Modern.az

QHT-lər offline rejimdən çıxır

QHT-lər offline rejimdən çıxır

1 Dekabr 2013, 16:21

QHT-lər prezidenti mürtəce düzəlişləri imzalamamağa çağırıblar

“Bir təşəbbüs həyata keçirdik, nəticədə bir qəsəbə inkişaf etməyə başladı. Həmin layihədən sonra daha intensiv işlədik, təcrübəmiz artdı. İndi bir milyon dollarlıq büdcəmiz var”. Adi QHT rəhbərinin bu sözlərinə təəccüblənməmək olmur. Baxmayaraq ki,  haqqında danışdığımız təşkilat ABŞ-ın Kentukki ştatında fəaliyyətdədir, yenə də sədrin dedikləri qəribə görünür.

“Vision” Alyansının rəhbəri Bill Şeyer  azərbaycanlı jurnalistlərə deyir ki, onlar qəsəbənin girişindəki bölgədə işləyəcək qurumlar üçün vergilərin aşağı salınmasına nail olublar. Dərhal buradakı yolayrıcında yeni ticarət mərkəzləri tikilib, qonşu bölgələrdən də insanlar bura alış-verişə axışandan sonra qəsəbənin sakinləri əməlli-başlı yaxşı yaşamağa başlayıb. Cəmi 3 nəfər işçisi olan bir qurumun belə layihəni reallaşdıra bilməsi inandırıcı görünmür. Sədr aydınlıq gətirir - əhali arasında işi könüllülərin köməyilə aparıblar. Kağız-kuğuz işlərinə isə 3 nəfər bəs edib.

Əslində, amerikanlar üçün “kağız məsələsi” demək olar qalmayıb, artıq neçə illərdir ki, hər iş online şəkildə internet üzərindən həyata keçirilir. Görüşlər skype-la keçirilir, qərarlar sosial şəbəkələrdəki çatlaşmalarda verilir, imzalar da mobil formatda atılır. Layihələrin hesabatları da sözsüz ki, birbaşa internetdə yoxlanılır, hansısa uyğunsuzluq olanda sistem özü məlumat yiyəsinə xəbərdarlıq göndərir.

Hərəyə bir kabinet

Azərbaycanda da elektron xidmətlər cəmiyyətin hər sahəsinə sirayət etməyə başlayıb. İstər hökumət, istər özəl - fərq etməz, bir çox yerdə vətəndaşların işi asanlaşıb. Amma bu inkişaf QHT sektorunun fəaliyyətində özünü o qədər də çox büruzə vermir. Son vaxtlaradək ümumiyyətlə, heç vətəndaş cəmiyyətin özünə də birmənalı yanaşma yox idi. Əvvəllər QHT-lərə əsasən “özünə təşkilat yaradıb, qrant alıb kef edəcək” məntiqi ilə yanaşılırdı. Son illər məsələyə baxış bir qədər dəyişib. Səbəbləri isə müxtəlifdir - həm QHT-lərin özlərinin fəallığı yüksəlib, həm də dövlət tərəfindən bu sektora diqqət artırılıb. Dövlət QHT-lərin təşəbbüslərini maliyyələşdirməklə yanaşı, eyni zamanda verilən pulların xərclənməsinə nəzarəti də gücləndirib. Elektron xidmətlərin sayəsində bu proses daha da asanlaşdırılıb.

Bu günlərdə isə elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı xüsusi  fərman imzalanıb. Artıq Ədliyyə Nazirliyində hər bir QHT-lər üçün "Fərdi elektron pəncərə" elektron məlumat sistemi yaradılacaq. Bu sistem imkan verəcək ki,  QHT-lər nazirliyə ayaq döyməsin, bütün zəruri məlumat mübadiləsini elektron formada aparsın. Belə kabinetlərdə QHT-lərin fəaliyyəti ilə bağlı məlumatlar, müraciətlər, arayış və hesabatların elektron formada qəbul olunacaq və cavablandırılacaq.

Resursa və vaxta qənaət

“Dövlət QHT-lərlə bağlı bu mexanizmi sadələşdirməklə bu münasibətləri də elektron hökumətin tələblərinə uyğun qurmağa çalışır”. Konstitusiya Araşdırmaları Fondunun eksperti  Zaur İbrahimli bu fikirdədir. Onun sözlərinə görə, yeni təşəbbüs elektron hökumət sahəsində görülən işlərin məntiqi davamı olaraq qəbul olunmalıdır: “Sahibkarlıq subyektləri üçün bir pəncərə sistemi tətbiq olundu, sonra gömrükdə mexanizm sadələşdirildi. Asan Xidmət mərkəzləri yaradıldı. Növbə QHT-lərin idi”.

Ekspert xatırladır ki, bundan əvvəl Prezident yanında QHT-lərə Dövlət Dəstəyi  Şurası layihələrin elektron qəbulunu tətbiq etdi. Daha sonra maliyyə hesabatları online qəbul olunmağa başladı. Bu da təşkilatların həm vaxtına, həm də resurslarına xeyli qənaət olunması ilə nəticələndi. Z.İbrahimli hesab edir ki, gələcəkdə QHT-lərin Sosial Müdafiə Fonduna təqdim etdiyi hesabatların da online rejimə keçirilməsinə ehtiyac var: “Belə olanda hesabatda hansısa nöqsan olduğunu dərhal bilirsən, bir neçə dəfə get-gəl etməli olmursan. Bu sistem həm də şəffaflıq baxımından önəmlidir. Çünki belə  təşəbbüs gələcəkdə bu sahədə şəxsi kontaktları, subyektiv amilləri minimuma endirəcək”. Ekspert arzulayır ki, yaradılacaq sistem texniki cəhətdən mükəmməl hazırlansın və digər sahələrdə elektron xidmətlərdə rast gəlinən ənənəvi səhvlər təkrarlanmasın.    

Qeydiyyat da online olsun...

Lakin QHT-lərə münasibətə hələ də yüngülləşdirilməsinə ehtiyac olan  məsələlər qalır. Məsələn, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov QHT-lərin qeydiyyatı ilə bağlı problemlərin mövcudluğundan şikayətlənir: “Özü də son vaxtlar xüsusilə gənclər təşkilatlarından bu məsələ bağlı şikayətlər alırıq. Bəzən gənclər təşkilatlarının qeydiyyatı zamanı elə sənədlər tələb olunur ki, bunlara heç bir halda ehtiyac ola bilməz. Azərbaycanda artıq bütün istiqamətlər üzrə sənədləşmə işləri asanlaşdırılır, elektron formata keçirilir. Belə bir zamanda qeydiyyatla bağlı şikayətlərin qalması müasir dövrə uyğun deyil”.

Vətəndaş cəmiyyətini demokratiyanın dayağı sayırlar. Belə görünür, Azərbaycanda bu dayağın torpağa daha bərk oturması üçün çox işlər görülsə də, gözləntilər də az deyil. Bir sözlə, QHT-lərin tamamilə offline rejimdən çıxması zamanı çoxdan çatıb.

F.Sabirqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?