Modern.az

“XİN rəhbərləri açıqlama verməməkdə düz edir” - Siyasi şərh

“XİN rəhbərləri açıqlama verməməkdə düz edir” - Siyasi şərh

7 Dekabr 2013, 10:48


“Kiyevdə nəticə olmayacağı əvvəlcədən bəlli idi. Doğrudur, Vyanada prezidentlər görüşdü və nazirlərə tapşırdılar ki, görüşləri intensivləşdirsinlər. Görüşürlər, amma nəticə yoxdur”.
Bunu Modern.az-a Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu deyib. O, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü şərh edərkən bildirib ki, bir neçə il öncədən Kiyevdə ATƏT xarici işlər nazirlərinin toplantısı olacağı bəlli idi:

“Ukrayna 2 il idi ki, ATƏT-ə sədrlik edirdi və görüş də Kiyevdə olmalı idi. O da bəlli idi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər. İki ölkənin nazirlərin arasında görüşdə müəyyən yenilik ondan ibarət idi ki, təkbətək görüş 4 saat çəkib. İkincisi, verilən açıqlamalara görə, konkret detallar müzakirə olunub. Müsbət element o sayıla bilər ki, uzun müzakirələr tərəflər arasında müəyyən fikir mübadiləsi gedib. Amma Elmar Məmmədyarovun fikirlərindən o da aydın oldu ki, əsas fərqlər aradan qaldırılmayıb. Əsas fərqlər aradan qaldırılmayana kimi irəliləyiş gözləmirəm. Dekabrın sonu ATƏT həmsədrləri bölgəyə səfər edəcəklər və gələn ilin yanvarında nazirlər yenə də görüşəcəklər. Amma buna baxmayaraq vəziyyət dəyişmir. Vəziyyət dəyişməlidir ki, danışıqlarda irəliləyiş olsun. Vəziyyətin dəyişməsi üçün böyük dövlətlər Ermənistana təzyiq etməlidirlər. Bu təzyiq yoxdur. Digər tərəfdən, Rusiya-Ermənistan ittifaqı da güclənir. Bu amilləri nəzərə alaraq deyim ki, gələn il danışıqlar intensivləşdirilsə də, real nəticə gözləmirəm”.


E. Şahinoğlu danışıqlar prosesinin detallarının açıqlanmamasına da münasibət bildirib: “Danışıqların detalları barədə açıqlama verilməməsi doğru addımdır. Elmar Məmmədyarovun dediklərindən də görünür ki, danışıqlarda ciddi irəliləyiş yoxdur. Məmmədyarov ayrı bir ifadə də işlətdi, Kazan görüşündən sonra yenə də detallar müzakirə olunmağa başlayıb. Bu dolayısı ilə o deməkdir ki, Kazan görüşündə sonra aparılan danışıqlarda, ümumiyyətlə, detallar müzakirə olunmayıb”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Kiyevdə təkbətək görüş keçiriblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi müzakirə edilib.

İlkin PİRƏLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?