Modern.az

Deputatlar hərə bir avaz oxudu, vay kasıbların halına

Deputatlar hərə bir avaz oxudu, vay kasıbların halına

Aktual

8 Dekabr 2013, 13:12

Namidə BİNGÖL

Rusiya prezidentinin bölgəyə edilən səfəri bir qədər qarışıqlığı ilə diqqət çəkdi. Rusiyanın forpostu olan Ermənistanda siyasi vəziyyətin öz məcrasından çıxması “şimal ayısı”nın əhvalına bir o qədər də təsir etmədi. Bu barədə bir az sonra ətraflı danışacam.

İndi isə keçək ölkənin siyasi durumunu silkələyən digər hadisələrə. Deyirəm qulaq gündə bir xəbər eşitməsə kar olar. Tarif Şurasının qəflətən qiymət artımı ilə bağlı yaydığı xəbərlər əməlli-başlı ortalığı qarışdırdı. Bir gecədə restoranlara pulu su kimi xərcləyənlərin nə vecinə. Vay kasıbların halına. Günə bir çörəkpulunu güclə tapanlar indi övladlarının boğazından kəsməli olacaqlar.

Bu arada, Tarif Şurasının qiymət artımına millət vəkillərinin reaksiyası fərqli oldu. Yəni hərə bir avaz oxudu. Millət vəkili Aqil Abbasın avazı isə bəzi həmkarlarından fərqli olaraq soyuqqanlı təsir bağışladı. Cənab millət vəkili qiymət artımına haqq qazandırıb. Qardaş Türkiyədə vaxtaşırı qiymətlərin qaldırılmasını əsas gətirməklə Azərbaycanda da bunun normal olduğunu, qiymətlər qalxdıqca maaşların artdığını da deyib. Təbii, qardaş ölkədə bu normal ola bilər. Unutmayaq ki, bura Azərbaycandır. Qiymət artımı ilə bağlı Tarif Şurasının qərarı nəticə etibarı ilə maaşların artımına gətirib çıxaracaqsa, deməli, madiyyata bağlı olan digər istəkləri sadəcə büküb zibil qutusuna atmaq lazımdır. Belə çıxır ki, kasıbın çörəkdən başqa komfort həyat haqqında düşünməyə ixtiyarı yoxdu.

İnsafən deyim ki, Tarif Şurasının qiymət artımına qarşı etiraz səsini ucaldan millət vəkilləri də tapıldı. Fazil Mustafa qiymət artımı ilə qətiyyən razı deyil. İqbal Ağazadə də, Sabir Rüstəmxanlı da həmçinin.

Tarif Şurasının qərarı siyasi düşərgənin müxalifət blokunu da silkələdi. ALP-nın lideri Lalə Şövkət bu cür siyasətin əvvəl-axır sosial partlayışla nəticələnəcəyini dilə gətirməklə hökuməti bu yanlış qərarın ləğvinə çağırdı. Bu arada Milli Şura nümayəndələri bir araya gəlməyə macal tapdılar. Yəni oğuz igidlərinin toplantısı əməlli-başlı qarşıdurma yaratdı. Biri dedi, oxu, biri dedi oxuma. Məncə, qol qaldırıb oynamaq hamısından yaxşıdır. Bir tərəfdən də Milli Şuranın növbəti sessiyasında Rüstəm İbrahimbəyov üçün “əlvida” mahnısı oxundu. Deməli, yeni sədr seçilən Cəmil Həsənli üçün qol qaldırmağa dəyərdi. Di gəl ki, qiymət artımı ilə bağlı xəbərlərin yayılması hər kəsin oynamaq arzusunu ürəyində qoydu. Yeri gəlmişkən, Eldar Namazov da Milli Şuranın icra aparatının rəhbəri vəzifəsindən birdəfəlik imtina elədi. Bu arada, müxalif qüvvələrin daxili qarşıdurması soyuq müharibə ab-havasına qədəm qoymaqdadır. Deyilənlərə görə, Rüstəm bəyin şura sədrliyindən imtina etməsi yeni bir qurum yaratmaq istəyi ilə bağlıdır. Guya, Milli Şuraya sədrlik məsələsində aktivlik nümayiş etdirdiyindən məgər yenisinə ehtiyac varmış. Bilmirəm, düzünə baxıb deyim, yoxsa əksinə nəsə söyləyim. Amma öz aramızdı, sağdan da baxsam, soldan da baxsam, Milli Şuranın “gizlənpaç oyunu”ndan baş aça bilmirəm.

Yeri gəlmişkən, Milli Məclisin bu həftə keçirilən sessiyasında qalmaqal yaşandı. Fazil Mustafa ilə Oqtay Əsədovun sözü çəp gəldi. Sən demə, Milli Məclisdə hər sessiya zamanı çıxış üçün söz alan Fazil bəyin danışıq yerinə göz dikənlər çox olur. Bu dəfə də eyni hadisə Fazil bəyi əlavə söz deməyə vadar elədi. Bu arada, Oqtay Əsədov da dedi deyəcəyini. Fazil bəyin etiraz səsini digər deputatlara qarşı təhqir hesab edən cənab spikerə Fazil bəyin də cavabı çox yumşaq oldu. Zarafat edirdim. Millət vəkilindən zarafat qəbul etməyən spiker yaman əsəbiləşdi. Məncə, burda nə var ki. Bir şakadı da edib.

İndi isə keçək həftənin əsas görüşünə. Rusiyanın “şimal ayısı” Qafqaza bir günlük səfər etdi. Rusiya prezidentinin Ermənistana edilən səfərinin vaxtı qısa olsa da, səfərə etiraz edənlərin sayı münasibətlərin istiliyini şübhə altına qoydu. Ermənistanın Gümrük İttifaqına üzv olmasına çalışan Rusiya erməni xalqının etirazına tuş gəldi. Maraqlıdır ki, indi Ermənistanda Putinə arxa çevirənlərin prezidenti Serj Sarkisyan xalqın yox böyük qardaşının yanındadır. İrəvana deyil, məhz Gümrüyə səfər edən Putinin gözləntiləri çox idi. Görüş iqtisadi maraqları deyil, hərbi ağırlığı ilə diqqət çəkdi. O zaman Rusiyanın forpostu kimi tanınan Ermənistanda əhalinin maddi rifahı o dərəcədə normadan artıqdır ki, ölkənin iqtisadi gücünün müzakirəsinə ehtiyac yoxdu?
Maraqlıdır, Ermənistanda özünü “regionun ağası” hesab edən Rusiyanın hərbi güc tətbiq etməsi Qafqazda müharibə qoxusunun olmasından xəbər vermir ki? Məsələnin bir başqa tərəfi də var. “Gəmidə oturub gəmiçi ilə dava eləmək”. Sələflərinin işinə sadiqlik nümayiş etdirən Putin ayaqüstü kiçik qardaşını ziyarət etməklə, Qafqazda yerləşən digər iki dövlətə də sətiraltı mesaj göndərməyi unutmadı. Mövqelərini Cənubi Qafqazda daha da möhkəmləndirmək niyyətində olan Putin “biz heç vaxt Qafqazdan getməyəcəyik” bəyanatını verməklə, doğurdan da, sələflərinə sadiq olduğunu ortaya qoydu.
Bir tərəfdən də Qərb və ABŞ-ın Cənubi Qafqaza doğru strat götürməsi Rusiyanın maraqlarını regionda arxa plana ata bilər. “Şimal ayısı”nın “yağlı tikə”sinə çevrilən Cənubi Qafqazı əldən vermək isə sadəcə, sadəlövhlük olardı. Əcəba, Qafqazda siyasi ilişgilərin artan sıxlığı bölgədə xristian din bərabərliyinin mövqeyini önə çəkmir ki?! Və yaxud da, son günlər Gürcüstanda azərbaycanlılara qarşı torpaq müharibəsi nəyə işarədi? Hər halda, regionda sülh siyasətinə xüsusi önəm verdiyini vurğulayan Rusiya prosesin uzanmasına qarşı maneçilik missiyasını da əldən vermir. İşğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında razılaşdırılmaya dair danışıqların aparılması isə nəticəsizdir. Hər halda, baş verənlər onu deməyə əsas verir ki, region soyuq müharibənin astanasındadır. Qərb, ABŞ, Rusiya və Türkiyənin maraqlarının Cənubi Qafqazda toqquşması siyasi proseslərin axarına kölgə sala bilər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi