Modern.az

Ən böyük azərbaycanlı

Ən böyük azərbaycanlı

Aktual

12 Dekabr 2013, 12:26

Azərbaycanın müstəqilliyinin yaşıdıyam! Şəxsiyyət vəsiqəmin lap yuxarısında böyük hərflərlə bütün ömrüm boyu qürur duyacağım bir kəlmə yazılıb: “AZƏRBAYCAN RESPUBLİKASI”. Bunu Tanrının mənim və yaşıdlarımın, eləcə də bizdən sonra doğulan həmvətənlərimin taleyinə yazdığı ən böyük xoşbəxtlik hesab edirəm. Çünki bizim nəsil MÜSTƏQİL AZƏRBAYCANın bağrından yetişib! Biz başımızın üstündə heç bir imperiyanın ağalığını görməmişik!..

Azərbaycan müstəqil dövlət kimi çox gəncdir. Amma “bu gənc” 22 yaşında çox böyük uğurlara imza atıb. Millətin, xalqın taleyi üçün misilsiz əhəmiyyət kəsb edən bütün sahələrdə elə böyük nailiyyətlər qazanılıb ki, onları qalın-qalın kitablara sığışdırmaq mümkün deyil. Hətta tezislər üçün belə kitablar bəs etməz!

Azərbaycan deyəndə isə, ilk növbədə O yada düşür. Müstəqil Azərbaycanın banisi, ƏN BÖYÜK AZƏRBAYCANLI, xalqımızın ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEV.

O Azərbaycanı çox sevirdi! “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” deyə bu sevgi ilə onu qorudu və dünyanın ən inkişaf edən ölkələri sırasına çıxardı...

Mən də Azərbaycanı çox sevirəm! Vətənimə, torpağıma, dövlətimə, xalqıma, xalqımın Liderinə olduqca böyük sevgim var. Bu yazını da Azərbaycanımıza və müstəqilliyimizin banisi ULU ÖNDƏR HEYDƏR ƏLİYEVə sonsuz sevgi ilə qələmə alıram...

Ondan Onu dərk etdiyim kimi yazacağam. Və düşünürəm ki, öz sözümü deyə biləcəyəm...  

Uşaqlıq dövrümüzün qəhrəmanı...

...Yaxşı xatırlayıram, uşaq vaxtı atam bizi tez-tez şəhərə gəzməyə çıxarardı. “Baxın, bu möhtəşəm sarayı (indiki Heydər Əliyev sarayı – S.C.) Heydər baba tikdirib. Yaxud Dənizkənarı parkda gəzərkən uzaqdan “Gülüstan” sarayını göstərib yenə də eyni sözü təkrarlayardı. Bütün gəzinti boyu, demək olar ki, atamdan ən çox bu sözləri eşidərdik. Və hər dəfə Heydər Əliyevi televizorda görəndə qardaşımla birgə qışqırardıq: “Bu, bizim Heydər babamızdır...”

Mənim uşaqlıq illərim ulu öndərimizin Azərbaycana rəhbərliyi dövrünə təsadüf edib. O, bizim uşaqlıq dövrümüzün qəhrəmanı idi! Özümü xoşbəxt hesab edirəm ki, belə bir qüdrətli dövlət başçısının müasiri olmuşam, onun yaratdığı məktəbdə təhsil almışam, uşaqlığımdan ona “baba” demişəm. O cür dahilərin müasiri olmaq da hər kəsə nəsib olmur. İndi hər birimizin onun haqqında danışmağa sözümüz var. O, təhsilimizin, hərtərəfli inkişafımızın, firavan həyatımızın qayğısını çəkirdi. Qızıl kimi vaxtından kəsib bizim bayram tədbirlərimizə qoşulur, uşaqları bağrına basıb öpür, bizimlə birgə rəqs edirdi. O, uşaqları qolları arasına alıb başı üzərinə qaldırır, özü ilə Allah arasında saxlayırdı. Bununla Azərbaycanın sabahına olan sevgisini və dualarını izhar edirdi. Deyirdi ki, uşaqlar Azərbaycanın gələcəyidir. Dahi rəhbərimiz mənim yaddaşımda belə qalıb. İndi həmin günləri xoş duyğularla yada salırıq...

Artıq böyümüşəm, ağı qaradan, yaxşını pisdən seçə bilirəm. Hər gün dünənimlə müqayisədə fikirlərimdə, düşüncələrimdə yaranan yeniliyi də hiss edirəm. Bu işdə dünyaşöhrətli siyasətçilərin, dövlət xadimlərinin, dahilərin, alimlərin, müdrik insanların həyat və fəaliyyətindən bəhs edən kitablar da köməyimə çatır. Oxuduğum həmin kitablar arasında ulu öndərimiz haqqında olanlar daha çoxdur. Onun nitqlərini, çıxışlarını, müsahibələrini oxuyanda yeni nəsə tapıram, Onun haqqında filmlərə baxarkən bu dahi insanı sanki yenidən kəşf edirəm. Hər dəfə də qənaətim belə olur: Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrləri bənzərsizdir!..

Bir haşiyə... Mən uşaq vaxtı babamgildə iri bir daş görmüşdüm, xüsusi oval formada olan həmin daşın içərisinə su tökürdülər. Su həmin daşdan damla-damla süzülür, sonda göz yaşı kimi dumduru, büllur kimi saf olurdu. İnsan da belədir, məncə, çətinliklərdən keçir, saflaşır. Müdriklik, zənginlik də həmin saflıqdan başlayır. Bu misalı nahaq yerə xatırlatmadım. Mən Heydər Əliyevin böyüklüyünü, bilirsinizmi, nədə görürəm? Ən əvvəl, onun zəhmətsevərliyində. Bir arqument söyləyəcəyəm: ulu öndərimiz çox sadə bir ailədə dünyaya gəlib, uşaqlığından böyük zəhmətə qatlaşıb, gecə-gündüz oxuyub, öyrənib, damla-damla bilik toplayıb, bu bilik bayaq söylədiyim o daşdan süzülən su kimi saf və pak olub, sahibini aydınlığa çıxarıb, onun sabahına işıq salıb. O isə bu gur işıqla bütöv bir milləti, bir xalqı işıqlığa çıxarıb, bütün dünyada tanıdıb, ona baş ucalığı, şərəf gətirib. 

Onun həyat və fəaliyyəti biz gənclərə, hər şeydən əvvəl bir vacib məqamı diqtə edir: “Bəxtimizə deyil, ağıl və zəhmətimizə ümid bəsləməliyik, ona güvənməliyik. Yalnız o zaman irəli gedə, istəklərimizə çata, böyük amallara qovuşa bilərik...” 

Dövlət başçıları, siyasətçilər, liderlər də hamı kimi insanlardır. Onların da qəlbi var, ürəyi var, sevdikləri, sevmədikləri insanlar var. Onlar da nə vaxtsa yorulur, onlar da nədənsə bezə bilirlər. Heydər Əliyevin haqqında oxuyanda isə mənə elə gəlir ki, o, heç vaxt yorulmayıb, heç nədən bezməyib, öz ideyaları, öz amalları uğrunda dönmədən mübarizə aparıb. Yorulmadan çalışıb, yorulmadan həyatının sonunadək işləyib. Və həmişə də insanları sevib, onlarda yaxşı nəsə axtarıb. Bu xüsusiyyət də ondan öyrənə biləcəyimiz ən gözəl keyyiyyətdir...


Onun böyük Azərbaycan sevgisi...

Belə bir fikir var: “İdeyalar bütün dünyada toplardan da bərk guruldayır, fikirlər ordulardan da qüdrətlidir, prinsiplər süvari qoşunlardan daha çox qələbə çalır.” Bu fikri bütünlüklə ulu öndərimiz Heydər Əliyevə aid etmək olar. O, uzaqgörən ideyaları, daşdan keçən fikirləri, prinsipial qərarları ilə qüdrətli ordudan da güclü idi. O, ağlı, biliyi, zəkası ilə hər şeyə qalib gəldi! O, bütün bacarığını yorulmadan ölkəmizin çiçəklənməsinə sərf etdi!..

Mən ulu öndərimizin daha bir böyüklüyünü onun xalqına və Vətəninə hədsiz sevgisi və məhəbbətində görürəm. İndi bunu hamı etiraf edir. Əcnəbi həmkarlarından biri, keçmiş SSRİ Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakov onun haqqında belə deyib: “Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram.”

O, azərbaycanlı olması ilə fəxr edirdi. Bir ali məqamı hər birimiz yaxşı xatırlayırıq: ən mötəbər tribunalarda alovlu, cəsarətli nitqlər söyləyən Heydər Əliyev “Azərbaycan” şeirini söyləyəndə kövrəlirdi, gözləri yaşarırdı, səsi titrəyirdi. Vətənini canı qədər sevməyən bir insandan bunu gözləmək mümkünsüzdür. Bu, Onun VƏTƏN SEVGİSİ idi! Bu, Onun AZƏRBAYCAN SEVGİSİ idi!..

Böyük öndərimizin dəfələrlə ziyarət etdiyi, bizim hər birimizin də tez-tez böyük etiqadla üz tutduğumuz Mir Mövsüm Ağanın ziyarətgahında divarda Məhəmməd Peyğəmbərimizin gözəl bir hədisi yazılıb: "Hər şeyin gözəli sadə və dürüst olanıdır".

Bu müdrik siyasətçinin bütün hərəkətləri sadə və dürüst idi, sözünün arxasında konkret əməl dayanırdı, bu əməldən isə xalqı faydalanırdı. Azərbaycana rəhbərliyinin hər iki dövründə onu xalqa sevdirən, ona uğur gətirən də elə bu idi. Xalq onu sevir, ona inanır, ona güvənir, ən çətin məqamlarda ona üz tutur, arxasınca gedirdi. Və bu inamında nə qədər haqlı olduğunu görürdü.

Heydər Əliyev azərbaycançılıq fəlsəfəsinin, həmrəylik ideyasının da müəllifidir. O, bizə azərbaycançılıq ideologiyasını bəxş etdi! O, bütün dünya azərbaycanlılarını bir məslək ətrafında toplaya bildi! Qürur doğuracaq bir tarixi – Dünya Azərbaycanlılarının Həmrəylik gününü bizə ərmağan etdi. O, Dünya Azərbaycanlılarının I qurultayında tarixi bir nitq söylədi və çıxışını bütün zalı ayağa qaldıran müdrik bir kəlamla bitirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”. Səslənişində belə bir əzəmət, bir böyüklük, bir fəxarət olan bu fikir həmin gün yalnız Bakıda bir zalı ayağa qaldırmadı, Yer üzünə səpələnmiş 50 milyonluq azərbaycanlının ürəyində bir ilğıma, bir atəşə döndü, onları bir bayraq altında birləşdirdi, səfərbər etdi...

“Ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm...”

Türk yazılı abidələrində millətin, dövlətin mövcudluğunu təmin edən üç əsas şərt göstərilir. Bunlar xalqın varlığının, Ana dilinin, milli ənənələrinin qorunub saxlanmasıdır. Heydər Əliyev də bunları müqəddəs saydı, qorudu, yaşatdı, gələcəyə ötürdü. O, hər sözü, hər hərəkəti ilə bizə Ana dilimizi, ədəbiyyatımızı, tariximizi, musiqimizi, adət-ənənələrimizi, bayramlarımızı, mənəvi dəyərlərimizi öyrənməyi, sevməyi, təbliğ etməyi öyrədirdi. “Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir” deyirdi.

Heydər Əliyev Ana dilini çox sevirdi. Baxmayaraq ki, rus dilində təhsil almışdı, uzun müddət Azərbaycandan kənarda yaşamışdı, amma Azərbaycan dilində çox gözəl danışırdı. Onun Azərbaycan dilində danışmağı, bu dili sevməyi, bu dili sevdirməyi bir məktəb idi! “...Mən öz Ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyirdi!..

12 oktyabr 1999-cu il. Naxçıvan Muxtar Respublikasının 75 illiyinə həsr olunmuş yubiley mərasimi. Heydər Əliyev çıxışından sitat: “...Mən özüm birinci sinifdən orta məktəbi qurtarana qədər burada oxumuşam. Əvvəl orta məktəbdə, sonra iki il Pedaqoji Texnikumda. 39-cu ildə burada Pedaqoji Texnikumu qurtarmışam. O dövrdə aldığım təhsil gələcək həyatımın bütün mərhələlərində mənə yardım edibdir. Bəziləri məndən soruşurlar ki, siz, – bağışlayın ki, mən özüm haqqında danışıram, – Azərbaycan dilini nə təhər belə səlis bilirsiniz? Bu sual da təbiidir, çünki bilirlər, o təşkilatlarda ki, mən işləmişəm, onların hamısında rus dili işlənirdi. Bilirlər ki, mən ali məktəbdə rus sektorunda oxumuşam, sonra Leninqradda, Moskvada xüsusi məktəblərdə oxumuşam, onlar da hamısı rus dilində idi. Yəni demək olar ki, 16 yaşımdan sonra mənim bütün təhsilim, iş fəaliyyətim rus dilində gedibdir. Ona görə də soruşurlar ki, sən Azərbaycan dilini haradan bilirsən? Bu gün sizə səmimi-qəlbdən deyirəm ki, 16 yaşa qədər Naxçıvan məktəbində müəllimlərimin mənə verdiyi dərslər, o cümlədən başqaları ilə bərabər ana dili, ədəbiyyat dərsləri mənim bugünkü dilimin əsasını təşkil edir. Ona görə də mən öz müəllimlərimi həmişə xatırlayıram. Mənim üçün əziz adamlar Naxçıvandakı müəllimlərimdir. Onların adını indiyə qədər xatirimdə saxlayıram...” Bu kiçik sitatda bir neçə məqam diqqətimi çəkdi. Burada, həm Ana dilinə sevgi, məhəbbət hissi var, həm öz müəllimlərinə qarşı ehtiram, hörmət, minnətdarlıq borcu var, həm də yüksək səviyyəli təhsil almağın insana gətirdiyi uğurlara işarə var...

 “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var...”

“Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq” – deyən Heydər Əliyev hər zaman müəllim əməyini yüksək qiymətləndirib, müəllimlərə ehtiramla yanaşıb. Öz müəllimlərini də həmişə hörmətlə yada salıb. Amma hər yerdə ilk olaraq Azərbaycan dili və ədəbiyyat müəllimi Lətif Hüseynzadənin adını çəkib. Lətif müəllimin də öz tələbəsi – dünyaşöhrətli azərbaycanlı siyasətçi haqqında fikirləri də çox maraqlıdır: “...Müəllimlərdən kimi deyirdi, Heydərdən yaxşı riyaziyyatçı, kimi deyirdi yox, yaxşı tarixçi olacaq. Mən də deyirdim ki, yox, o, gözəl dilçi, ədəbiyyatçı olacaq. Amma o, bütün fənləri gözəl öyrənirdi, heç birinə fərq qoymurdu. O sanki gəncliyindən hərtərəfli biliyə malik şəxs olmaq istəyirdi. Tariximizi gözəl bilirdi. Çox mütaliə edirdi, qoltuğu həmişə kitablarla dolu olardı. O, dərs danışanda bütün sinif ona diqqət kəsilərdi. Çox ahəngli, məntiqli danışığı, gözəl diksiyası vardı. Gözəl natiq idi, böyük məharətlə şeir söyləyərdi. Hamı deyirdi ki, o öz səsi ilə də sanki insanları ovsunlayır. O, rəssamlığı da gözəl bilirdi, afişalar yazırdı. Onun gözəl ürəyi vardı, yoxsul tələbələrə maddi yardım göstərirdi. O, texikumu əla qiymətlərlə bitirdi, hər birimizin yaddaşında dərin iz qoydu. Mən fəxr edirəm ki, onun diplomunda mənim də imzam var – həm dərs hissə müdiri, həm də ədəbiyyat müəllimi kimi. Bu diplomda bütün qiymətlər əla idi. ...Heydər Əliyev o boyda SSRİ-də ən yüksək vəzifəyə yüksəlmiş ilk türk idi. Geri döndüyündə isə Azərbaycanı xilas etdi, xalqının xilaskarı oldu!..” Lətif müəllimin bu yaddaşında özünə tələbkar bir şagirdin, nizam-intizamlı bir tələbənin, qədirbilən bir məzunun obrazı çox aydın görünür!..

 Heydər Əliyev deyirdi: “Hər kəs öz tərcümeyi-halı, öz həyat yolu ilə məktəbin, müəllimin insanın həyatında nə kimi rolu olduğunu bilir və onu qiymətləndirməlidir. Mən isə bütün varlığımla, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam…” Məktəbə, müəllimə hörməti bundan sadə və bundan gözəl ifadə etmək mümkün deyil...

 Ulu öndərdən daha bir fikrinə diqqət edək: “Dövlət müstəqilliyimizin xalqımıza bəxş etdiyi nemətlərdən biri odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına uyğun qururuq. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, (seçim mənimdir – S.C.) onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar.” Bu, Prezidentin sadəliyinin, təhsil işçilərinə səmimiyyətinin daha bir nümunəsidir. Baxın, Heydər Əliyev bir ölkənin rəhbəridir, amma müraciətində “xahiş edirəm” kəlməsini işlədir...

Onun hər mənada ünsiyyəti də bir məktəb idi...

Ulu öndərimizin dahiliyindəki daha bir bənzərsizlik haqqında da fikirlərimi bölüşmək istəyirəm. Heç şübhəsiz, səmimi ünsiyyət insanları on illik adi münasibətlərdən daha tez yaxınlaşdırır. Onun hər mənada ünsiyyəti də bir məktəb idi. Bu dahi siyasətçi uşaqla uşaq, böyüklə böyük, siyasətçi ilə siyasətçi dilində danışırdı…

Böyük öndərin insanlarla sadə münasibəti, ünsiyyəti, davranışı haqqında daha bir nümunə. Bu yaxınlarda Heydər Əliyevin 1995-ci il aprelin 15-də Xalq şairi Məmməd Arazın “Azərbaycan – dünyam mənim” yaradıcılıq gecəsindən sonra ziyalılarla görüşündəki çıxışını oxuyurdum. (Belə görüşlər dahi siyasətçini bir insan kimi də yaxşı tanıdır – S.C.). Yaradıcılıq gecəsindən böyük zövq aldığını söyləyən ulu öndərin bir fikrinə diqqət edin: “Mən teleradio şirkətindən xahiş etmişəm (seçim mənimdir – S.C.) ki, bugünkü görüşü sonra televiziya ilə tamamilə versinlər. Qoy ictimaiyyət də bilsin.” Dövlət rəhbəri demir ki, “tapşırmışam”, “əmr etmişəm”, deyir ki, “xahiş etmişəm”. Onun ünsiyyət mədəniyyəti, davranış mədəniyyəti belə idi...  

Ümummilli liderin sadə insanlara, xüsusilə erməni təcavüzü nəticəsində yurdlarından didərgin düşən qaçqın və məcburi köçkünlərə münasibəti də unudulmazdır. Heydər Əliyevin bu insanların problemlərini dövlət başçısı kimi həm özünün, həm də ölkənin bir nömrəli problemi elan etmişdi. Onun həmin insanlarla səmimi ünsiyyətini xatırlayırsınızmı? Dövlət başçısı kimi ilk dəfə Biləsuvara səfər edib, onların çadır düşərgələrindəki dözülməz şəraitini görəndə keçirdiyi hisslər xatirinizdədirmi? O cür böyük şəxsiyyət, dəyanətli insan qarşılaşdığı mənzərə önündə necə sarsılmışdı! Necə kövrəlmişdi! Necə məhəbbətlə bağrına basmışdı o insanları! Hələ bir məcburi köçkün ananın sacda bişirdiyi yuxadan kəsib: ”Yadımdadır, mənim anam da belə sac asardı...” söyləməsini unutmamısınız ki? Mən unutmamışam! Və heç vaxt da unutmaram! Bu, dövlət başçısının sadəliyi, əsl insana xas olan aliliyi idi! Ölkə rəhbərinin öz vətəndaşına göstərdiyi insani münasibət idi! Bu jesti ilə onu deyirdi ki, siz mənim üçün doğma insanlarsınız, sizin dərdiniz mənim dərdimdir, sizin ağrınız mənim ağrımdır!.. Axı, yalnız doğmalarla o cür görüşərlər! Yalnız doğmalarla o cür duz-çörək kəsərlər! Sonralar bu “doğmalıq” əmələ çevrildi. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində misilsiz işlər görüldü, onlar üçün qəsəbələr salındı, evlər tikildi! Ulu öndər onlara təsəlli verən işlər gördü! Onların xeyir-şərində iştirak etdi! Onların könlünü aldı! Məcburi köçkün gənclərin toy məclisində onlarla birgə qol qaldırıb rəqs etdi! Bu ünsiyyət adamları sevindirirdi, ürəkləndirirdi, sabaha inamını artırırdı və həm də düşündürürdü. Çünki bu, nəyinsə xatirinə edilən təmənnalı ünsiyyət deyildi, bu, son dərəcə səmimi, ürəkdən gələn bir ünsiyyət idi! Dövlət başçısının öz vətəndaşına həssas münasibəti idi...

Mənim doğmalarım da məcburi köçkündür. Erməni işğalı əslən Laçından olan babamı da yurdundan didərgin salmışdı. Babam bu dünyadan köçənədək elə hey o yerlərdən danışdı. Çadır düşərgələrində ağır vəziyyəti də gözləri ilə görmüşdü. Deyirdi, hərdən elə sarsılmışam ki, xəlvətə çəkilib xısın-xısın ağlamışam. O, ulu öndər Heydər Əliyevin qayğısını da hörmətlə xatırlayırdı...

Unudulmaz Heydər Əliyev Azərbaycanla bağlı bütün arzularını gerçəyə çevirə bildi. Onu qurdu, yaratdı, möhkəmlətdi, qorudu, dünyaya tanıtdı, dünyanı Azərbaycanın ayağına gətirdi. Yalnız və yalnız bir arzusunu reallaşdıra bilmədi. Öz əlində olsaydı, heç şübhəsiz, onu da gerçəyə çevirməyə gücü, qüvvəti, dəyanəti çatardı. Amma buna vaxtsız gələn ölüm imkan vermədi. Bu, onun Qarabağla bağlı arzuları idi. Bu, onun Azərbaycan torpaqlarının işğaldan qurtulması ilə bağlı istəyi idi... İnanırıq ki, məhz Prezident İlham Heydər oğlu Əliyev dahi öndərin Azərbaycanla bağlı bu nisgilini də sevincə çevirəcək, onun ruhuna rahatlıq bəxş edəcək...

”21-ci əsr Azərbaycanda gənclərin müstəqil dövlətimizi qurub-yaratmaq və inkişaf etdirmək dövrüdür…”

Ölkəmizdə gənclər siyasəti də Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət də sabaha hesablanmışdı. Görkəmli dövlət xadimi gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, gənclər siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Gənclik isə Onun ümidlərini doğrultdu. Azərbaycan gənclərinin Heydər Əliyev Sarayında keçirilən 6-cı Forumunda iştirakım zamanı da bunu bir daha yəqin etdim...

Mən vaxtilə ulu öndərimiz Heydər Əliyevin təhsil aldığı BDU-nun yetirməsi olmağımı da taleyimin əhəmiyyətli parçası hesab edirəm. Yeri gəlmişkən, tələbəlik illərimdə bir arzum da reallaşdı: Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının üzvlüyünə qəbul oldum. İndi YAP Gənclər Birliyi Şurasının üzvüyəm. Ölkəmizdə gənclərə olan hərtərəfli dəstək fəallığımızı daha da artırır. Biz gənclər hər birimiz Heydər Əliyevin varisləriyik. Sabahımız Onun irsini necə öyrənməyimizdən asılıdır. Ulu öndərdən öyrənmək, onun ideyalarının davamçısı olmaq isə böyük şərəfdir! Elə millətin böyüklüyü də ondadır ki, öz tarixini yaradan şəxsiyyətləri yaşadır, onun irsini öyrənir, öyrədir...

Heydər Əliyev Azərbaycanı biz gənclərə əmanət etdi! Əmanətə xəyanət olmaz! Əmanəti göz bəbəyi kimi qoruyarlar! Azərbaycanı sevməli, qorumalı, inkişaf etdirməli, gələcəyə ən yaxşı şəkildə çatdırmalıyıq! Unutmayaq: 21-ci əsrin çağırışları tamam fərqlidir. Biz bu çağırışlara hazır olmalıyıq. 

Ulu Öndərə bir etibar borcumuz var. Borcun ən gözəl keyfiyyəti onu qaytarmaqdır. Bu borcu onun ideyaları ətrafında sıx birləşməklə, onun zəngin irsini dərindən öyrənmək, mənimsəmək və təbliğ etməklə qaytara bilərik. Bu siyasət korifeyinin heç vaxt heç bir təbliğ təntənələrinə ehtiyacı olmasa da, biz dönə-dönə ona qayıdacağıq, o səbəbdən ki, özümüzün ona ehtiyacımız var. Bütün gücümüzü sərf etməliyik ki, həm Azərbaycan, həm Heydər Əliyev, həm də onun ideyaları dünya durduqca yaşasın! Elə bugünkü kimi...

...Hamımızın bir Vətəni var: MÜSTƏQİL AZƏRBAYCAN! Hamımızın bir Vətən sevgisi var: Azərbaycan sevgisi. Onu dünyanın ən inkişaf etmiş, ən gözəl ölkəsi kimi görmək istəyirik. Fikrimcə, bu, azdır. Həm də onu düşünməliyik ki, bu Vətənə, bu dövlətə nə etmişik və nə edə bilərik.. Amma yaxşı başa düşürük ki, bu gün dünya bir bilik, savad, intellekt yarışıdır. Bu yarışdan geri qalmaq olmaz. Əksinə, bu yarışda digər millətlərdən, xalqlardan daha öndə getməli, Azərbaycanın daha şərəfli səhifələrini yazmalıyıq. Elə etməliyik ki, hər kəsi MÜSTƏQİL AZƏRBAYCAN naminə səfərbər edən “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” deməyə haqqımız çatsın!.. 

Sitarə CABBARLI

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır