Modern.az

“Buna nail olmayanadək məni bagışlamayın!!!” - Telejurnalist Ayaz Nizamioğlu

“Buna nail olmayanadək məni bagışlamayın!!!” - Telejurnalist Ayaz Nizamioğlu

Aktual

4 Dekabr 2013, 15:56

Ayaz Nizamioğlu

Məni bağışlayın! Bu cümlə mənim Facebook-dakı son statusum olacaqdı. Artıq qərar vermişdim. Buradakı öz səhifəmi bağlayacaqdım. Naməlum şəraitdə peyda olan virus son iki gündür mənim dostlarıma şəbəkədə problemlər yaradır. Özü də mənim profilimdən istifadə edilir və dostlarıma mesaj göndərilir. Təəssüf ki, vəziyyətdən çıxış yolunu məhz şəxsi səhifəmi bağlamaqda görürdüm ... Amma nə yaxşı ki, bu addımı atmamışam. Çünki bu gün gördüklərim məni bu addımı atmaqdan çəkindirdi.

…Gecəyədək işdə qalmalı olmuşdum . Evdəkilər buna qədər 4-5 dəfə zəng etməklə küçədəki havanın anonsu ilə məni tanış etmişdilər. Amma məni bu ərəfədə tam başqa bir mətləb düşündürürdü. Çərşənbə günü efirə gedəcək növbəti verilişimizin baş qəhrəmanının faciəvi ölümü və onun ailəsinin hadisədən 9 ay keçməsinə baxmayaraq hələ də keçirdiyi iztirablar.

Montaj otağından çıxmazdan əvvəl bir daha yekun materiallara baxmalı oldum. 11 yaşlı Pirmuradın atasının köks ötürə-ötürə , bizim kameradan gizlətməyə çalışdığı göz yaşlarını görüb bir daha kövrəldim. Bu cinayətə mən ad qoya bilmədim?! Tamah ucbatından , uşağı üçün min bir əziyyətə qatlaşan ailənin övladının qətlə yetirilməsinə necə ad qoyasan axı ? Bu qatil barəsində necə emosiyasız danışasan axı ? Bu qarışıq hisslər məni 132 saylı məktəbin qarşısına qədər tərk etmədi. Dostum Nərimanın müraciəti məni bir anlıq özümə qaytardı . O, məktəbin qarşısından “İçərişəhər” metrostansiyasuna doğru olan yeraltı keçidə işarə edərək, bir müddət əvvəl orada müşahidə etdiyimiz görüntüyə eyham vurdu : Görəsən o oğlan hələ də burada gecələyir? Bu şaxtada burada necə gecələmək olar?

O an Orman yadıma düşdü. Mərhum Pirmuraddan 10 yaş böyük Orman... Onun barəsində keçən statuslarımdan birində yazmışdım. Hətta dostlarımdan bu məsələdə yardım etməyi xahiş etmişdim. Onu yenə də yeraltı keçiddə görəndə dəhşətə gəldik. Bu soyuqda o yerdə bükülüb oturmuşdu. Hətta ayaqları donmuşdu . Qısa söhbətdən sonra biz onu özümüzlə apardıq. Metroda bir qədər özünə gələndən sonra onun “Sahil”də müvəqqəti sığınacaqda qalmasına razılaşdıq. Bunun üçün ona pul ödədik.Amma bu pul ona cəmi 2-3 gün yetər. Bütün bu gördüklərimdən sonra mən qərarıma yenidən baxdım. Öz profilimi nəinki bağlamaq, əksinə təhlükəsizlik parametrlərini gücləndirib, yenidən üzləşdiyim vəziyyətlə bağlı status yazmağa qərar verdim.
 
Əziz dostlar, bir daha təkrarlayıram. Bu oğlan kimsəsiz biridır və axşamlar “İçərişəhər” metrostansiyasınən qarşısındakı yeraltı keçiddə gecələyir. Oğlanın adı Orman Tağızadədir. Ailəsi yoxdur. 21 yaşı var. 18 yaş həddini keçdiyinə görə, internat məktəbini tərk etməli olub. Bir daha üz tuturam qələm əhli dostlarıma, bu oğlana kömək edək...
 Onun belə soyuq havada küçədə gecələməsi yolverilməzdir. Buna şahid olmaq isə əsl cinayətdir. Pirmuradı artıq qaytarmaq olmaz , amma Ormanı biz hələ də cəmiyyət üçün qazana bilərik!

İndi isə yenidən əvvələ qayıdıb müraciətimi bu dəfə fərqli formada demək istəyirəm. Bu ay sözün əsl mənasında həmrəy olaq və Ormanın, Yeni il bayramını isti ocaqda qarşılamasını təmin edək. Buna nail olmayanadək məni bagışlamayın!!!

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır