Modern.az

Müsavatçılardan Rüstəm İbrahimbəyova qarşı AÇIQLAMALAR: “Onu bütə çevirirlər”

Müsavatçılardan Rüstəm İbrahimbəyova qarşı AÇIQLAMALAR: “Onu bütə çevirirlər”

5 Dekabr 2013, 13:35

Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədr seçilməsini Şuranın Müsavat Partiyasından olan üzvləri etirazla qarşılayıb. Partiyanın başqanı İsa Qəmbər də R.İbrahimbəyovun xarici ölkə vətəndaşını əsas gətirərək bu seçimə etiraz edib.

Modern.az-a açıqlamalarında Müsavat Partiyasının funksionerləri İ.Qəmbərin rəyini düzgün addım kimi qiymətləndiriblər. Müsavat Partiyası başqanının müşaviri, Milli Şuranın üzvü Mustafa Hacıbəyli Modern.az-a açıqlamasında deyib ki, müzakirələrdən sonra partiyanın qərarı bəlli olacaq:

“Rüstəm İbrahimbəyov sədr olanda onun ikinci vətəndaşlığının olmadığını deyirdilər. Eldar Namazov da, Qənimət Zahidov da əmin edirdilər ki, onun ikinci vətəndaşlığı yoxdur. Sonra bəlli oldu ki, verilən informasiya yanlışdır”.

Divan üzvü Vurğun Əyyub da qeyd edib ki, R.İbrahimbəyovun Milli Şuraya fəxri sədr seçilməsi mənasızdır:

“O adam Azərbaycana gələ bilmir və deyəsən, gəlmək fikri də yoxdur. Müxalifətin birləşdiyi təşkilata Azərbaycanda olmayan bir adamın rəhbərlik etməsi düzgün deyil. Doğrusu, heç bilmirəm, fəxri sədrin hansı səlahiyyətləri var. Bilmədiyimiz bir şeyə niyə tərəfdar olmalıyıq. Mükafat paylamırıq ki. Rüstəm İbrahimbəyova Milli Şura ilə bağlı etdiklərinə görə təşəkkür edilərdi, bununla da hər şey bitərdi. Milli Şuranın sədri seçilib, hazırda onun səlahiyyətləri müəyyənləşdirilməlidir. İşlər bu istiqamətdə davam etdirilməlidir”.

Sabiq millət vəkili, Müsavat Partiyasının Divan üzvü İkram İsrafil də İsa Qəmbərin mövqeyini təqdir edib: “İsa Qəmbər sessiyada çıxışında Müsavat Partiyasında Milli Şura ilə bağlı bu qərarın müzakirə olunacağını dedi. Çox güman ki, Divan müəyyən məsələlərə aydınlıq gətirəcək. Mən o qənaətdə deyiləm ki, Rüstəm İbrahimbəyov Milli Şura üçün böyük işlər görüb. Rüstəm müəllimin gördüyü “böyük işlər”də özü iştirak etməyib. Daha əvvəldən demişdim ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov olacaqsa və o, ölkəyə gələ biləməyəcəksə, burada perspektiv olmayacaq. Milli Şura adı altında görülən işlər Müsavat Partiyasının və AXCP-nin fəaliyyətinin nəticəsidir”.

Divan üzvü Tural Abbaslı isə bildirib ki, Milli Şuranın yaranmasından tutmuş onun formalaşmasına qədər Müsavat Partiyası xeyli iş görüb. Buna görə də Müsavatın mövqeyi Milli Şura üçün əhəmiyyətlidir:

“Qurumda təmsil olunan bəzi qüvvələr eyforiyaya qapılırlar, elə bilirlər ki, kiminsə sözü Müsavatın sözü ilə eyni tutulmalıdır. Burada siyasi gücü önə çəkmək lazımdır. Müsavat da öz mövqeyini qoydu, bildirdi ki, partiya qurumda təmsil olunursa, onun da bəzi tələbləri ola bilər. Rüstəm İbrahimbəyov ziyalıdır, buna kiminsə şübhəsi yoxdur, amma hər halda onun siyasi çəkisini ömürlərini siyasətə həsr etmiş insanlarla bir tutmaq olmaz. Rüstəm İbrahimbəyovun bəyantları, hesablanmamış çıxışları Müsavat Partiyasını çıxılmaz vəziyyətə qoyurdu. Sessiyada bir fikir də səsləndi ki, İbrahimbəyov Milli Şurada adi üzv ola bilməz. Bu, əslində Milli Şura üzvlərini aşağılamaq deməkdir. Çünki Milli Şuranın üzvləri cəmiyyətdə tanınmış adamlardır. Milli Şura ilə bağlı ideyanı Rüstəm İbrahimbəyov verə bilər, bunu inkar etmirik. Amma Milli Şurada qazanılmış uğurların hamısını Rüstəm İbrahimbəyovun ayağına yazmaq haqsızlıqdır. AXCP və Müsavatın etdiklərini kölgədə qoymaq üçün Rüstəm İbrahimbəyov faktorunu şişirtmək istəyirlər”.

İlkin PİRƏLİ 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi