Bakı şəhərində gün ərzində müxtəlif şadlıq evlərində təşkil olunan toy karvanlarının yollarda yaratdığı problemlərlə daha çox sürücülər üz-üzə qalır. Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov Modern.az-a açıqlamasında toy kortejlərinin yaratdığı problemin təkcə yol polisinin üzərinə məsuliyyət qoymağın doğru olmadığını deyir.
“Vətəndaş olaraq mövcud problemin olduğunu düzgün qeyd edirsiniz. Toy mövsümü başlayanda toy karvanlarında iştirak edən bir və ya bir neçə sürücünün kobudluğu, biganəliyi bu gün istənilən istiqamətdə sıxlıq yaradır. Bu sıxlığın yaranmaması üçün biz təsirli tədbirlər görürük. Yaxşı olardı ki, o məsələnin kökündən həlli üçün siz jurnalistlər də məsələ aldırıb o tipli insanları ictimai qınağa çəkəsiniz. Bəzən mental xüsusiyyətlərimizlə bağlı ictimai qınaq metodlarımızdan istifadə edilməsi müsbət nəticələrin əldə edilməsinə şərait yaradır. Heç olmasa bu nöqteyi-nəzərdən istər jurnalist, istər vətəndaş, istərsə də paytaxt sakini olmaqla bu sahədə qanunun tələbinə uyğun hərəkət etmək olar. Bunu təkcə yol polisinin etməsi kifayət deyil. Yerlərdə də etmək lazımdır. Təbliğat aparmaq lazımdır. İnsanları nizam-intizama dəvət etmək lazımdır. Hər halda siz mətbuat olaraq, elan verməlisiniz. Bəy-gəlin cütlüyünü bu başdan təbrik etməlisiniz. Təbriklə yanaşı həm də tələb eləməlisiniz ki, hörmətli toy sahibləri, toyun icraçıları, toyda iştirak edən gənclər nizam-intizamlı olun. Təkcə özünüzü düşünməyin. Ətrafdakıları da düşünün. Yol zolaqları üzrə avtomobilləri silkələmək olmaz”, – BŞDYPİ rəsmisi deyib.Toy karvanlarının yaratdığı digər bir problem isə səs siqnallarından ifrat dərəcədə istifadə edilməsi hallarıdır. Vaqif Əsədovun sözlərinə görə bu zaman cərimələrin artırılması istisna deyil. “Toy karvanlarının hərəkəti zamanı səs siqnallarından o qədər istifadə edilib ki, artıq səs siqnallarının tətbiqinə görə cərimələr qalxır. Toy karvanları ilə bağlı təcili tədbirlər görürük. Kameralar vasitəsilə onların hərəkətləri marşrut boyu izlənir. Yol boyu iştirak edən hər bir maşın qayda pozursa, dərhal qeydiyyata alınır. Sonradan onlar barəsində tərtib edilmiş fotomaterial əsasında tədbir görülür. Bununla yanaşı, yerlərdə təhkim edilən yol polis əməkdaşları da belə xətalara yol verən sürücüləri dərhal yerindəcə saxlayıb məsuliyyətə cəlb edir”.
Namidə BİNGÖL