Modern.az

Sloveniyada Mixaylonun xatirəsi anılıb

Sloveniyada Mixaylonun xatirəsi anılıb

Təhsil

7 May 2010, 09:57

Faşizm üzərində qələbənin 65-ci ildönümü münasibətilə Sloveniyada keçirilmiş tədbirlərdə Sovet İttifaqı Qəhrəmanı  Mehdi Hüseynzadənin  xatirəsi anılıb. Modern.az AzərTAc –a istinadən  verir ki, Mixaylonun Şempas qəsəbəsində ucaldılmış abidəsi önündə keçirilən anım mərasimində parlamenti və xarici işlər nazirliyi əməkdaşları, yerli əhali, məktəblilər və M.Hüseynzadənin silahdaşları iştirak ediblər.

Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Gəray Muradov tədbirdə çıxış edərək, Mehdi Hüseynzadənin həyatı və keçdiyi döyüş yolundan, xatirəsinin əbədiləşdirilməsi üçün görülmüş işlərdən danışıb. O bildirib  ki, Azərbaycan prezidenti İlham Əliyevin Sloveniyaya səfəri zamanı slovenlərin böyük rəğbətlə sevdiyi Mixaylonun xatirəsinin əbədiləşdirilməsi barədə razılıq əldə edilmiş və 2007-ci ildə abidənin təntənəli açılışı olmuşdur.

"Azərbaycanın igid oğul və qızlarının iştirakı ilə 65 il öncə alman faşizmi üzərində qələbə əldə edilsə də, bu gün erməni faşizmi və təcavüzü nəticəsində Azərbaycan torpaqları işğal altındadır. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesi uzun illərdən bəri davam etdirilir, lakin Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe münaqişənin diplomatiya və sülh yolu ilə nizamlanmasını əngəlləməkdədir. Təcavüzkar tərəf bilməlidir ki, Azərbaycanda Mixaylo kimi oğullar çoxdur və onlar vətən torpaqlarını azad etməyə həmişə hazırdırlar".

Nova Qoritsa şəhərinin meri Mirka Bruliç tədbirdə çıxış edərək sloven xalqına hədiyyə edilmiş bu abidəyə görə Azərbaycan tərəfinə öz təşəkkürü bildirib. Yolunun tez-tez M.Hüseynzadənin abidəsinin yanından düşdüyünü bildirən M.Bruliç ərazinin daim abad saxlandığını və önündə gül-çiçək olduğunu məmnunluqla qeyd edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi