndələri üçün evdən çıxma icazəsi tələb edilməyəcək 4 Aprel 2020, 00:54 158 170 nəfərin evdən çıxma icazəsi TƏSDİQLƏNDİ 4 Aprel 2020, 00:36 Həkimin koronavirusun dərmanı ilə bağlı təklifi dünyanı silkələdi - VİDEO 4 Aprel 2020, 00:19 Koronavirusa virusa yoluxanların sayı daha 76 190 nəfər artıb - ÜST 4 Aprel 2020, 00:01 Fransada bir sutkada 588 nəfər koronavirusdan öldü 3 Aprel 2020, 23:45 Bu şəxslər karantin dövründə də avtomobillə sərbəst hərəkət edə biləcək 3 Aprel 2020, 23:29 20 yaşadək gənclərin də küçəyə çıxması qadağan edildi 3 Aprel 2020, 23:13 Maska qıtlığının səbəbi AÇIQLANDI 3 Aprel 2020, 22:54 "Azəriqaz"ın rəhbəri: "Kommunal məsələlər vaxtında öz həllini tapmalıdır" 3 Aprel 2020, 22:37 Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək 3 Aprel 2020, 22:22 Yaxın günlərdə bank kreditləri ilə bağlı qərar AÇIQLANACAQ 3 Aprel 2020, 22:06 Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi 3 Aprel 2020, 21:37 “Biliklərin yaradılması və ötürülməsində universitetlərin inhisarçılığının sonu görünür” - Ədalət Muradov 3 Aprel 2020, 21:24 İtaliyada koronavirus qurbanlarının sayı 14 681-ə çatdı 3 Aprel 2020, 21:11 Azərbaycanda koronavirusa yoluxanlar bu rayonlardandır - SİYAHI 3 Aprel 2020, 20:47 Türkiyədə koronovirusdan bir gündə 69 nəfər öldü 3 Aprel 2020, 20:35 İranda koronavirusa yoluxanların sayı artır 3 Aprel 2020, 20:18 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu onlayn rəsm müsabiqəsi keçirir 3 Aprel 2020, 20:03 ASAN Xidmət jurnalistlərə MÜRACİƏT ETDİ: Sui-istifadə hallarına yol verməyin! 3 Aprel 2020, 19:13 Tanınmış jurnalistə ağır itki üz verib 3 Aprel 2020, 18:36 “Azercell” təhlükəsizlik tədbirlərini gücləndirir 3 Aprel 2020, 18:18 Həkimlərin ailəsi necə qorunur? - Deputat: “Tibb işçilərinə ayrıca yer ayrılsın 3 Aprel 2020, 18:13 Aİ tibbi ləvazimatların idxalına vergiləri ləğv etdi 3 Aprel 2020, 18:05 Kamran Əliyev:Jurnalistin öz şəxsi maşını ilə işə getmələrinə məhdudiyyət yoxdur” 3 Aprel 2020, 17:59 Dolların MƏZƏNNƏSİ açıqlandı 3 Aprel 2020, 17:55 Fransa İtaliya və İspaniyaya göndərilən tibbi maskaları müsadirə etdi 3 Aprel 2020, 17:54