Modern.az

Azərbaycan Cümhuriyyətinin ilk baş naziri: Fətəli xan Xoyski

Azərbaycan Cümhuriyyətinin ilk baş naziri: Fətəli xan Xoyski

Aktual

8 Dekabr 2013, 12:40

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru

Azərbaycan Cümhuriyyətinin liderlərindən və qurucularından, tanınmış dövlət xadimi Fətəli Xan Xoyski Cənubi Azərbaycanın Xoy şəhərindən olub, sonralar Şimali Azərbaycana - Şəkiyə köç etmiş məşhur xoyskilər nəslindəndir. 1890-cı illərdə Moskva Universitetinin hüquq fakültəsini bitirən Xoyski Gəncə, Kutaisi və Yekaterinodar (Krasnodar) dairə məhkəmələrində çalışmışdır. O, hüquqşünas kimi fəaliyət göstərdiyi dövrdə milli əməlləri ilə Qafqaz-Azərbaycan türklərinin böyük etimadını qazanmışdır. Bu etimadın nəticəsi də olaraq Fətəli xan 1907-ci ildə Gəncə Quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilmişdir.

3-xoyski1.jpg

O, Dövlət Dumasının iclaslarında «Müsəlman fraksiyası» adından dəfələrlə çıxış edərək çar Rusiyası əsarəti altında yaşayan müsəlmanların-türklərin milli haqq və hüquqlarını müdafiə etmişdir. Xüsusilə, Xoyski çar hökümətinin ucqarlardakı milli və dini ayrı-seçkilik ideologiyasına qarşı çıxmışdır. Bu mənada o, Rusiyada milli və dini ayrı-seçkiliklərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğvinə dair Dövlət Dumasına təqdim edilmiş qanun layihəsini imzalayanlar arasında olmuşdur. 2-ci Dövlət Duması buraxıldıqdan sonra (1907) Xoyski bir müddət Gəncədə andlı iclasçı kimi işləmiş, 1913-cü ildən etibarən isə eyni vəzifəni Bakıda həyata keçirmişdir.

Şübhəsiz, Xoyskinin həyatında 1917-1920-ci illər çox mühüm və önəmli yer tutur. Belə ki, 1917-ci ilin fevralında Rusiyada başlayan inqilab bütün imperiyada, o cümlədən Şimali Azərbaycanda da böyük bir dəyişikliklərə gətirib çıxartmışdır. Bu baxımdan Azərbaycan xalqının taleyini müəyyənləşdirmək yalnız çar Rusiyasının süqutu ilə mümkün deyildi. Bu zamanlarda ən vacib məsələlərdən biri də Azərbaycan türklərinin aydınlarının irəli çıxması və xalqı öz arxasınca apara bilməsi idi. Şübhəsiz, belə liderlərdən biri də Fətəli xan olmuşdu. Fevral inqilabından sonra aktiv siyasi fəaliyyətə başlayan Xoyski Milli Müsəlman Şurasının müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmiş, Ümumqafqaz müsəlmanların qurultayında iştirak etmişdir.

Məlum olduğu kimi, çar Rusiyası tamamilə süquta uğradıqdan sonra 1917-ci ilin noybarında Zaqafqaziya komissarlığı, 1918-ci ilin fevralında isə Zaşafqaziya seymi yaranmışdır. Həmin seymin tərkibinə seçilən 44 müsəlman-türk fraksiyasının üzvülərindən biri də Fətəli xan idi. Seym Zaqafqaziyanın müstəqilliyini elan etdikdən sonra onun ədliyyə naziri olan Xoyski daima Qafqaz birliyinin tərəfdarı olmuşdu. Gürcüstan Seymdən çıxmaq arzusunu bəyan edəndə bu məsələyə münasibət bildirən Xoyski demişdir: «Zaqafqaziya xalqları ümumi mənafelərinə görə bir-birləri ilə elə sıx bağlıdırlar ki, onların ayrılması asan olmayacaqdır. Əgər ayrılmaq gürcü xalqının iradəsidirsə, bizim ona mane olmağa heç bir haqqımız yoxdur. Əlbəttə, belə bir şəraitdə Azərbaycan türklərinə də müvafiq qərar qəbul etməkdən başqa yol qalmır».

Zaqafqaziya seymi dağıldıqdan sonra mayın mayın 27-də müsəlman-türk fraksiyası Tiflisdə bir araya gələrək Azərbaycan Milli Şurasını yaratdılar ki, onların sıralarında Fətəli Xan da var idi. Həmin iclasda Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Xoyski isə İcraiyyə Komitəsinin rəhbəri seçilmişdir. Mayın 28-də Milli Şuranın ilk iclasında Azərbaycan Cümhuriyyətinin müstəqidiyiyi bəyan olunmuş və müstəqil dövlətin ilk baş naziri vəzifəsinə bütün şura üzvlərinin yekdil səsi ilə Fətəli xan gətirilmişdir.

Xoyski Azərbaycan Cümhuriyyətinin baş naziri olduğu illərdə onu ləyaqət və şərəflə təmsil etmişdir. Doğrudur, onun dövründə Azərbaycan üçün xoşagəlməz bir neçə hadisə də baş vermişdir. Həmin hadisələrdən biri də İrəvanın ermənilərə güzəştə gedilməsidir. Belə ki, 1918-ci il mayın 29-da  Tiflisdə keçirilən Azərbaycan Milli Şurasının növbəti iclasında Xoyski şura üzvlərinin Azərbaycan və Erməni federasiyası ərazilərinin sərhədləri məsələsinə dair erməni milli şurası ilə apardıqları danışıqlar barədə məlumat vermişdi.  Tarixi mənbələ görə,  Xoyski məruzəsini Erməni federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazım olduğunu,  Aleksandropolun (Gümrü) Türkiyəyə keçməsindən sonra belə mərkəzin yalnız İrəvan ola biləcəyi haqqında məlumat verdikdən sonra İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruri olduğunu bildirmişdir. Həmin iclasda Azərbacan Milli Şurası İrəvanın Ermənistana güzəştə gedilməsi haqqında qərar qəbul etmişdir. Elə həmin gün (1918, 29 may) baş nazir Xoyski xarici işlər naziri M.H.Hacınskiyə rus dilində ünvanladığı məktubunda İrəvanın Ermənistana güzəştə gedilməsi ilə bağlı qismində yazırdı: «Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onalara güzəştə getdik».

Fikrimizcə, İrəvanın ermənilərə güzəştə gedilməsi indiki şəraitdə ciddi siyasi səhv sayılsa da, həmin dövrdə Azərbaycan Cümhuriyyətinin liderlərinin, o cümlədən Xoyskinin bunu etməmək üçün böyük imkanları olmamışdır. Onlar bu addımı atdıqları dövrdə Azərbaycan Cümhuriyyətinin bir əsgəri belə yox idi. Üstəlik, Azərbaycanın Bakı kimi mühüm sənaye və siyasi mərkəzi də başda olmaqla şərq hissəsi rus-erməni birləşmələrinin nəzarəti altında olduğu bir dövrdə, Azərbaycan Milli Şurasının erməni milli şurasının bu təklifi qarşısında dirənməsi vəziyyəti daha da gərginləşdirə bilərdi. Bunu, arxalarında bir sıra beynləxlaq qüvvələrlə yanaşı Sovet Rusiyasının dayandığı erməni milli şurası da yaxşı anlamış, məhz Azərbaycan üçün son dərəcə əlverişsiz bir şəraitdə İrəvanı onlardan istəmişdilər. Bunu, Fətəli xan parlamentdəki ilk çıxışında da dolayısıyla etiraf etmişdi: «Hökumətimiz öylə bir zamada təşəkkül etmişdi ki, bir kənddən o biri kəndə getmək qorxulu idi. Gecə yatanda sabaha çıxmaq ümidi yox idi. Heç kəsin irzi, namusu, canı, mali əmniyyətdə deyildi… İdarələrin adı var isə də, özü yox idi. Hərə başına beş-on addam yığıb bir hökumət, bir qanun düzəltmiş idi. Güclü olanlar özünü ağa hesab edirlərdi».

Hər halda, heç bir əskəri qüvvətə malik olmayan Milli Şura ondan fərqli durumda olan, yəni bir tərəfdə Azərbaycaın şərq hissəsində faktiki hakimiyyətə malik olan S.Şaumyanın başçılıq etdiyi bolşevik-daşnaklara, digər tərəfdən Azərbaycanın qərb hissəsində İrəvan, Naxçıvan və ona yaxın ərazilərdə işğalçılıqla məşğul olan Andranikin quldur qüvvələrinə qarşı çıxmaq üçün ciddi əsgəri qüvvəyə ehtiyacı var idi. Belə bir yeganə ümid yeri isə Türkiyə idi. Xoyski də bunu etiraf edirdi: «Daxili işlər böylə ikən Azərbaycan istiqlalı elan edilmişsə də, heç bir hökumət tərəfindən təsdiq edilməmişdi. O zaman bütün Azərbaycan tərəfindən seçilmiş Milli Komitə bu hökuməti təyin edib idarə işlərini ona tapşırdı. Məni rəis seçərək idarəyə başladıq. Türkiyə ilə sülh əhdinaməsi tezliklə bağlandı. Bununla bərabər hökumət qanun və qayda barəsində aciz idi. Zira heç bir tədbir qüvvəmiz və silahımız yox idi. Aşkar hökumət təşkil etməyə məcbur idik, lakin bunu da edə bilməzdik. Ona görə bir qüvvəyə lüzum görürdük, sülh müzakirəsi vaxtı türklərdən bir qədər əsgər almaq iltizam edildi… Bu təklif ilə başqasına müraciət etmək mümkün deyil idi. İstəsək də bir fayda olmaz idi. Türkiyə həm dindaşımız, həm də millətdaşımız idi».

Fikrimizcə, bəlkə Azərbaycan və Osmanlı imperiyası arasında hərbi əməkdaşlıqla bağlı Batum müqaviləsi iyunun 4-dən öncə imzalansaydı, məsələ bir qədər fərqli ola bilərdi. Ancaq bu da, faktiki mümkün deyildi. Belə ki, Gürcüstanın Zaqafqaziya seymindən çıxıb müstəqilliyini elan etməsi (26 may), bunun ardınca erməni milli şurasının İrəvanı Azərbaycan Milli Şurasından istəməsi (28 may) müəyyən qədər də olsa, onlar üçün bir tərəfdən gözlənilməz olmuş və hazırlıqsız vəziyyətdə yaxalanmış, digər tərəfdən Xoyskinin təbrincə desək: «Bu xüsusda çox sözlər ola bilər. Fəqət vaxta baxıb tərəziyə qoyulmalıdır ki, bu işləri hansı hökumət və nə vaxt etmişdir? Tarixi, sabiqəsi, əskər və xəzinəsi olan hökumətmi? Yoxsa iki gündə təşkil olunmuş pulsuz və əskərsiz hökumətmi?».

Bu mənada Milli Şuranın o cümlədən, Fətəli xanın rəhbərlik etdiyi ilk hökumətin böyük uğurları ilə yanaşı, onların iradəsinin zidd olan, ancaq məcburiyyət qarşısında «İrəvanın ermənilərə güzəştə gedilməsi» kimi bəzi uğursuzluqları da olmuşdur. Ancaq bu məsələ də o da nəzərə alınmalıdır ki, Milli Şura üzvləri müəyyən şərtlərlə - ermənilərin İrəvan, Naxçıvan və digər ərazilərmizdən iddialarını əl çəkməsi və müharibəni dayandırması halında belə bir güzəştə getmişdir.  Ermənilərin buna əməl etməyəcəyi təqdirdə isə Milli Şuranın həmin qərarı qüvvədən düşmüş hesab olunacaqdı.

Hər halda, Fətəli xan Xoyski və onun silahdaşları (M.Ə.Rəsulzadə, N.Yusifbəyli və b.) həmin dövrdə Azərbaycan xalqı, Azərbaycan dövləti üçün mümkün olan nə var idisə, onu da etdilər. Bununla da onlar müəyyən uğursuzluqlara baxmayaraq adlarını tarixin qızıl səhifəsinə yazdılar. Şübhəsiz, bunların arasında ən alisi Azərbaycan Cümhuriyyyətinin istiqlalı idi. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin ilk təsis iclasında Fətəli Xan Xoyski bununla bağlı çıxışında deyirdi: «Bugünkü gün Azərbaycan üçün böyük əziz mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi». Xoyskinin çıxışının ana məzmunu o idi ki, Azərbaycan xalqı artıq milli bayrağı, milli ordusu, milli dili, milli demokratiyası və sair olan müstəqil bir dövlətdir: «Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur: Millətin Hüququ, İstiqlalı, Hürriyyəti».

Xoyski parlamentdəki çıxışlarında Azərbaycanda milli-dini ayrı-seçkiliyin olmamasını dəfələrlə bəyan etmişdir. O deyirdi ki, Azərbaycandakı müsəlman türk milləti heç bir zaman bu Vətənə özlərini tək övlad kimi görməyiblər. Yəni Azərbaycan Cümhuriyyəti bütün millətlər, etnoslar üçün Vətəndir və onların bütün hüquqları və azadlıqları qorunur. Ona görə də, Azərbaycanın əsas sütunu olan türklər deyil, bütün etnoslar Milli İstiqlalı daima qorumalı və müdafiə etməlidirlər: «Hökumətin qabağında mühüm bir məsələ var isə də, o da istiqlaliyyət məsələsidir.  Bizim birinci məsələmiz budur. Buna diqqət edəcəyiz. Sizlərdə  buraya hər bir yerdən gəlmiş olduğunuz onu göstərir ki, bu istiqlaliyyət tək adamların dediyi olmayıb, bütün millətin xahişidir. Bir yerdə millətin xahişi olsa və o yerdə çalışsa, o millət azad olsa öz məqsədinə çatacaqdır».

Qeyd edək ki, bu qeyrətli Azərbaycan türk oğlu 1920-ci il yanvarın 11-də Azərbaycan Cümhuriyyətinin Paris sülh konfransının iştirakçı dövlətləri (Fransa, İngiltərə, ABŞ və b.) tanınmasını böyük sevinclə qarşılamış və bununla bağlı parlamentdəki çıxışında demişdir: «Bu yalnız bizim üçün deyil, ümum türk miləlti və türk aləmi üçün böyük bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri-millətlər on illərlə çalışmışlar. Biz isə onu az müddətdə bir il yarım içərisində qazandıq. Böylə az müddətdə istiqlaliyyətini alan bir millətin onu möhkəm saxlaycağına əminəm».

Fətəli xan  Azərbaycan Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Gürcüstana-Tiflisə getmişdir. Tiflisdə isə o, erməni daşnakları tərəfindən şəhid edilmişdi. Azərbaycan türk millətinin, Azərbaycan Cümhuriyyətinin böyük şəhid oğullarından biri olan Xoyskinin məzarı Tiflisdədir. O, yalnız Azərbaycan Cümhuriyyətinin ilk baş naziri kimi deyil, həm də şəhid baş naziri kimi də tarixə adını yazdırmışdır.  Bu mənada hesab edirik ki, onun bu gün Azərbaycanın ən böyük şəhərlərində (Bakı, Gəncə, Şəki və b.) və həmin şəhərlərin ən görkəmli yerlərində abidəsi ucaldılmalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi