Modern.az

Fəzail Ağamalı: “Ötən parlament seçkisində uduzan YAP-çıların günah özlərində oldu”

Fəzail Ağamalı: “Ötən parlament seçkisində uduzan YAP-çıların günah özlərində oldu”

7 May 2010, 11:49

Modern.az saytının suallarını millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı cavablandırır.

 

 

- Fəzail müəllim, may ayı olmasına baxmayaraq, el dili ilə desək, sanki boz aydır. Sizə elə gəlmir ki, elə Azərbaycanın siyasi ab-havası da uzun illərdir boz ay dövrünü yaşayır?

- Mən belə deməzdim.Bu gün bütün dünyada təbiətdə kataklizimlər özünü göstərir, ciddi dəyişikliklər bütün qitələrdə özünü bu və digər şəkildə ifadə edir. Bu təbiətin şıltaqlığıdır. Azərbaycan siyasətində isə boz hava yoxdur. Burada hər şey aydın və şəffafdır. Müxalifətin mövqeyi, xətti bəlli. İqtidar da özünün siyasi kursunu həyata keçirməkdədir və ölkə qarşıdan gələn parlament seçkilərinə hazırlaşır. Düşünürəm ki, hazırda siyasi proseslərin başlıca istiqaməti məhz qarşıdan gələn parlament seçkilərinə köklənib.

- Amma hələ ki ölkə parlament seşkiləri ərəfəsini yaşamır...

- Mən deməzdim bu seçki ilə bağlıdır. Bildiyiniz kimi Milli Məclisdə bir müddət öncə Seçki Məcəlləsinə müəyyən dəyişikliklər edildi. Parlament seçkiləri ilə bağlı  seçki kampaniyasının aparılma müddətinin vaxtı xeyli qısaldıldı, seçkidən 2 ay öncə təbliğat və s. proseslərə icazə verilir.  Bundan qabaq isə bu məsələlərə daha çox zaman verilirdi. Bu səbəbdən hələ seçkilərə xeyli müddət qaldığına görə ümumi siyasi arenada seçki əhval-ruhiyyəsi hiss olunmur. Ayrı-ayrı partiyalar bununla bağlı müəyyən tədbirlər görmür, lakin mənə elə gəlir ki, alt qatda, pərdə arxasında, açıq da olmasa, bütün partiyaların diqqəti, fəaliyyəti, bütün potensialı qarşıdan gələn parlament seçkilərinə yönəlib. Bununla bağlı partiyadaxili tədbirlər keçirilir.

- Konkret olaraq partiyanız bu istiqamətdə hansı işlər görür?

- Ana Vətən Partiyası bununla bağlı özünün rayon təşkilatlarına tapşırıqlarını verib. Biz iyunun birinci yarısında partiyanın Ali Məclisini çağıracağıq. Orada seçkilərdə hansı formada, hansı namizədlə iştirakımızın bütün detalları müzakirə olunacaq. Konkret qərar qəbul edəcəyik. Mənə elə gəlir ki, artıq bu cür hərakat, yanaşma bütün partiyalarda var.

- Pərdəarxası işlərdən söhbət düşmüşkən, müxalifət partiyalarının bu məqamda gördüyü işlərdən xəbərdarsınızmı?

- Bu gün müxalifətin radikal qanadı daha çox xarici birjalara, xarici dəstəyə ümid bəsləyir. Bütün fəaliyyətini onun üzərində kökləyib. Buradan çıxarılan nəticə ondan ibarətdir ki, hansısa beynəlxalq təşkilat, hansısa dövlətin, hansısa qüvvələrin dəstəyi ilə hazırlamış olduğu layihə əsasında müxalifətin radikal qanadının bir hissəsi hansısa bir formada təlimatlandırılır. O təlimatların arxasında radikal addımlar da, bilmədiyimiz məqamlar da dayana bilər. Eyni zamanda bu gün müxalifətin radikal qanadı cəmiyyətdə daha çox nüfüz sahibi olmaq iddiası ilə  çıxış edir. Bu daha çox “Azadlıq” blokuna aididr. Onlar mitinq və ya piketlər vasitəsi ilə özlərini kəşf etməyə çalışırlar, həm də xarici  qüvvələrə özlərini təqdim etməyə çalışırlar ki, özlərinə pay götürə bilsinlər. Müxalifətin digər qanadı isə konstruktiv mövqədə dayanır. Mənə elə gəlir ki, onlar öz imkanları daxilində seçki prosesinə qatılacaqlar və hər partiya öz imkanı, gücü daxilində nailiyyət qazanmağa çalışacaq. Ancaq nə qədər nailiyyət qazanacaqlar, bunu öncədən demək çox çətindir. Lakin mənim üçün bir məsələ tam aydındır ki, parlament seçkilərində müxalifət ciddi, həlledici üstünlük qazana biməyəcək. Onlar yenə də əldə etmiş olduqları mandatlarla diqqəti cəlb edə bilməyəcəklər, az sayda mandata sahib olacaqlar. Mənim gəlmiş olduğum qənaət belədir. Məncə daha çox Yeni Azərbaycan Partiyası və ola bilsin ki, heç bir partiyanın üzvü olmayan, lakin bu və ya digər orqanda, rayonda, şəhərdə özünün nüfuzu ilə seçilən insanların da parlament seçkilərində üstünlük qazanmaq imkanları olacaq. Əlbəttə, bunlar ilkin müşahidələrdir. Lakin ilkin müşahidələrimdə  kifayət qədər arqumentlərim var.

- IV Çağırış Millli Məclisin necə olmasını istərdiniz?

- İstərdim ki, parlament peşəkar siyasətçilər, iqtisadçılar və  hüquqşünaslardan formalaşsın. Mən parlamentə nə Qocalar evi kimi, nə də Gənclər klubu kimi yanaşıram. Bəziləri deyirlər ki, parlament daha çox  gəncləşməlidir, bura daha çox gənclər gəlməlidir. Parlament ciddi bir dövlət strukturudur. Əlbəttə, burda o insanlar təmsil olunmalıdır ki, onlar bu və ya digər sənətin peşəkarları kimi tanınsınlar,  cəmiyyətdə az-çox nüfüzları olsun. Cəmiyyətdə tanınan,  söz sahibi olsunlar və xalqın içərisində rəğbət qazansınlar. Bunların içərisndə gənclər də, orta yaşlı insanlar da ola bilər, bunların içərisində yaşlı nəslin nümayəndələri, o cümlədən qadınlar da ola bilər.Yəni Milli Məclis  bütün bunların sintezindən əmələ gəlmiş olan bir qurum olmalıdır.

- Ömrünü başa vurmaqda olan parlamentin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Parlament hər halda üzərinə düşən vəzifəni yerinə yetirə bildi. Kifayət qədər səmərəli işlədi. Ancaq parlamentdə qanunvericiliyimizin təkmilləşməsinə tövhələr verən çox dəyərli həmkarlarım olmaqla bərabər, 5 ildə bir dəfə də olsun azğını açıb danışmayan, lakin mandat gəzdirən deputatlar da oldu. Bunu xalq görür. Onlar bir dəfə də olsun bu və ya digər məsələlərdə, ayrı-ayrı qanunların müzakirəsində, Azərbaycan dövlətinin taleyi ilə bağlı ən ciddi məqamlarda ağızlarına su alıb durdular. Belələri düşünür ki, belə də olmalıdır. Lakin mən belə düşünmürəm.

- İki çağırış Milli Məclisdə iki mandatla təmsil olunan AVP qarşıdan gələn seçkilərdə bu sayı itirmək qorxusunda deyil ki?

- Partiyanın sədri kimi bunu istəmərəm. İstəyərəm ki, bundan sonra mandatlarımızın sayı daha çox olsun. Ancaq məsələ mənim istəyimlə həll olunmur. Bunun üçün namizədliyini verənin nüfuzu önəmli məsələdir. Ona görə də biz istəyirik ki, daha çox mandatla təmsil olunaq, bu, mənim istəyimdir. Lakin mənim istəyim hələ hər şey demək deyil.

- Namizədliyinizi verəcəksinizmi?

- Belə bir fikir var. Namizədliyimi irəli sürəcəm.

- Fəzail müəllim, belə məlumatlar var ki, bu seçkidə Yeni Azərbaycan Partiyası iqtidaryönlü partiyalara kömək etməyəcək. Məsələdən xəbəriniz varmı?

- Məndə belə bir məlumat yoxdur. Etiraf olunmalıdır ki,  Yeni Azərbaycan Partiyasının mütəfiqqi olan, Heydər Əliyev siyasi kursunu müdafiə edən, dövlətçiliyə xidmət  göstərən partiyalar YAP-ın güclü dəstəyi olmadan parlament seçkilərində ciddi uğur qazana bilməz. Ancaq o nəticəyə gəlinməli deyil ki, Azərbaycanda bütün proseslər YAP-ın tam inhisarındadır. YAP Azərbaycanda ən güclü siyasi təşkilatdır. Etiraf edim ki, biz bələdiyyə, parlament seçkilərində mütəffiq olaraq YAP-ın imkanından, dəstəyindən bəshələnmişik. Eyni zamanda biz öz imkanlarımız daxilində YAP-ın namizədlərinə öz tövhələrimizi vermişik. Yəni qarşılıqlı şəkildə bir-birimizə dəstək vermişik. Əlbəttə, müqayisə etsək, YAP qədər güclü partiya deyilik ki, onun qədər seçkilərdə daha ciddi uğurlara iddialı olaq. Etiraf olunmalıdır ki, YAP ən güclü partiyadır, qarşıdan gələn seçkilərdə mənim qənaətimcə də daha çox namizəd YAP-dan olacaq. Lakin bununla bərabər YAP-ın dəstək verdiyi, öz imkanları daxilində sosial bazası ilə yardım göstərdiyi partiyalar da mandat qazanacaqlar. Bir az da açıq şəkildə desəm, tutaq ki, hansısa dairədən həm YAP-ın, həm də Ana Vətən Partiyasının namizədi var. Belə razılığa gəlirik ki, orda bizim namizədin keçmək şansı var,  o zaman YAP öz namizədini irəli sürməsin və bizim namizədi müdafiə etsin. Belə bir anlaşma indiyə qədər olubdur.

- İndi də o anlaşma qalırmı?

- YAP-ın mütəffiqi olan bir partiyanın sədri kimi aramızda hər hansı bir problem görmürəm. Heç bir problem yoxdur. Aramızda kifayət qədər intensiv xaraketer daşıyan yüksək mütəffiqlik  isti münasibətlər var. Bütün məsələlərdə biz  məsləhətləşirik. Fəaliyyətimiz əlbəttə YAP-la uzlaşdırırıq. Lazım gələnədə YAP da müəyyən məsələri deyir, biz oturub müzakirə edirik.

- Yeri gəlmişkən, ötən seçkilərdə tanınmış YAP-çı namizədlər  var idi ki, mandat sahibi ola bilmədilər. Sizcə, onlar uduzdular, yoxsa uduzduruldular?

- Bəzi adamlar seçkilərdə YAP-ın nüfuzuna söykənərək seçki prosesində fəallıq göstərmədilər, təbliğat, təşviqatla məşğul olmadılar. Yəqin ki, düşündülər ki, YAP-ın nüfuzu kifayətdir ki, bunlar seçilsin. Əlbəttə, bu düzgün yanaşma  deyil. Demək istəyirəm ki, seçilməyənlərin günah özlərində oldu.

- İndiki parlamentdə yaşlı nəsillə gənc nəslin yola getmədiyi söylənilir. Belə halla rastlaşmısınızmı?

- Ola bilsin ki, yaşlılar cavanları bəyənmir və ya əksinə. Bu həmişə olub. Ancaq mən arzulamazdım ki, yaşlı nəsil ilə gənc nəsil arasında hər hansı bir problem olsun. Gənclər gələcəyimizdir. Yaşlı nəsilə də hörmət edilməlidir. Ancaq Milli Məclisdə yaşlı nəsillə gənc nəsil arasında problemi müşahidə etməmişəm.

- İndiki Milli Məclisin fəaliyyətini müsbət qiymətləndirirsiniz, bu parlament özündən əvvəlkillərə nisbətən aktiv olmadı.

- Mənə  elə gəlir ki, III Çağırış Milli Məclis, II Çağrış Milli Məclisə nisbətən zaman baxımdan cəmiyyətin sabitləşdiyi dövrdə işlədi. Əsas qanunlar qəbul olunub, indi ən çox müzakirə olunan əlavə və dəyişikliklərdi. Uzun illərdən qalan “Təhsil haqqında” qanun bu dövrdə qəbul olunub. Konsitutsiyaya əlavə və dəyişikliklər edildi. İndiki parlamentin daha sakit, rəvan getməsinin əsas səbəbi dövlətimizin daha sabit siyasi bir sistemə malik olması ilə bağlıdır.

 

         Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir