Modern.az

“3 qardaş”ın “Yeni nəfəs”i…

“3 qardaş”ın “Yeni nəfəs”i…

15 Dekabr 2013, 15:44
 

Namidə Bingöl

Bu həftə Türkiyənin xarici işlər nazirinin Cənubi Qafqaz ölkələrindən olan Ermənistana səfəri iki dövlət arasında stabil mövcud duruma bir az da soyuqluq qatdı. Bu barədə bir az sonra danışacağam.

Öncə ölkənin siyasi həyatında baş verənləri saf-çürük etməyin zamanıdır. Deyirəm, ölkə həyatında nə qədər istəsən siyasi partiyalar var. Deməli, danışmaq üçün mövzu da var. Hamı nazir postunda qərar tuta bilməz ki. Siyasi hadisələrin tam ortasında külüng çalanların sözünü deməyə meydan lazımdı ya yox?! Yoxsa, siyasətlə xalq arasında böyük uçurum yaranar. Hələ bu harasıdır. Qonşudan qalma dala məsəli biz azərbaycanlıların qanına hopub. Necə ola bilər ki, onda olsun məndə olmasın. Sadəcə, demək istəyirəm ki, bizim siyasi nəhənglərimiz yeni plan üzərində baş sındırır. Uzun sözün qısası, Müsavat, AXCP, ALP kimi partiya sıralarına nəfəs kəsən yepyeni ”yeni nəfəs” partiyası da qoşulmağa hazırlaşır. “Dərələrdən sel kimi, təpələrdən yel kimi” gələn “3 qardaş” deyəsən yaman israrlıdır. Belə olmasaydı, eks-spiker Rəsul Quliyev Amerikadan, sabiq millət vəkili Hüseyn Abdullayev Almaniyadan, eks-nazir Əli İnsanov həbsxana divarları arasından məmləkət Azərbaycanı yeni yaradılan partiya üçün məkan seçməzdi. Üstəlik, ikisi mühacir, biri də məhbus həyatı yaşayan siyasi liderlər hüquqlarının müdafiəsinə qalxmaq niyyətindədirlər. “Niyyət hara mənzil də oradır”-deyirlər. Deməli, yeni yaradılan “Yeni nəfəs” partiyası üçlüyün istək və arzularına işıq salacaq. Bu qədər yeni yaradılan partiyadan danışdım. Kifayətdir.

Tarixə düşən Müsavat-AXCP partiyasından xəbər var. Bilmirəm, ara vurmaq yaxşı şeydi, yoxsa yox. Amma bu prinsipə sadiq qalanların işi, peşəsi də budur, zatən. Tez-tez Əli-İsa qarşıdurması gündəmin uzun-uzadı dartışmasına yem olur. Elə ki, dəyirmi masa ətrafında parti təşkil olunur, ara vuranlar üçün yemin dadı-duzu qalmır. Bu dəfə də elə oldu. Əli Kərimli ilə İsa Qəmbərin görüşü pozitiv əhval- ruhiyyə sərgilədi. Hətta,AXCP sədri Əli Kərimli Müsavat Partiyasını başıbəlalı Milli Şurada görmək niyyətindədir. Əslində, AXCP-Müsavat görüşünün pozitiv ab-havası arada boş söz-söhbət gəzdirənlərin, qan olmayan yerdən qan çıxarmaq istəyələrin niyyətlərini puça çıxardı. Necə deyərlər, “görüş əla keçdi, qalın yana-yana”.
Bu insanlar Hafiz Hacıyev deyil ki, partiyadaxili məişət məsələlərini addımbaşı ictimailəşdirsin. Ağıllı adamlardı e, onlar. Siyasətdə də, şəxsi münasibətlər konteksində də necə hərəkət etmək lazım olduğunu gözəl bilirlər. Qısası, “uman yerdən küsərlər”. Əgər Əli Kərimli ilə İsa Qəmbər arasında soyuq yellər əsirsə, necə deyərlər, “bir çarəsi bulunur, əlbət”. Necə ki, budəfəki görüş də pozitiv hadisəyə çevrildi. Mən demirəm, özləri deyir. Təki elə olsun.

Başıbəlalı Milli Şuranın bugünə planlaşdırılan mitinqində Tarif Şurasının qiymət artımı əsas prioritet mövzu oldu. YAP icra katibinin birinci müavizi Siyavuş Novruzov ənənəsinə sadiq qalaraq MŞ-nı mitinq qabağı şərh etdi. Onun proqnozu düz çıxdı ya yox, qoyu bunu da özləri desinlər…

Qayıdaq, Türkiyə-Ermənistan görüşünə. Bu həftə regiona səfər edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu erməni həmkarı Edvard Nalbadyanla görüşdü. Görüşün əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətlərinin müəyyənləşməsi fonunda Türkiyə-Ermənistan sərhədlərinin açılması idi. Hər zaman Türkiyə ilə sərhədlərin açılmasına səy göstərən Yerəvan hökuməti birməmalı olaraq, Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll variantından imtina yolunu seçib.Təbii ki, bu cür məsələlərin arxasında ikinci güc dövlətin dayanıqlıq nümayiş etdirməsi də istisna deyil. Yəni ermənilər mənə-mənəmlik iddiasını boşuna gözə soxmurlar. Maraqlıdır ki, bu görüşdə diqqət çəkən məqamlar da oldu. Əcəba, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu müşayiət edən təyyarədə üç erməninin nə işi var idi? Niyə digər ölkələrə edilən səfərlərdə bu cür anormal hal baş vermir? Ermənistana erməni dığaları ilə pənah aparmağın siyasi məsələlərin taleyüklü həllində əhəmiyyəti nə dərəcədə rol oynaya bilər? Hər halda, bu cür sualların cavabını yalnız türkiyəli nazir bilər. Unutmayaq ki, Türkiyə-Ermənistan sərhədinin açılması, tərəflər arasında razılıq məsələsi bir neçə dəfə gündəmə gəlib. Hələ ki, bu cür siyasi məsələlərdə atılan addımlar qənaətbəxş deyil. Deyəsən Ermənistanın Türkiyəyə şərt irəli sürmədən sərhədləri açmasını tələb etməsi Azərbaycanı da Dağlıq Qarabağ məsələsində fərqli addımlar atmağa vadar edəcək...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı