Modern.az

Qüdrət Həsənquliyev: "Hökumət ərazilərimizin işğaldan azad edilməsi üçün çevik siyasət yürütməlidir"

Qüdrət Həsənquliyev: "Hökumət ərazilərimizin işğaldan azad edilməsi üçün çevik siyasət yürütməlidir"

8 May 2010, 19:00

 

Mayın 8-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mərkəzi qərargahında BAXCP Ali Məclisinin növbəti sessiyası keçirilib.

Ali Məclis öz işinə Azərbaycan Respublikasının dövlət himninin oxunması, Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün uğrunda şəhid olan soydaşlarımızın və Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Sessiyanı açıq elan edən Ali Məclisin sədri Mikayıl Rəhimov gündəliyə ictimai-siyasi vəziyyət, parlament seçkilərinə hazırlıq və cari məsələlərin müzakirəsinin təklif olunduğunu bildirib.

Gündəlikdə duran məsələlərlə bağlı məruzə edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev ölkədə və dünyada baş verən proseslərə münasibətdə partiyanın mövqeyini açıqlayıb. BAXCP sədri diqqəti daha çox Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə yönəldib. Qüdrət Həsənquliyev bir daha bəyan edib ki, Madrid prinsipləri bütövlükdə Azərbaycanın maraqlarına cavab vermir və hökumət ərazilərimizin işğaldan azad edilməsi istiqamətində daha çevik siyasət yürütməlidir.

BAXCP sədri partiyanın illər öncə təklif etdiyi bir çox məsələlərin bu gün Azərbaycan rəsmiləri tərəfindən də dilə gətirilməsinə müsbət yanaşdığını vurğulayıb: "BAXCP fəaliyyətə başladığı ilk gündən Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı xeyli təkliflər irəli sürüb. Bu təkliflərdən biri və bəlkə də ən önəmlisi Azərbaycanla Türkiyə arasında qarşılıqlı hərbi-strateji əməkdaşlıqla bağlı olan məsələdir. Ümid edirəm ki, bu məsələnin həyata keçirilməsi istiqamətində hər iki dövlət təxirəsalınmaz addımlar atacaqdır. Biz eyni zamanda Azərbaycanla Türkiyə arasında viza rejiminin də tez bir zamanda aradan qaldırılmasını arzulayırıq".

BAXCP daha sonra partiyanın parlament seçkilərinə hazırlığı ilə bağlı məsələlərə münasibətini bildirib. BAXCP-nin bu seçkilərdə bütün imkanlarını səfərbər edərək iştirak edəcəyini vurğulayıb.

BAXCP sədrinin çıxışından dərhal sonra partiyanın baş katibi, Seçki Qərargahının rəhbəri Söhrab Abdullayev partiyanın seçkilərə hazırlığının son durumu ilə bağlı Ali Məclis üzvlərinə ətraflı məlumat verib və hazırda Seçki Qərargahı tərəfindən 72 nəfərin namizədliyinin qeydə alındığını deyib. Söhrab Abdullayevin sözlərinə görə, BAXCP tərəfindən namizədliyinin irəli sürülməsini istəyən çoxlu sayda insan var ki, oların müraciətlərinə hələ partiyanın seçkili orqanlarında baxılmayıb. Bu səbəbdən, namizədlərin sayının 72 nəfərdən daha çox ola biləcəyi mümkündür.

Sessiyanın sonunda müzakirə olunan məsələlərlə bağlı qərar qəbul olunub.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir