Modern.az

Azərbaycanda qiyməti bahalaşan siqaretlər Rusiya istehsallıdır

Azərbaycanda qiyməti bahalaşan siqaretlər Rusiya istehsallıdır

3 Dekabr 2013, 11:15

Tütün məmulatları qiymətinin artması siqaret çəkənlərin keyfinə soğan doğradı. Hələ bir müddət öncə bir sıra məhsulların qiymətlərində artım olacağı ilə bağlı proqnozlar verilsə də, həmin məhsullar arasında tütünün adı çəkilmirdi. Buna baxmayaraq, tütünün qiymətində 10-20 qəpik arasında artım baş verib. Qiymət artımı “Viceroy”, “West”, “LD”, “Winston”un bütün növlərində və digər populyar siqaret markalarında müşahidə olunub.

İqtisadçı-ekspert Samir Əliyev Modern.az-a bildirib ki, dünya bazarında tütünün qiymətində artım baş verməsi yerli bazara da təsir edib. “Azərbaycanda siqaret xaricdən gətirilən xammaldan istehsal olunur. O baxımdan təbii ki, bu onun qiymətinə təsir edir. Hazırda yalnız idxal olunan məhsulların dəyərində deyil, eyni zamanda yerli məhsulların qiymətində də artımlar var. Ölkə daxilində istehsal olunan siqaretin qiymətində də artımlar müşahidə olunur”.

İqtisadçı onu da bildirdi ki, Dünya Səhiyyə Təşkilatının bir sıra məhsullara o cümlədən tütünlə bağlı vergi sisteminin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirməsi tütünün qiymətinə təsirsiz ötüşməyib.

“Dünya Səhiyyə Təşkilatının açıqlamasına görə, siqaretə tətbiq olunan vergi onun qiymətinin 75%-ni təşkil etməlidir. Bu gün Avropa ölkələrinin əksəriyyətində bu göstərici 50% təşkil edir. MDB ölkələrində isə bu vergi dərəcəsi olduqca aşağıdır. Hesab edirlər ki, bu göztərici MDB dövlətlərində də artırılmalıdır. Artıq bu tendensiya gedir”.

Qiymət artımının bir səbəbi isə tütün istehsalı ilə yanaşı, idxalın da üstünlük təşkil etməsidir. “Azərbaycanın özü tütün istehsal edir, həmçinin Ukraynadan, Belarusdan siqaret idxal olunur. Həmin ölkələrdə siqaretin bahalaşması müşahidə olunur. Bütünlükdə Rusiyada siqaretə tətbiq olunan aksiz vergisinin bahalaşması tütününü qiymətinin artmasına birbaşa təsir edib. Ümumiyyətlə, Rusiya 3 illik proqram tərtib edib ki, onlar yaxın 3 ildə siqaretin bahalaşma siyasətini yürüdürlər. Digər tərəfdən siqaretə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər sonda qiymətlərin bahalaşmasına səbəb olub. Qısaca, Azərbaycanın ən böyük idxalatçısı olan Rusiyada qiymət artımının baş verməsi Azərbaycanda da tütününü qiymətini artırıb”.

Europian Tabacco ASC-nin insan-resursları meneceri Elçin Şükürov qiymət artımının onlara heç bir aidiyyəti olmadığını bildirdi. Onun sözlərinə görə, ASC tərəfindən istehsal olunan brendlərdə heç bir qiymət artımı yoxdur. “Azərbaycanda tütün istehsalı yalnız bizim şirkətə məxsusdur. Onu da deyim ki, bizim brendlərin heç birində qiymət artımı baş verməyib. Bahalaşan siqaretlər bizim istehsalımız deyil”.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə siqaretin qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmədiyini bildirdi. “Siqaretin qiymətini Tarif Şurası müəyyən etmir. Siqaretin qiyməti bazarda tələb və təklif əsasında tənzimlənir”.

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır