Modern.az

Nəsib bəy Yusifbəylinin məzarı varmı, varsa hardadır?

Nəsib bəy Yusifbəylinin məzarı varmı, varsa hardadır?

1 Dekabr 2013, 22:39

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru, dosent 

Azərbaycan türkçülüyü ideyasının yaranmasında və formalaşmasında ən mühüm xidmətlər Məhəmməd Əmin Rəsulzadədən sonra Nəsib bəy Yusifbəyliyə məxsusdur. Çünki, Nəsib bəy Rəsulzadə qədər böyük idealist, millətpərvər, demokrat milli və müstəqil Azərbaycan ideyasının əsas müəlliflərindəndir.

M.Ə.Rəsulzadə yazırdı ki, ümumilikdə, Nəsib bəy Yusifbəyli xalqçı, idealist, millətpərvər, demokrat və liberal bir şəxsiyyət olmuşdu: «O, milli Azərbaycan demokratiyasının yetişdirdiyi ən tipik müməssilərindən biridir. Elə bir müməssil ki, milli Azərbaycan hərəkatının istiqlala müncər olan qayəsini formulə etmək onun ismi ilə mərbutdur».

M.Ə.Rəsulzadənin silahdaşı, məsləkdaşı Nəsib bəy haqqında dedikləri o qədər doğru, dürüst və səmimidir ki, bu deyilənlərə əlavə bir söz demək çox çətindir. Rəsulzadənin Yusifbəyli ilə bağlı dediklərində diqqəti çəkən məqamlardan biri də, Nəsib bəyi milli Azərbaycan ideyasının müəllifi kimi göstərməsidir. Bu onun göstəricidir ki, Rəsulzadə memarı olduğu Azərbaycan Cümhuriyyəti ideyasında Nəsib bəyin rolunu daha üstün verməklə öz ləyaqətinin ucalığını ifadə edib. Başqa sözlə, Rəsulzadənin bu fikirlərindən belə nəticə çıxarmaq olar ki, milli və müstəqil Azərbaycan ideyasının mənəvi-ideoloji müəllifi Rəsulzadə, siyasi-praktiki hədəfçisi isə Nəsib bəy olub. Nəsib bəy Rəsulzadənin nəzəri şəkildə irəli sürdüyü milli və müstəqil Azərbaycan ideyasını siyasi bir tələb kimi ifadə edib. Deməli, Azərbaycan Cümhuriyyəti iki böyük liderin nəzəri-ideoloji və siyasi praktiki əməllərinin nəticəsidir. Bu mənada bu iki böyük Azərbaycan Türkünün Azərbaycan Cümhuriyyətinin yaranması və inkişafında göstərdiyi xidmətlər misilsizdir.

Nəsib bəy Yusifbəyli Azərbaycan Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən qısa bir müddətdən sonra (1920-ci il mayin sonu, ya da iyun ayında) naməlum şəkildə şəhid olub. Burada onun hansı şəkildə şəhid olması ilə bağlı geniş müzakirə açmadan yalnız qeyd etmək lazımdır ki, bütün hallarda Nəsib bəy Yusifbəyli Azərbaycan-türk millətinin, Azərbaycan Cümhuriyyətinin böyük şəhid oğullarından biridir. O, yalnız Azərbaycan Cümhuriyyətinin baş naziri kimi deyil, milli Azərbaycanın siyasi istiqlalının ilk müəlliflərindən biri və şəhid oğlu olaraq sonsuz sevgiyə və hörmətə layiqdir.

Ancaq, bütün bunlarla yanaşi, məni rahatsiz edən bir məsələ var. Bu da, Nəsib bəyin məzarının olub-olmaması ilə bağlıdır. Bir neçə kitabda və saytda onun 1920-ci ilin 31 mayında yolda faciəli surətdə qətlə yetirilməsi barədə məlumat verilsə də, məzarının olub-olmaması məsələsinə toxunulmur. Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyasının 2-ci cildində (Bakı-2005) yazılır ki, "Bakının 11-ci Qırmızı ordu tərəfindən iğalından sonra təqibdən yaxa qurtarmaq məqsədilə şəhəri tərk edən Yusifbəyli  yolda faciəli surətdə qətlə yetirildi" (s.443).

Maraqlıdır ki, Nəsib bəyin sonraki taleyi barədə, yəni öldürüldükdən sonra nəşinin harada dəfn edilməsi məsələsinə toxunulmur.

Ancaq bəzi araşdirmaçılar fərziyyələrlə Nəsib bəyin Azərbaycanda (Kürdəmirdə, Yevlaxda və s.) qətlə yetirildiyini və gizli şəkildə Gəncədə, digərləri isə Gürcüstanda (Tiflisdə, Sığnakda) öldürüldüyünü və burada anonim bir yerdı dəfn edildiyini iddia edirlər. Rəsulzadə də Nəsib bəylə bağlı yazısında onun Sığnakda öldürüldüyünü yazmışdı. Ancaq bunlardan heç biri öz təsdiqini tapmayıb.

Nəsib bəyin qətlinin harada baş verməsi ilə yanaşı,  özəlliklə məzarının yerinin müəyyənləşməsi bizim borcumuzdur. Başqa sözlə, bu məsləyə dövlət  səviyyəsində münasibət bildirilməli və Nəsib bəyin qətlinin səbəbləri, yeri və məzarınin aşkara çıxarılması üçün işlər görülməlidir. Bu yalnız bir insanın taleyi və tarixi deyil, bir millətin və ölkənin  taleyi və tarixidir. Gəlin, keçmişimizə sahib çaxaq ki, bu günümüzü və gələcəyimizi doğru müəyyənləşdirə bilək!!!

Yeni nəsil şəhid olmuş baş nazirin məzarına qərənfillər qoymaqla onu yox, özünü şərəfləndirmiş olacaqdır!!!! Bu, ən azi simvolik məzar şəklində olsa belə, yenə də olmalıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir