Modern.az

Bakıda sovetdənqalma problem: İNSANLARI QEYDİYYATA ALMIRLAR

Bakıda sovetdənqalma problem: İNSANLARI QEYDİYYATA ALMIRLAR

Aktual

6 Dekabr 2013, 11:48


“Qanunvericilik nəzərdə tutur ki, hər bir şəxs yaşadığı yer üzrə qeydiyyata alınmalıdır. Digər tərəfdən isə qanun qadağa qoyur ki, o şəxs qeydiyyata düşə bilər ki, həmin yerin mülkiyyət hüququnu təsdiq edən sənəd və ya order təqdim etsin. Bakı şəhəri üzrə qeydiyyata düşmək istəyən şəxs mütləq yaşadığı evin qeydiyyat vəsiqəsini, orderini təqdim etməlidir. Ya da ev sahibinin razılığını təsdiq edən sənəd təqdim etməlidir”. Bunu Modern.az-a Miqrantlara Hüquqi Yardım İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev deyir. Onu sözlərinə görə, Bakıda çoxmərtəbəli binalar istisna olmaqla, əksər fərdi tikililər icazəsiz olduğundan onların müvafiq sənədi yoxdur. Bu səbəbdən də həmin evlərin sakinləri qeydiyyata düşmə problemi ilə qarşılaşırlar. Bu o deməkdir ki, yaşayış yeri bu üzrə qeydiyyata alınmaları faktiki olaraq mümkün deyil və onlar əvvəllər yaşadıqları yer üzrə qeydiyyatda qalırlar. “Qeydiyyat olduqca əhəmiyyətli bir şeydir. Vətəndaşın dövlət qarşısında öhdəliklərini yerinə yetirməsi baxımından dövlət üçün mühüm əhəmiyyətə malikdir. Cinayətkarlığa qarşı mübarizədə bu vacibdir. Eyni zamanda dövlətin vətəndaşların qarşısında öhdəliklərinin yerinə yetirilməsi baxımından da qeydiyyata düşmə olduqca vacibdir. Təəssüf ki, Azərbaycanda xüsusilə, Bakı şəhərində hətta evi olan vətəndaşlar evi kirayə verdiyindən və vergidən yayınmaq üçün qeydiyyata düşmürlər. Kirayə müqaviləsi bağlamadan həmin evlərdə qanunsuz yaşayırlar. Bu dövlət büdcəsinə ziyan deməkdir. Bütün bunlara görə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı nizama salınmır, tədris binaların, məktəblərin, hərbi komissarlıqların işinin qurulmasında çətinliklər yaradır”.

Ə. Əliyevin fikrincə, 1999-cu ildə qəbul olunmuş qanun yenilənməlidir.

“Vətəndaşların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı bugünkü vəziyyətdə olmamalıdır. Prezident seçkilərindən əvvəl bu məsələlərlə bağlı göstəriş verildi və indi belə bir problemin olduğunu təsəvvür etmirəm”. Bunu Modern.az-a açıqlamasında deputat Çingiz Qənizadə deyib. “Ola bilər ki, ayrı-ayrı vətəndaşların şəxsi problemlərindən yaranan səbəblərdir. Tutaq ki, vətəndaş rayondan gəlib onun qeydiyyata düşməsində problemlər ola bilər və ya evi qeydiyyata alınmayan vətəndaşlar ola bilər. Bunu ümumiyə aid etmək olmaz. Qeydiyyata alınmada heç bir problem yoxdur. Problem ancaq yeni istifadəyə verilmiş çoxmərtəbəli yaşayış evlərinin qeydiyyata alınmasında ola bilər. Həmin evlər dövlət tərəfindən qəbul edilmir, sahibkarlar isə onu vətəndaşa satır və vətəndaşlar da orada faktiki olaraq yaşayır. Məhz o evlərin qeydiyyata alınmasında maneələr ortaya çıxır. Bu yolverilməzdir. Məncə, qeydiyyata dair qanuna əsasən həmin binalar dövlət tərəfindən qeydiyyata alınmasa belə, vətəndaş həmin rayon üzrə pasport qeydiyyatına alınmalıdır”.

 

Gülşən Raufqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!