Modern.az

Murad Əliyev: “Ən maraqlı müsahiblərim Şenes Erzik, Leonid Kravçuk, Emin Ağalarov olub” – MÜSAHİBƏ KLUBU

Murad Əliyev: “Ən maraqlı müsahiblərim Şenes Erzik, Leonid Kravçuk, Emin Ağalarov olub” – MÜSAHİBƏ KLUBU

11 Dekabr 2013, 13:06

Femida.az portalının yaratdığı “Müsahibə Klubu” facebook qrupunun növbəti qonağı müstəqil jurnalist Murad Əliyevdir. Jurnalsit həmkarlarının M.Əliyevə ünvanladığı sualları və onun maraqlı cavablarını diqqətinizə çatdırırıq. 

TƏRCÜMEYİ-HAL: 

Murad Əliyev. 1985-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib (2001-2007). Mətbuatdakı ilk iş yeri “Olaylar” İnformasiya Agentliyində tərcüməçi vəzifəsi olub. Jurnalist kimi 2006-cı ildə “Turan” İnformasiya Agentliyində işə başlayıb (Maliyyə redaksiyası), sonradan “Trend” Beynəlxalq İnformasiya Agentliyində çalışıb (2009-2013 Parlament müxbiri). Hazırda özəl sektorda çalışır və müstəqil jurnalist kimi fəaliyyətini davam etdirir.

Azər Sarıyev (MSK Katibliyinin Katibliyinin Media və İctimai əlaqələr şöbəsinin müdiri): – Xəbərçilikdən birdən-birə uzaqlaşmağının səbəbi nə oldu?

- Bəlkə də xəbərçilik prosesindən uzaqlaşmışam, amma mətbuatdan əsla! Jurnalistika elə peşədir ki, ondan fiziki qopmaq olar, amma ruhən çətin. Bu səbəbdən də qələmlə – indiki zamanda klavyatura ilə – bağlı fəaliyyətimi müxtəlif mətbuat vasitələrində yazılarla davam edəcəm. Aktiv jurnalistikadan uzaqlaşmağımın səbəbi isə şəxsi biznes layihəmlə bağlıdır. Hələlik kiçik həcmli olsa da, inkişaf etmək üçün xeyli diqqət, vaxt və səy tələb edir. 4 ildən çox çalışdığım agentliyin iş tempi ilə də bunu etmək mümkün deyildi. Seçim etmək zamanı idi və uzun götür-qoydan sonra seçimi etdim… 


Azər Mustafayev (“Ülfət” qəzeti): – Yəqin fikirləşirsən ki, təzə bir süjet yaradasan. Jurnalist kimi nəyi əldə edə bilmisən? 

-Yeni süjetlər barədə daim düşünürəm. Bax elə indi də bir neçə süjet var fikrimdə. Amma süjeti ərsəyə gətirmək də qızıldan qiymətli olan vaxt tələb edir. Jurnalist kimi isə böyük həyati təcrübə əldə etmişəm. Söz var: çox gəzən çox bilər. Mənim də işim daim ofisdən kənarda, səfərlərdə, müxtəlif tədbirlərdə olduğundan, dünyaya daha geniş bucaq altından baxmaq fürsətim olub. Digər tərəfdən, bu günün ən bahalı neməti informasiyadır və uzun illər informasiyanın bişdiyi qabda olmaq qiymətsizdir. 

Ramil Məmmədli (Aznews.az): – Siqaretə olan sevgin nədən qaynaqlanır? 

-“Sevgi” sözü mənim anlamımda o qədər müqəddəsdir ki, onu siqaretə, yeməyə, içkiyə və digər maddi nemətlərə aid etmirəm. Ola bilsin, bir sıra şəkillərdə əlimdə siqaret gördüyündən soruşursan, bu da sadəcə ona görədir ki, çəkdiyimi fotokameradan gizlətmirəm. Digər tərəfdən, siqaretə bir bənzətmə də aparmışam, amma bu barədə təqdimat hazır olanda deyərəm…

 

Kamil Həmzəoğlu (Gün.az və “525-ci qəzet”): – İndiki reallıqlarda digər sferada çalışmaq yaxşıdır, yoxsa jurnalistikada?

- Kamil, yaxşı və ya pis olmasına fərqli rakurslardan baxanda müxtəlif cavablar vermək olar. Əgər maddi baxımdan deyirsənsə, özəl sektorda, dövlət işində çalışmaq daha gəlirlidir. Amma mətbuatda olduğum müddətdə bir neçə dəfə şansım olsa da. nə özəl sektora, nə dövlət qulluğuna keçmədim. İqtisadiyyatdan yazan vaxtlar sığorta şirkətində, bankda işləmək təklifindən imtina etmişəm, sonradan dövlət qulluğuna qəbul imtahanlarında müəyyən uğur qazanmağıma baxmayaraq, sona qədər davam etmədim. Çünki mətbuatdakı yaradıcı işdən uzaqlaşıb mexaniki işlə məşğul olmaq çox çətindir. Buna görə də mətbuata bəzən “şirin bataqlıq” deyirlər. Lakin mən bütün bunları deyərkən mətbuatda jurnalist kimi çalışan, əsas məqsədi xəbər, məqalə hazırlamaq olan insanları nəzərdə tuturam. Bu işlə vəzifəyə getmək üçün, alternativ yollarla pul qazanmaq üçün məğul olanların da sayı az deyil – onları nəzərdə tutmuram. O, bir başqa “peşədir”. 

Ramil Məmmədli (Aznews.az): – Mətbuat sənə nə verdi və nə aldı? 

Şəhriyar Əlizadə (APA): – Ən böyük qazancın nə oldu bu jurnalistika peşəsindən? 

- Mətbuat ilk növbədə mənə xeyli sayda dəyərli yoldaşlar, maraqlı insanlarla tanış olmaq fürsəti verdi. İnsan qazanmaq böyük kapitaldır və şükürlər olsun ki, mənim bu baxımdan qazancım itkilərimdən qat-qat çox oldu bu illər ərzində. Digər tərəfdən, böyük təcrünə verdi. Misal üçün, Azərbaycanın ən nüfuzlu ali məktəblərinin birində iqtisadiyyat sahəsi üzrə 4 il bakalavr, 2 il magistr təhsili aldıqdan sonra “Turan” İnformasiya Agentliyinin maliyyə şöbəsində çalışdığım birinci ildəcə 6 ildə oxuduğumdan daha çox praktik bilik əldə etdim. Sonradan “Trend” İnformasiya Agentliyində parlament müxbiri kimi çalışdığım zaman qanunvericilik sahəsini dəqiqliklə araşdırmağa başladım. Mətbuat nəyi aldı?… Mən adətən itkilərimə çox həssas yanaşıram. Amma məncə, aktiv jurnalistikanın verdiyi təcrübə bütün itkiləri kompensasiya edir. 

Hafiz Heydərov (APA): -  Bildiyim qədərilə sən mediadan uzaqlaşıb özünə şirkət qurmusan. Gələcəkdə bu şirkəti Azərbaycan hüdudlarından kənara çıxarmaq kimi bir planın varmı? 

- Hafiz, həyata keçirdiyim layihə ABŞ-da 5-6 il əvvəl yaranıb və qısa vaxtda dünyanı əhatə edib. Biz də Rusiya və Türkiyə təcrübəsini öyrənmişik. Əsas məqsəd insanların puluna qənaət etməsini, eyni zamanda müxtəlif sahibkarların reklamını təmin etməkdən ibarətdir. Bu səbəbdən şirkətin xidmətlərinin ölkə hüdudlarından kənara deyil, ilk növbədə ölkənin regionlarına yaymaq daha məqsədəuyğundur. Lakin Bakı və regionların inkişafının kəskin fərqlənməsi bunun üçün uzun vaxt alacaq.

Mübariz Aslanov (APA): – Sən peşəkar rusdilli jurnalistlərdən birisən, gələcəkdə ən azı MDB ölkələri üzrə yeni bir media şirkəti açmaq fikrin varmı? 

-MDB ölkələrini bir media şirkətində birləşdirmək? Putinin ideyalarına dəstək hiss etdim (gülür). Fikrimcə, MDB informasiya məkanı artıq bir-biri ilə uzlaşmayacaq hissələrə parçalanıb. Amma Azərbaycan üçün strateji əhəmiyyət daşıyan hər hansı bir ölkə ilə vahid informasiya mərkəzi yaratmaq həm maraqlı, həm də faydalı olardı. Rusiya və Türkiyə ilə bağlı kifayət qədər belə media qurumları var, ona görə bizim üçün böyük əhəmiyyət kəsb edən digər ölkələrə nəzər yetirmək olar. 

Mübariz Aslanov (APA): – Beynəlxalq media qurumlarından təklif alsan qəbul edərsənmi? Məsələn BBC-dən… 

-Məncə, əsas məsələ insanın məqsədi və bu yolda nə qədər fədakar olmağıdır. Böyük qurumlardan təklif o zaman gəlir ki, bunun üçün özünü hazırlayırsan. Xarici media qurumları jurnalisti daha dar çərçivəyə salır. Bir dəfə, bir azərbaycanlı iqtisadiyyat müxbiri Avropada nüfuzlu bir informasiya agentliyində təşkil olunan kursa dəvət alır. Orada soruşurlar ki, hansı sahə üzrə yazırsız, fəxrlə deyir ki, iqtisadiyyat sahəsi, sənaye şöbəsi – yəni ki, ixtisaslaşma var… Bir az keçmiş həmin agentliyin bir müxbir yanından keçir, bizim jurnalist soruşur ki, sən hansı sahədən yazırsan, o cavab verir – toyuq budundan… Yəni, biz adətən xarici media qurumu deyəndə etiraz aksiyalarını işıqlandıran, dövlət başçılarından müsahibələr götürən jurnalistləri təsəvvür edirik. Əslində isə bu, aysberqin görünən tərəfidir.

İlkin Piralı (Modern.az): – Hansı jurnalistlərin imzasını daha çox izləyirsən? 

-İndi facebook “informasiya agentliyi” bütün mətbuatdan seçib ən dəyərli yazıları, mühüm xəbərləri təqdim edir. Konkret ad çəkə bilmərəm, amma bir çox dəyərli yazarlar var ki, qonorar üçün deyil, ona toxunan məsələ olanda möhtəşəm yazı təqdim edir. Ona görə, çalışıram sətirarası olsa da yazıları gözdən keçirim – marağımı cəlb edəndə başdan ayağa diqqətlə oxuyuram. Həm də, bu facebook, twitter gündəmə gələndən lakoniklik əsas meyara çevrilib ki, buna da çox sevinirəm. Bəzən bir cümləlik status 2 səhifəlik yazının deyə bilmədiyini izah edir. Bir də təəssüfləndiyim məqam var ki, bəzi həmkarlarımız öz fəaliyyət istiqamətinin dəyişməsi ilə bağlı yazılar təqdim etmirlər. Misal üçün, Pərvin Abbasovun cəmiyyət problemləri ilə bağlı maraqlı yazıları olurdu, Samirə Nəcəf mədəniyyət sahəsinə aid tədbirlərə, şəhərin memarlığı və incəsənətinə aid məsələlərə tam başqa bucaqdan baxmağa vadar edirdi. Bəlkə də təəssüfüm daha çox ona görədir ki, özüm də yalnız xəbərçiliyə aludə olub yazı işini özümdən uzaqlaşdırmışdım. Amma artıq düşünürəm ki, qayıtmaq olar.

Elçin Mehdiyev (“Trend” BİA) Mətbuat qrupu yaradıb bir çox səfərlər təşkik edirdiniz. Niyə son vaxtlar passivlikdir? Yoxsa sən daha o işlərlə məşğul olmursan?


Seymur Qasımbəyli (ictnews.az): Murad, mətbuatdan uzaqlaşdığını bildik. Bəs Mətbuat Qeyri-rəsmi jurnalist qrupundan necə? Tədbirlər, təşkilatçılıq yenə davam edəcək? 

“Mətbuat Qeyri-rəsmi” qrupu unikal bir birlikdir – jurnalistlər heç bir QHT yaratmadan, üzvlük haqqı-filan ödəmədən, özləri öz istirahətini təşkil edir, dar günündə bir-birinin yanında olur. Bu qrup yaranan gündən mən də daha aktiv təşkilatçılıq işlərinə qoşuldum. Yəqin bu səbəbdəndir ki, indi qrupla bağlı sual ünvanlanan kəslərdən biriyəm (gülür). Amma qrupun hər bir üzvü aktiv olsa daha yaxşı olardı – mənim müəyyən səbəblərdən təşkilatçılıq işləri üçün vaxtım yoxdursa, digər jurnalist yoldaşlar bu boşluğu doldursunlar. Yəni burada heç kimin məqsədi pul qazanmaq, və yaxud qrant yemək deyil – biz işdən əlavə ünsiyyətimizi təmin edirik. İndi, kim nə təşkil etmək istəyirsə məni də siyahıya yazsın. 

Pərvin Abbasov (Femida.az): – Yazdığın ən maraqlı xəbər hansı olub? 

- Yazdığım xəbər ictimaiyyət üçün maraqlı ola bilər, mənim üçün elə də yox və yaxud mənim üçün maraqlı ola bilər, ictimaiyyət üçün yox. Sözsüz ki, bütün mətbuat üçün yeni mövzular məhz informasiya agentliklərində istehsal olunur. Bu səbəbdən “Trend” İnformasiya Agentliyində çalışdığım zaman qarşıya qoyulan əsas vəzifə hər gün yeni mövzu, yeni xəbər axtarmaq olub. Misal üçün, 2009-cu ildə bizim redaksiyada soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı xəbər istehsal olundu, hansı ki, sonradan bütün ölkənin gündəmini tutdu. Və beləcə, bütün 4 ilin hamısı yumşaq desək “istehsalatda” çalışmışam. Lakin özüm üçün ən maraqlı müsahiblər UEFA vitse-prezidenti Şenez Erzik, Ukraynanın keçmiş prezidenti, SSRİ-nin “evini yıxan” 3 şəxsdən biri olan Leonid Kravçuk, dünyada orijinal etiraz nümunəsi göstərən FEMEN təşkilatının ən fəal aktivisti Yulia, təqdimata ehtiyac duymadığım Emin Ağalarov olub. 

Günel Əbilova (Qafqazinfo): – Murad, sən o jurnalistlərdənsən ki, həmkarların həmişə səndən razılıq edib. hələ görməmişəm ki, kimsə səni pisləsin. Jurnalist Murad Əliyevlə sıravi Murad Əliyev arasinda nə fərqlər var? 

- Allah səndən də razı olsun Günel! Heç vaxt çalışmamışam fəaliyyətim zamanı özümü digər tərzdə aparım, real olduğumdan fərqli görünüm. Bəlkə də bəzi vaxtı bu lazımdır – qarşındakı insan səndən möhtəşəm təqdimat, özün haqda şişirdilmiş təəsürat yaratmanı gözləyir. Bu mənlik deyil. Mən daha çox ruh insanıyam. Mənəvi dəyərləri, incəsənət eşqini isə şişirdib təqdim etmək insanı gülünc vəziyyətə qoyur.

İlkin Əhmədov (İnterfax-Azərbaycan): Murad, səni muradına çatrdıran kim və ya nə olub (olacaq)? Qarşıdan at ili gəlir. Proqnozların? 

- Başlayım valideymlərimdən, ilk müəlliməm İrina Yuryevnadan. Sualın “olacaq” hissəsinə isə cavab verməyə çətinlik çəkirəm – həyat ona görə maraqlıdır ki, daim yeni sürprizlər vəd edir. At ilində bircə arzum ola bilər ki, qiymətlər “at belinə” qalxmasın. Amma proqnozlar, təəssüf ki, əksini deyir. Buna baxmayaraq, məncə cəmiyyət üçün sıravi illərdən biri olacaq. Mənim özümün isə çox böyük gözləntilərim var, hətta 29 ildə olmayan qədər böyük. 

Elnur Məmmədli (Qafqazinfo): Səncə, Azərbaycan oxucusu ciddi, siyasi xəbərlərlə müqayisədə şou xəbərlərinə nə üçün bu qədər həssasdır? Benzin bahalaşdı, düşünürəm yəqin toyunda “gəlingətirdi” mərasimi də atla olacaq… Belə bir planın varmı? 

- Elnur, inandırım səni, oxucu hər yerdə eyni səviyyədə yanaşır xəbərlərə. Dünyanın hansı ölkəsini götürsən sarı mətbuatın daha çox oxunduğunun şahidi olacaqsan. Fərq ondadır ki, bizim oxucu Azərbaycan mentallığının daşıyıcısıdır. Digər ölkələrdə sadəcə bir olay kimi qarşılanan hadisənin bizdə pik dərəcədə maraq kəsb etməsinə səbəb olur. Misal üçün, bir şou üzvünün “İsveç ailəsi” qurması xəbərinə xarici mətbuatda yazılan şərhlərə bax, bizdə yazılan şərhlərə də. Bizdə aqressiya çoxdur… Bu da həmin məlumatların sürətlə əlavə oxucu tapmasına səbəb olur.

Deyirəm, yaxşı ki, benzin 2 ay qabaq bahalaşmadı, yoxsa mənim ideyama siyasi don geyindirərdilər (gülür). Yenə də qeyri-adi planlarım var, amma inşallah bunları gələcəkdə bir yerdə görərik. 

  Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?