Modern.az

Benzinin bahalaşması “CİP” həvəskarlarını azaldacaqmı? - Ekspert rəyi

Benzinin bahalaşması “CİP” həvəskarlarını azaldacaqmı? - Ekspert rəyi

Aktual

6 Dekabr 2013, 13:53


Benzinin qiymətinin bahalaşmasından sonra bir sıra sahələrdə qiymət artımı baş verdi. Bahalaşma ərzaqla yanaşı, xidmətlərdə və avtomobil satışına da təsirsiz ötüşməyib. Nəzərə alsaq ki, yanacaq bütün növ məhsulların maya dəyərində başlıca rol oynayır, bunun bazar qanunauyğunluğu olduğunu demək mümkündür. Növbəti ilin yanvarından bir sıra kommunal xidmətlərin də qiymətində artımlar gözlənilir. Ekspertlər isə bahalaşma dalğasının daha böyük sahəni əhatə edəcəyini deyir. Belə ki, yanacağın qiymət bahalaşması avtomobil sektorunun da “bazar”ını öldürəcək.

Milli Məclisin son iclasında deputat Qüdrət Həsənquliyevin dolayısı ilə bu məsələyə toxunması yaxın aylarda avtomobil bazarında acınacaqlı vəziyyətin yaranacağından xəbər verir. Belə ki, Q. Həsənquliyev dizel yanacağının qiymət artımına etiraz etsə də, 95 markalı benzinin qiymətini qaldırılmasının doğru olduğunu söylədi. Deputat fikrini belə əsaslandırdı: “Bakıya gətirilən bahalı avtomobillərin sayının gün-gündən artır. Kimlərsə bahalı maşın ala bilirsə, benzin pulunu da ödəyə bilər”.

Təxminən eyni fikirləri digər deputat – ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev də dilə gətirdi.

Doğrudan da indi paytaxt küçələrində irihəcmli avtomobillər üstünlük təşkil edir. Bəs benzinin bahalaşması ofroder avtomobillərə “sevgini” azaldacaqmı?

Avtomobil bazarı üzrə araşdırmaçı-ekspert Seymur Yunusov Modern.az-a açıqlamada deyir ki, yanacağın bahalaşması irihəcmli avtomobil həvəskarlarına psixoloji cəhətdən təsir edəcək. Belə ki, insanların iri avtomobil almaqdan vaz keçəcək.

“Mühərrik tutumuna görə kiçik həcmli avtomobillərə tələbat artacaq. Bu sürətli şəkildə baş verməsə də, davamlı olacaq. Ötən ildən mühərrik həcminə görə icbari sığortanın artması, texniki baxış ilə bağlı verginin artırılması və bunun ardınca benzinin bahalaşması insanları bu barədə düşünməyə vadar edəcək. Nəticədə kiçik həcmli avtomobillərə meyl artacaq. Belə avtomobillərin satışında artım olacaq”.

Ekspert hesab edir ki, qiymət artımı əsasən mühərriki 1-1,5 tutumlu avtomobillərdə olacaq. Onun sözlərinə görə, dünyada böyük avtomobil təfəkkürü artıq qalmayıb. Elə iri avtomobillər var ki, onlar çox az benzin yandırır.

“Mühərriklərə yeni texnologiyaların tətbiqi yanacaq sərfiyyatını azaldır. Artıq irihəcmli avtomobil yüksək benzin sərfiyyatı demək deyil. Bizdə texniki baxış mühərrik həcminə görə aparılırsa, Avropa Birliyində havaya daha çox zəhərli maddə atanlar daha çox vergi ödəməlidirlər. Köhnə maşın parkının yenilənməsinə səbəb olacaq”.

Gültəkin ƏLƏSGƏR   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir