Modern.az

Xaraktersiz yağış

Xaraktersiz yağış

Aktual

10 Dekabr 2013, 12:44

Duyğusal bir gecəydi. Akademik Milli Dram Teatrında Məmməd Arazın 80 illik yubileyi qeyd olunurdu. Məmnuniyyətlə getdiyim tədbirlərdən biriydi. İndi Azərbaycan ədəbiyyatından bəlkə də xeyli uzağam, mütaliəm daha çox Avropa, Güney Amerika ədəbiyyatı üzərindəndir. Bununla belə, unutmamışam ki, düşüncələrimizin, dünyagörüşümüzün şəkillənməsində izlər buraxan bir neçə şairdən biridir Məmməd Araz...

Ötən əsrin 70-ci illərindən ədəbiyyatın çöhrəsində çox sayda epizod gözəlliklərini xatırladan şairlər oldu, ancaq üç şair vardı ki, bunlar qalıcı bir aura yarada bildilər. Yəni bunlar ayrılıqda bir fəsil deyil, bir mövsüm deyil, bütün mövsümlərin sintezi kimi bir geniş vaxt məfhumunu əhatə edən şairlərdir. Əli Kərim, Məmməd Araz və Ramiz Rövşən - mənim şüuraltımda oturan bu adlardır. Başqalarının haqqına girmiş olmayaq, bəlkə kimin üçünsə daha parlaq istedadlar var. Burada söhbət istedaddan da fərqli olan qalıcı bir söz aurasından gedir, fikrimcə. Məmməd Araz şeirini dinləyərkən, oxuyarkən, nədənsə bir usta heykəltəraşın sözü daş kimi lay-lay yonması gözümdə canlanır. Və həmin gecədə səslənən şeirlərdə misra-misra heyrətləndiyimiz məqamlar az olmadı. Ancaq üzərində durmaq istədiyim əsas məqam bir az qəribə görünəcək.

Bir neçə tanış şeiri dinlərkən, gözəl qiraətçilərimiz bədii pafosun imkan verdiyi bütün ölçülərdə zala xitabla

“Ayağa qalx, Azərbaycan, səninləyəm!”

deyə son misraların səslənişi ilə insanlara baxdılar. Bizlər hərarətlə alqışladıq... və qiraətçini pərt salarcasına ayağa qalxmadıq. Ardınca başqa bir şeirin həqiqətən gözəl bir çağırış ruhu insanı titrətməyə başladı:

“Azərbaycan” deyiləndə, ayağa dur ki
Ana Yurdun ürəyinə toxuna bilər.

Yenə də içdən alqışlama... Və yenə də kimsə yerindən tərpənmədi. Bəlkə də çoxlarının ürəyindən bu çağırışlara ayağa qalxmaq istəyi keçmiş ola bilir, ancaq kimsə birinci olaraq seçilməmək üçün duyğusuz yanaşmaya üstünlük verdi. Əlbəttə, Rusiya və Türkiyə tok-şoularını seyr edən insanlar bu kimi epizodlarda tamaşaçıların necə komplekssiz davrandıqlarını misal çəkərək, bizlərin sərbəst ictimai davranış mədəniyyətimizin aşağılığından söz açmaqda haqlı sayıla bilərlər. Yaxud da “Azərbaycan xalqının nə heyi qalıb ki, ayağa da qalxsın” deyənlər də tapılacaq.

Yanımdakı dostlardan biri şeirin yaydığı həyəcanla söylədi ki, “bu şeiri hər gün televiziyadan səsləndirsələr, yaxşı olardı, bütün Azərbaycan ayağa qalxıb torpaqları azad etməyə yollanardı”. Mən isə ilk dəfə idi bu zalın, bu Azərbaycanın emosional çağırışa ayağa qalxmamasını məmnuniyyətlə qarşılayırdım. Xaraktersiz cəmiyyətlərin bəlkə də ən zəif tərəfi bu cür pafosa, keçici həyəcana aludə olaraq ayağa qalxıb epizodik cəsarətliliyi qəhrəmanlıq olaraq görməsidir. Dopinq bitən kimi, hər şey öləziyərək əvvəlki vəziyyətinə qayıdır. Biz bu gün dağları uduzmuşuq və tipik dörd milyonluq Bakı və Aran xalqıyıq. İrəlidə isə dağlıq relyefdə yaşamağa üstünlük verən bir düşmənlə həlledici savaş gözləyir bizi. Xarakteri formalaşdıran ən təbii faktor sərt dağ şəraitidir. Özümüzü Quzey Qafqaz xalqları ilə müqayisə edərsək, nələrin daha çox çatışmadığını rahatlıqla təyin edə bilərik.

Gələcəyi düşünməyə idrakımız yetmədiyindən, yalançı tarix xəstəliyinə tutulmuşuq və bu, bizdə əsassız özündənrazılıq yaradıb. Qəhrəmanlıq tarixindən dəm vuran hansısa birimiz niyə özümüzə bir dəfə də olsun səmimi sual vermirik ki, Nuru Paşa gəlib xilas etməsəydi, biz indi kim idik və haradaydıq? İndi bu sözlərdən sonra yenə də çıxıb mənə Məlikməmmədin nağılını danışacaqlar, ancaq unutmasınlar ki, elə bu nağılda da xaraktersizlik nisbətimiz ikinin birədir. Biz çoxluq olaraq dinin İman arayışında deyilik, dinin tarix çölündə boş-boşuna girələnirik. İmanı natamam bir toplumun sabit xarakteri necə formalaşa bilər? Demokratiya yönündən də işimiz ürəkaçan sayılmaz. Tanrının verdiyi bir dövlət qurma fürsətində bunu yaşam meyarımıza zərrə qədər də yerləşdirə bilmədik. Ona görə də sabit xarakter daşıyıcısı, faydalı dəyərlər daşıyıcısı olmayan bir insanın, bir xalqın, toplumun, ulusun emosional çağırışlara ya zəlzələdən, ya vəlvələdən ayağa qalxmaması, hazırlıqsız vəziyyətdə daha ciddi itkilərdən az da olsa, qorunmasını təmin edir.

“Ayağa qalx, Azərbaycan, səninləyəm!” Məmməd Arazın yanğılı çağırışıdır bu. Ancaq Qarabağı hazırsızlıq, biganəlik, xaraktersizlik üzündən itirmiş bir insan yığınının hansı qulağı eşidir ki? Qulağı eşitməyən, dili olmayan, gözü görməyən əzmkar insanlara rast gələndə, bir də özümüzü - Azərbaycanı düşünün. Franklin Ruzvelt təkərli arabada ayağa qalxa bilmirdi. Ancaq Amerika Birləşmiş Ştatlarını pafossuz ayağa qaldırdı. Bu, təkcə onun hünəri deyildi. Qarşısında həm də uğur qazanma xarakteri olan bir cəmiyyət vardı...

Duyğusal bir gecəydi. Dekabr ayında qara bənzər yağış yağırdı. Yağışın da xarakteri itmişdi sanki...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar