Modern.az

Əliməmməd Nuriyev: “Gələcəkdə peşəkar siyasi fəaliyyətlə məşğul olmaq barədə düşünmək olar…”

 Əliməmməd Nuriyev: “Gələcəkdə peşəkar siyasi fəaliyyətlə məşğul olmaq barədə düşünmək olar…”

11 May 2010, 10:15

Modern.az saytının suallarını sabiq AXCP-çi deputat

Əliməmməd Nuriyev cavablandırır

 

- Əliməmməd bəy, belə demək mümkünsə, siyasətdə olduğunuz zamanla müqayisədə az görünürsünüz…Necə xatırlayırsınız siyasətdə olduğunuz zamanları?

- Mən tələbəlik dövründən siyasətə gəlmiş insanam. Hələ Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxuyarkən tələbə hərakatı olan “Yurd”un üzvlərindən biri idim. Siyasi proseslər o zaman bizim nəsli çox maraqlandırırdı. O dövrdə siyasətə gəlmək çətin idi. Amma oxuduğumuz universitet, ixtisasımız və Azərbaycanın əldə etdiyi müstəqillik, Qarabağ problemi bizim siyasətə gəlişimizi zəruri etdi. Hərəkat, Azərbaycanın müstəqillik əldə etməsi dövrü, Azərbaycan Xalq Cəbhəsində çalışmalar, daha sonra eyni adlı partiyanın qurulmasında iştirak etmək... Məncə, bütün bunlar peşəkar siyasətə keçmək demək idi. Ardınca Milli Məclisin üzvü oldum və nəhayət 2004-cü ilin sonu 2005-ci ilin əvvəllərində siyasi partiya təmsilçiliyindən ayrılmalı oldum. Deyim ki, 2002-ci ildən başlayaraq həmin partiya daxilində siyasi fəaliyyətim demək olar ki, bir qədər zəifləməyə başladı. Bunu səbəblərini isə izah etmək istəmirəm. Çünki yenidən bu məsələyə qyıtmağa zərurət görmürəm. Siyasi fəaliyyətlə məşğul olan zaman həm də QHT sektorunda çalışırdım. Müxtəlif QHT-lərin tədbirlərində, tədqiqatların aparılmasında iştirak edirdim. Belə deyək, siyasi fəaliyyətim ictimai fəaliyyətimlə qovuşmuşdu. Bir qədər də universitetdə pedaqoji fəaliyyətlə məşğul oldum. Siyasətdən ictimai fəaliyyətə transformasiyam tədricən baş verdi. Ancaq bütün bunlar o anlama gəlməməlidir ki, mən siyasətdə yoxam. Hər hansı bir siyasi partiyada olmamaq o demək deyil ki, mən Azərbaycan siyasətində yoxam. Mən Azərbaycanda siyasi prosesləri diqqətlə izləyirəm. Mütəmadi olaraq  siyasi proseslərə özümün hər zaman münasibətim olub. Siyasi partiyaların mövcudluğu o demək deyil ki, yalnız onların üzvləri siyasi fəaliyyətlə məşğul olurlar. Düzdür, siyasi fəaliyyətin əsas aparıcıları siyasi  partiyalar hesab olunur, ancaq bütövlükdə siyasətlə məşğul olanlar yalnız siyasi partiya üzvləri olması mənasında olmamalıdır. Mənim müstəqil baxışlarım var. Ola bilsin ki, bu baxışlar müəyyən hallarda hansısa siyasi qüvvələrin baxışları ilə üst-üstə düşsün, fərqli də ola bilər. Əlbəttə ki, mən daha çox vətəndaş cəmiyyətinin nümayəndəsi kimi çıxış edirəm.

- Sizcə, cəmiyyət üçün o zaman faydalı işlər görürdünüz, yoxsa indi…?

- Mənim hər hansı bir siyasi qüvvədə çalışmaq barədə fikrim yoxdur. Bu gün indiki statusumla daha çox fayda vermək imkanına malikəm. Bunu hər zaman da həyata keçirəcəm. Nə dərəcə də buna nail oluram, ya yox, bunu kənardan daha yaxşı qiymətləndirmək olar. Baxmayaraq ki, bu gün parlamentdə təmsil olunmuram, amma vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq, eyni zamanda Antikorrupsiyaya qarşı Şəbəkənin kordinatoru olaraq, həmçinin Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü olaraq həm qanunvericilik təşəbbüsü ilə çıxış edirəm, həm də ayrı-ayrı idarəetmənin müxtəlif sahələrini təkmilləşdirməklə bağlı təkliflər irəli sürürəm. Yəni proseslərin içində varam. Azərbaycanda gedən siyasi proreslərdə hər hansı bir formada iştirak edirəm. Dövlətimə, ölkəmə səmərəli xidmət edirəm. - Yaxın gələcəkdə sizi hansısa siyasi partiyada görə bilərikmi?

- Mən indi daha çox müstəqiləm. İstənilən siyasi təşkilatın müəyyən bir çərçivəsi olur. O çərçivənin öz qaydaları var, mən o çərçivədən kənara çıxanda bu, bəzi hallarda başqa cür qiymətləndirilirdi. Ona görə də tam sərbəst ola bilmirsən. Məsələlərə münasibətlər də daha obyektiv mövqe tuta bilmirsən. Hər zaman təşkilatın baxışlarına uyğun hərəkət etməlisən. Özü də bu baxışların doğru olub, olmamasından asılı olmayaraq. Bu isə əlbəttə ki, o plüralizmi məhdudlaşdırır. Bu gün siyasi partiyaların strukturunda müstəqil təşəbbüslərin geniş imkanları yoxdur. Müstəqil təşəbbüs edən şəxslər bir çox hallarda arzuolunmaz şəxs olur. Müxtəlif  vasitələrlə çalışırlar ki, həmin şəxsləri cəmiyyətdə nüfuzdan salsınlar. Bu gün mən fikirlərimdə sərbəstəm. İndi mənim üçün hadisə var, hadisəni qiymətləndirmək var. Münasibət var, münasibəti dəyərləndirmək var. Mənim öz prinsiplərim var, o qədər də əhəmiyyətli deyil ki, mənim bu fikirlərim kiminsə xoşuna gələ bilər və ya gəlməyə bilər. Hər hansı bir məmurun xoşuna gələ bilər və ya əksinə. Düşünürəm ki, mənim söylədiyim fikirlər, yazdığım məqalələr, çıxışlarım bu və digər formada cəmiyyət üçün faydalıdır. Ola bilsin ki, bəzi hallarda müəyyən qrupların maraqlarının təmin etsin. Ümumiyyətlə, cəmiyyət özü müxtəlif qrupların maraqlarından təşkil olunan maraqların məcmusudur. Buna görə də, hesab edirəm ki, hazırki şəraitdə  faydalı fəaliyyətlə məşğul oluram. Bu faydalı fəaliyyətdən həm özüm faydalanıram, həm də xeyli insanın faydalanmaq imkanı var. O baxımından indiki fəaliyyətim məni məmnun edir. Amma onu da bildirim ki, Azərbaycanda siyasi münasibətlər normal çərçivədə inkişaf edəcəksə, gələcəkdə hansısa peşəkar siyasi fəaliyyətlə məşğul olmaq barədə düşünmək olar. Hələki hazırda müşahidə etdiyim mühitdə belə bir şərait yoxdur. Çox təəssüf ki, indi Azərbaycanda siyasi münasibətlərdə biri-birini inkar etmə var. Düşmənçilik münasibətləri hələ də durur. Halbuki inkişafın münasibətlərin sivil, qarşlıqlı hörmət, eyni zamanda qarşılıqlı rəqabət şəraitində inkişaf etməsi şərtdir. Bizdə isə belə bir fikir var, “sən mənimlə bir deyilsənsə, deməli, mənim düşmənimsən”. Bu bolşevik yanaşması hələ də davam etməkdədir. Baxmayaraq ki, biz müstəqilliyimizin 18-ci ildönümünə yaxınlaşırıq, ancaq hələ də beyin, təfəkkür çox təəssüf ki, arxa istiqamətə doğru gedir.

 

- Əvvəlki dostlarınızla, siyasətçi yoldaşlarınızla əlaqənizin olmadığı söylənilir. Onlarla bir yerdə olmaq barədə heç düşünməmisiniz ki?

- Mən siyasətdən tam ayrılmamışam, istər hərəkat dövründə olan dostlarımla, istər sonradan qazandığım dostlarla münasibətlərim yenə də davam edir. Mənim üçün kimin harda, hansı düşərgədə olmasının o qədər vacib əhəmiyyəti yoxdur. Hər bir insanın öz baxışları var. Baxmayaraq ki, bəzi hallarda müəyyən dostlarımın mövqelərini tam bölüşmürəm, ancaq onların mövqelərinə hörmət edirəm. Bu məsələ şəxsi münasibətlərimizə hər hansı bir formada mane olmur.

- Məsələni bir qədər konkretləşdirmək olarmı?

- Bəzi insanlar var ki, onlarla əlaqə saxlamıram. Ancaq əvvəl münasibətdə olduğum şəxslərin 98 faizi ilə indi də əlaqələrim var. Ola bilər ki, bu əlaqələr əvvəlki kimi müntəzəm xarakter daşımasın. Hər kəsin öz ictimai, şəxsi qayğıları var. Siyasi partiyada olanda hər şeyə partiya çərçivədən baxmalı olursan. İndi isə məkan mənim üçün daha böyük görünür. Hərtərəfli yanaşmanı təmin edə biləcək bir yerdəyəm. Eyni zamanda indi bərabər məsafədəyəm. Bərabər məsafədə olanda  hər şey daha yaxşı görünür. Əvvəllər isə bir pəncərə var idi, ancaq ordan baxırdın. Dünyaya isə heç bir pəncərədən baxmaq lazım deyil. Dünya böyükdür. Cəmiyyətə qapını açıb çıxıb baxmaq lazımdır.

- Siyasi partiyaların fəaliyyəti barədə düşüncələriniz nədən ibarətdir?

- İnsan hər zaman eyni mühitdə olanda o mühiti obyektiv qiymətləndirmə imkanından məhrum olur. Bu gün Azərbaycanda siyasi partiyaların idarəedilmə  məsələlərində xeyli qüsur var. Siyasi partiyaların bir çoxları marginal qruplardır. Onlarda idarəetmə avtoritar üsullara söykənir. Plüralizm imkanları məhduddur, ad çəkmirəm, görünən dağa bələdçi lazım deyil. Nəticələr də yoxdur, böyük nəticələr olardısa, onda başqa cür düşünülərdi. O baxımdan indiki partiyaları müəyyən şəxslərin arxasında birləşmiş qurumlar da adlandırmaq olar. Lider bütövlükdə partiya  demək olmamalıdır. Lider gözəl komanda formalşdırmalıdır, gözəl ideyalar, təşəbbüslərlə meydana çıxmalıdır.

- Konkret olaraq, əvəlki AXCP ilə indiki AXCP-ni necə müqayisə edərdiniz?

- 1990-cı illərin Xalq Cəbhəsi ilə 2000-ci illərin ortalardakı AXCP arasında fərq var idi. Bu partiyaya hər zaman çoxlu insanlar gəlib və gedib. Amma mənim tərəfimdən AXCP-ni  qiymətləndirmək zərurəti meydana çıxsa belə, bunu etmək istəməzdim. Çünki burda mənim köhnə dostlarım var. Bir çoxları ilə bu günə qədər də münasibim var. Ona görə də mənim qiymətləndirməm daha çox subyektiv ola bilər. Məncə fikrim partiyadan aralanmış şəxsin qiymətləndirməsi kimi görünər. Ona görə istəmirəm qiymətləndirmə aparım. Hər şey göz qabağındadır. Siyasi fəaliyyəti həmişə nəticə ilə qiymətləndirmək lazımdır. Mənim qiymətləndirməm etkiya uyğun olmazdı.

- Qarşıdan gələn parlament seçkiləri ilə bağlı son qərarınızı nə zaman verəcəksiniz?

- Tale elə gətirdi ki, mən İkinci Çağırış parlamentin üzvü oldum. Mənə olan münasibətlər bu qənaətə əsas verir ki, insanlar, cəmiyyətin müxtəlif təbəqələri, ayrı-ayrı şəxslər, müxtəlif stukturlar fəaliyyətimi pis qiymətləndirməyiblər. Parlament böyük bir məktəbdir və sən parlamentin üzvüsənsə, dövlətin mənafeyi, maraqları baxımından qüvvəni daha çox səfərbər etməlisən. Parlamentə tövhələrim olub,  az və ya çox , bu, başqa məsələdir. Hələ ki, qarşıdan gələn parlament seçkilərində iştirak barədə hər hansı qərarım yoxdur. Özüm üçün tam dəqiqləşdirməmişəm, namizədliyimi verəcəm,  ya yox. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir