Son illər aparılan müşahidələrə görə, Azərbaycanda gənc ailələr daha gec uşaq sahibi olurlar. Gənclər daha gec ailə qurur, ailə qurduqdan sonra daha gec uşaq sahibi olmağa qərar verirlər.
Modern.az-a müsahibə verən sosioloq Əhməd Qəşəmoğlu da bu barədə danışıb. O deyir ki, gənclərin ailə institutu barədə düşüncələri dəyişib.
"Gənclərin ailə haqqında aydın təsəvvürü yoxdur. 50 il əvvəl bu kimi düşüncələr daha konkret idisə, indi qeyri-müəyyənlik daha çoxdur. Təbii ki, burada maddi məsələlər də ciddi rol oynayır. Yeni nəsil daha yaxşı imkanlara sahib olmaq istəyir, maddi vəziyyətini yaxşılaşdırdıqdan sonra ailə həyatı qurmaq və övlad sahibi olmaq haqqında düşünürlər”, - sosioloq qeyd edib.
O, əlavə edib ki, maarifləndirmə işinin olmaması bu problemlərin həllinə imkan vermir:
“İstər orta məktəblər, istərsə ali təhsil müəssələrində ailə dəyərlərini öyrədən fənlərin tədris olunması lazımdır. Sosial işçilər ölkədə ailə inistutunun inkişafı üçün müxtəlif addımlar atmasında həvəsli olmalıdır”.
Arifə Kərimzadə