Modern.az

Qüdrət Həsənquliyev: "İtaliyanın Qarabağ problemi ilə bağlı mövqeyi Azərbaycanın xeyrinədir"

Qüdrət Həsənquliyev: "İtaliyanın Qarabağ problemi ilə bağlı mövqeyi Azərbaycanın xeyrinədir"

Parlament

6 May 2010, 16:41

Qüdrət Həsənquliyev: "İtaliyanın Qarabağ probleminin həlli prosesinə aktiv şəkildə qoşulması və ortaya prinsipial mövqe  qoyması Azərbaycanın xeyrinədir"

 

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İtaliya səfərindən qayıdıb. Səfər barəsində məlumat verən nümayəndə heyətinin üzvü, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), millət vəkili Qüdrət Həsənquliyev İtaliyada yaddaqalan və səmərəli görüşlər keçirdiklərini diqqətə çatdırıb: "İlk dəfə idi ki, parlamentlərarası münasibətlər səviyyəsində Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti İtaliyaya səfər edirdi. Bunu səfərin önəmini əhəmiyyətli dərəcədə artıran məqam hesab etmək olar. İtaliyadakı ilk görüşümüz Deputatlar Palatasının sədri Cianfranko Fini ilə oldu. Görüş zamanı Azərbaycan-İtaliya, o cümlədən parlamentlər arasında münasibətlərin inkişaf etdirilməsi, daha yüksək səviyyəyə qaldırılması məsələləri önə çəkildi. Vurğulandı ki, Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinə görə Avropa tərəfdaşları arasında birincidir. Mal dövriyyəsinin həcmi 4 milyard dollardan artıqdır. Yada salmaq istəyirəm ki, bizim münasibətlərdə ən mühüm siyasi amillərdən biri də İtaliya parlamentinin Deputatlar Palatasının Dağlıq Qarabağ məsələsi ilə bağlı qəbul etdiyi qərardır. Bu qərarda qeyd olunur ki, Dağlıq Qarabağ problemi yalnız beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərarlar və qətnamələr əsasında öz həllini tapmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Deputatlar Palatası bununla bağlı İtaliya hökumətinin qarşısında müvafiq vəzifə qoyub. Sözsüz ki, bu qətnamənin qəbulunu həm xalqımız, həm də hökumətimiz böyük məmnunluqla qarşılayır. Ona görə ki, Minsk qrupu üzvü olan bir çox dövlətlər o cümlədən "Böyük səkkizliy"ə daxil olan ölkələr BMT qətnamələrinin yerinə yetirilməsində heç bir zaman prinsipial mövqe ortaya qoymayıblar. Bu baxımdan İtaliya parlamentinin qərarı önəmli idi. Əlbəttə buna görə spiker Deputatlar Palatasının sədrinə və üzvlərinə öz təşəkkürünü çatdırdı. Cianfranko Fini öz növbəsində bildirdi ki, biz Azərbaycanın iki qat ədalətsizliklə üz-üzə olduğunun fərqindəyik. Azərbaycanın ərazisi işğal olunub, hələ bu azmış kimi dünya bunu seyr edir və baş verənlərə lazımı hüquqi-siyasi qiymət vermir. BMT qərarlarının icrası Ermənistandan tələb olunmur, bu da çox təəssüf doğurur.

Bundan başqa bizim İtaliya sentanın sədr müavini Vanino Kiti ilə görüşümüz oldu. Burda da anoloji məsələlər müzakirə edildi. Regiondakı hazırki vəziyyət, bu fonda Azərbaycanın mövcud durumu, qonşularla münasibətlə bağlı geniş bir müzakirə aparıldı. Daha bir görüş Senatın Avropa Birliyi siyasəti daimi komissiyasının sədri, həm Azərbaycan-İtaliya dostluq qrupunun sədri Rossana Boldi ilə görüşdük. Görüşdə dostluq qrupunun üzvləri də iştirak edirdi. Bu görüşlərdə biz təkcə Azərbaycan-İtaliya münasibətləri, Dağlıq Qarabağ məsələsi ilə bağlı yox, qondarma "erməni soyqırımı"yla bağlı da müzakirələr apardıq. İddiaların absurd olduğu bir daha diqqətə çatdırıldı. Bu məsələdə bizim mövqeyimiz izah olundu və bildirildi ki, Türkiyənin tələblərinə baxmayaraq Ermənistan arxivləri açmaq istəmir. Bu məsələlərin öyrənilməsinə hər vəhclə mane olmağa çalışır. Vurğulandı ki, qondarma "soyqırım" iddiaları ilə əlaqədar həm Türkiyə, həm Ermənistan, həm də ABŞ arxivlərinin açılmasına ehtiyac var. Çox təəssüf ki, hələlik ermənilər bunu qəbul etmək istəmirlər və qondarma iddialarından təzyiq vasitəsi kimi yararlanmağa çalışırlar.

Bizim komitə sədrləri də qeyri-rəsmi görüşlərimiz oldu. Bu görüşlərdə də Azərbaycan xalqını düşündürən, narahat edən bütün məsələlər diqqətə çatdırıldı".

Qüdrət Həsənquliyev səfərin əhəmiyyəti ilə bağlı iki vacib məqama xüsusi diqqət yetirib: "Səfərin əhəmiyyəti həm də o idi ki, yüksək səviyyəli rəsmi səfərlərə yollanan nümayəndə heyətinin tərkibinə müxalifət nümayəndəsi də salınmışdı. Bu ölkədə bəzi məsələlərə baxışların dəyişməsi istiqamətində bir başlancığ kimi də dəyərləndirilə bilər. Başqa bir maraqlı məqam da var. Sözün doğrusu, mən də daxil olmaqla müxalifətdə hər zaman belə bir fikir olub ki, bizim rəsmilər jurnalistlərin iştirakı olmadan keçirilən xarici görüşlərdə Azərbaycanın geosiyasi vəziyyəti nəzərə alınaraq ölkəmizin ümumilli hədəfləri ilə bağlı məsələlər gündəmə gətirilmir. Qapalı keçirilən görüşlər haqqında məlumatsız olduğumuzdan düşünürdük ki, yalnız Qarabağ probleminin həlli və digər gündəlik-ölkələr arasındakı problemlər müzakirə olunur. Bu səfərdə mənim üçün sevindirici hal həm o oldu ki, İtaliyadakı bütün görüşlərdə Azərbaycanın ümumilli, strateji hədəfləri ilə bağlı müzakirələrin aparıldığını gördüm. Detallarına varmaq istəməzdim, ancaq bu cür müzakirələrin aparılması şəxsən məni çox sevindirdi. Ümumilikdə belə hesab edirəm ki, səfər son dərəcə əhəmiyyətli səfər idi. Düşünürəm ki, İtaliyanın Qarabağ probleminin həlli prosesinə aktiv şəkildə qoşulması və prinsipial mövqe ortaya qoyması Azərbaycanın xeyrinədir".

  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir