Modern.az

“21 Azər”in kritikası

“21 Azər”in kritikası

Aktual

16 Dekabr 2013, 15:47

Sərdar Cəlaloğlu  

Əgər bir xalq öz tarixinin azadlıq ruhunu mənimsəməyibsə, onun müasir dövrdə azad olması çətindir

Müasir azadlıq səviyyəmizlə “21 Azər” Hərəkatının ruhunun azadlığı müqayisə olunduqda aydın olur ki, indi ruhumuzun ağırlığı çox azalıb

Azərbaycan dövləti, Azərbaycan xalqı və sıravi Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti növbəti dəfə “21 Azər” hadisəsinə özünəxas laqeydlik nümayiş etdirdi. Bu vəziyyətin müstəsna əhəmiyyətini nəzərə alaraq, bu barədə bu kiçik məqaləni yazmağı vacib hesab etdim.

Yeni dövrdə tarixi hadisələrə yanaşma iki səbəblə bağlıdır; hadisənin tarixi yükü (tarixi əhəmiyyəti) və hadisəyə münasibətdə olan vətəndaşın, xalqın və dövlətin çağdaş hərəkətliliyi. “21 Azər” Hərəkatına münasibətə də bu aspektdən baxmağı düzgün hesab edirik. Ya bu hadisələr o dərəcədə əhəmiyyətsizdir ki, dövlətin, xalqın və vətəndaşların buna belə münasibəti adekvatdır, bundan fəqli münasibət zəruri deyil, ya da dövlətçilik hissi (ideyası) o qədər zəif, milli ruh o qədər ölü (əsarətdə), vətəndaşlar o qədər  milli kimlikdən (insanlıqdan) uzaqdır, başqa sözlə, çağdaş hərəkətlilik o qədər zəifdir ki, “21 Azər”ə belə münasibət sərgilənir. Bu suala cavab verməmişdən qabaq ən ümumi şəkildə “tarix nədir?” sualına cavab vermək lazımdır.

Tarixə iki cür baxış mövcuddur. Birincisi, təbii hadisə - mənası olmayan, təkrarlanan təsadüfi hadisələr kimi baxış. İkincisi, yalnız xalqın iştirak etdiyi, konkret mənası olan, zəruri hadisələr kimi. Bütün dinlərə, eləcə də əksər elmi siyasi nəzəriyyələrə və fəlsəfi təlimlə görə, tarix təbii hadisə deyil, yalnız insanlığa xas təkrarlanmayan, hər bir hadisənin dərin mənası, özündən əvvəlki və sonrakı hadisələrlə ciddi məntiqi əlaqəsi olan, buna görə də zərurətə görə meydana çıxan faktlardan təşkil olunmuşdur. Vaxtilə Höte yazmışdı ki, “məni öyrədən, mənim fəaliyyətimi canlandıran və bilavasitə genişləndirən hər şey, hər halda, mənim üçün təhlükəsizdir”. Əslində, insanı öyrədən və onun fəaliyyətini genişləndirən, ən azından onu fəaliyyətə gətirən hər bir şey nəinki təhlükəsizdir, əksinə onun üçün vacibdir. Bu baxımdan, tarix insanı ən ciddi şəkildə öyrədən, onu fəaliyyətə gətirən və genişləndirən nəsnə kimi olduqca əhəmiyyətli və Nitşenin təbirincə desək, “xeyirlidir”. Nitşe tarixlə bağlı öz fikirlərini “tarixin həyat üçün xeyirləri və ziyanları” adlandırmışdı. Nitşe bu əsərində yazır ki, tarixi hissin elə ifrat çeynənməsi halları olur ki, öz arxasınca istər insan, istər xalq, istər mədəniyyət olsun, bütün canlı olanı məhv edir... Tarixi və qeyri-tarixi ayrıca adamın, xalqın və mədəniyətin sağlamlığı üçün eyni dərəcədə xeyirlidir. Qeyri-tarixi dedikdə insanların adi, cari məişət həyatı yaşamağı, nəsil verməyi, özünün fərdi tələbat və maraqlarını təmin etməyə yönəlmiş fəaliyyəti nəzərdə tutulur. Beləliklə, insanın fərdi həyatı nə qədər onun üçün əhəmiyyətlidirsə, tarix də eyni dərəcədə əhəmiyyətlidir və əhəmiyyətli olmalıdır. Buna görə də, tarixi hissi zaman-zaman “çeynəməmək”, yəni onu vaxtdan-vaxta yada salıb, tarixi hissi yenidən yaşamağa cəhd etməmək, eyni dərəcədə vətəndaşı, dövləti və xalqı məhv edir.

Tarixin ayrıca hər bir sadə vətəndaşa xeyri nədir? İnsan heyvandan yalnız tarixi olması ilə fərləndiyindən, insanın  həqiqi xoşbəxtliyi onu nə dərəcədə insan edəcək tarixi hissə yiyələnməsi ilə bağlıdır. Tarixi hiss insan xoşbəxtliyinin müddətinin uzadılmasına - hətta nəsillərlə davam etməsinə xidmət edir, hansı ki, konkret olaraq hansısa tarixi hadisə ilə xalq xoşbəxtlik əldə edir. Buna görə də, insan cari hərəkətliliyini tarixi hisslə özündən əvvəlkilərin hərəkətliliyi ilə əlaqələndirdikdə həqiqi xoşbəxtliyə nail ola bilər.

Haşiyə çıxım ki, Azərbaycan xalqının özünü xoşbəxt hesab etməməsinin (beynəlxalq hesabatlarda özünü xoşbəxt hesab edən xalqların siyahısında ən axırıncı yerlərdə bərqərarıq) əsil səbəbi bugünkü ağır sosial iqtisadi vəziyyət yox, (çünkü azərbaycanın varlıları da özünü xoşbəxt hiss etmir) məhz bizdə tarixi hissin olmaması, bizdən əvvəl əldə edilmiş həqiqi xoşbəxtliyi hiss edə bilməməmizlə bağlıdır. Buna görə, Nitşe yazır ki, insanı insan edən öz qeyri-tarixi sərhədlərini (cari yaşadığı dövrü) aşmaq qabiliyyətidir. Bizim çağdaş problemlərimizin - hüquqsuzlğun, ağır sosial-iqtisadi şərtlərdən azad olmamağımızın və Qarabağı azad edə bilməməyimizin də səbəbləri tarixi hisslə bağlıdır. Çünki tarixi hiss tarixdə baş vermiş cəsarəti, mərdliyi ədaləti özündə daşıyır. Belə hissə malik olmayan insan qorxaq, ədalətsiz və namərd olur. Öz haqqlarını müdafiə etməyə cəsarəti çatmır, özü ədalətsiz olur, buna görə də ədalətsiz cəmiyyətdə yaşamaqla barışır, ərazilərinin işğal altında qalmasına dözür.

Beləliklə, tarixi hadisə hər bir sadə vətəndaşı, adi adamı müasir dövrdə insan edən və ona həqiqi xöşbəxtliyi öyrədən, onun cari hərəkətlilyini, artıran, fəaliyyətini genişləndirən müəllim rolunda oynayır. Onun verdiyi dərs tarixi dərsdən ibarət olur, hansı ki, tarixi hadisələrə münasibətindən, konkret halda “21 Azər”ə münasibətdən əldə edir. “21 Azər” kimi tarixi hadisələrə  münasibət göstərməməklə biz həm şəxsiyyət, həm də xalq və dövlət kimi zəifləyirik.

Tarixi hiss nə üçün xalqın sağlamlığı üçün xeyirlidir? Sosiologiyanın banilərindən olan Paul Bart “Tarixin fəlsəfəsi sosiologiya kimi”adlı əsərində yazır: “Tarixin predmeti insan cəmiyyəti və onun dəyişilmələridir... İnsan taleyi haqqında necə adlanmasından asılı olmayaraq, bir elm var - tarixi fəlsəfə və ya sosiologiya”. Sosiologiya bir elm kimi xalqları fərd kimi fikrə gətirərək öyrənir. Bu zaman xalqın tarixi və onun bütün təbəqələri,  o cümlədən şəxsiyyətləri fərdiləşdirilmir. Buna görə, şəxsə necə onun fərdi ağılından, mədəniyyətindən, davranışlarından qiymət verilirsə, eləcə də fərd kimi xalqa tarixindən, mədəniyyətindən, cəmiyyət təşkilindən qiymət verilir. Buradan da, xaqın mədəniyyəti, onun cəmiyyətinin tipi və tarixi bir tam kimi öyrənilməlidir.

“Bugünkü Azərbaycan cəmiyyəti düzgün yoldadırmı” sualının cavabı ilk növbədə tarixdə və mədəniyyətdə axtarılmalıdır. Eləcə də, bugünkü cəmiyyət quruluşunun effektliyi xalqın indiki mədəni səviyyəsi və tarixi nailiyyətləri əsasında dəyərləndirilməlidir. Tarix fərd kimi xalqın ağılının, istedadının və fəallığının məhsuludur. Hegel yazırdı ki, “materiyanın substansiyası ağırlığı olduğu kimi, ruhun da ağırlığı azadlığıdır”. Beləliklə, xalq ruhunun ağırlığı onun azadlıq hərəkatları ilə ölçülə bilər, hansı ki, bu ağırlıq həm tarixi, həm də çağdaş hadisələrdən ölçülməlidir. Müasir azadlıq səviyyəmizlə “21 Azər” Hərəkatının ruhunun azadlığı müqayisə olunduqda aydın olur ki, indi ruhumuzun ağırlığı çox azalıb. Ruhu ağırlaşdırmaq üçünsə tarixdən azadlıq hərəkatlarının ruhu mənimsənilməlidir. Ruh fərddə yox, ondan kənarda, onun da təşkilində iştirak etdiyi xalqdadır. Buna görə, azadlıq fərdi yox, yalnız milli səviyyədə, o cümlədən tarixi səviyyədə həqiqi azadlıq olur. Əgər bir xalq öz tarixinin azadlıq ruhunu mənimsəməyibsə, onun müasir dövrdə azad olması cətindir.

Başqa bir sosioloq, pozitivizmin banisi Kont isə belə hesab edir ki, “cəmiyyətin tarixini insan ruhunun tarixi idarə edir”. Başqa sözlə, tarix insanların təbii əlaqələrdən kənarda tarixi ruhla birləşməsi ilə - xalq yaratması ilə xarici aləmi dəyişdirməsi cəhdlərindən ibarətdir. Bunun üçün insanlar nəinki öz dövrlərində patriarxla münasibətlərdən (fərdiyyətçilik, ailəbazlıq, tayfabazlıq, qohumbazlıq yerlibazlıq) imtina etməli və bu zaman nəinki onunla eyni taleni bölüşdürən öz müasirləri ilə əlaqələnməlidir, həm də tarixən onunla eyni taleni yaşamış insanlarla möhkəm əlaqələr qurmalıdır. Patriarxal münasibətlərin ən xarakteriki ailədir. Tarixi hissə yiyələnməklə insan ailə sərhədlərindən çıxır. Biz bunu “ailənin dövlətdən ayrılması” kimi təyin edirik, hansi ki, ”dinin dövlətdən ayrılmasından” daha böyük, çətin əhəmiyyətli tarixi hadisədir. Ailə dövlətdən ayrılmadan həqiqi xalq ruhu təcalla etmir, milli dövlət yaranmır. Belə ayrılma məhz tarixi hissə yiyələnməklə olur.

Tarixi hiss xalqın tarixə bağlanması, keçmişdə qalması deyil. Çünkü bu zaman xalq nə indidə yaşaya bilir, nə də gələcəyə gedə bilir. Bəzi xalqların öz tarixlərinə düşgünlükləri məhz bundan qaynaqlanır. Xalq tarixə elə yanaşmalıdır ki, tarixi şəxsiyyət, tarixi vaxt və hadisənin baş verdiyi yer ikinci dərəcəli əhəmiyyət kəsb etsin, əksinə tarixi hərəkətlilik çılpaq şəkildə önə çıxsın və onu öz dövrünə-çağdaş dövrə keçirsin. Yalnız bu halda tarix xalqa xidmət edir, onu hərəkətə gətirir və onun hərəkətliliyini genişləndirir.

Bəs, tarix dövlətçilik üçün nə kimi əhəmiyyətə malikdir? Tarix bizə ideyaların əmələgəlməsi, inkişafı və məhv olmasının psixoloji səbəbilik əlaqəsini aşkarlayır. Hegel dövləti “insan iradəsi və azadlığı şəklində təzahür edən yerdə mövcud olan ilahi ideya” kimi təyin etmişdir. Buradan da xalqın dövlət yaratması onun Allahın ideyasını reallaşdırması kimi meydana çıxır. Əgər dövlət xalqın ən ali, ümumi, universal ideyasıdırsa, onda azərbaycanlıların dövlət yaratmaq və siyasi idarəçilik ideyasının (dövlətçiliyin) necə əmələ gəlməsi, inkişaf etməsi və məhv olmasının səbəblərini yalnız və yalnız bundan əvvəl tarixdə təkrarlanmış dövlətçilik ideyalarının aqibətindən öyrənə bilərik. “21 azər” göstərir ki, azərbaycanlılar Səfəvilərdən, Əfşarlardan, Qacarlardan başlamış dövlət ideyasını, idarəçilikdə Səttarxandan, Xiyabanidən və Rəsulzadədən başlamış  demokratik ideyaları seçmişlər. Bu gün də azərbaycanda xalq hakimiyyətinin, milli dövlətin taleyi yalnız və yalnız demokratik ideyaların seçilməsindən asılıdır...

“21 Azər”ə, eləcə də bu kimi hadisələrə münasibət həm də ona baxan subyektdən asılıdır. Eyni bir tarixi hadisəyə fərqli qiymətlərin meydana çıxması həmin hadisəyə qiymət verənlərin subyektiv kimliyi ilə bağlıdır. Buna görə də, Hegel yazırdı ki, “tarixi materialın işlənməsinə tarixçi bu hadisənin mahiyyətinin  ruhundan fərqlənən öz ruhu ilə yanaşır. Bu zaman o prinsiplər əhəmiyyət kəsb edir ki tarixçi tarixi necə yazmaq istəyir”. Amma tarixin fəlsəfəsi tarix elmindən fərqli olaraq tarixi yazmaq yox, onun mahiyyətini aşkarlamaq məqsədi güdməlidir. Tarixdə təsadüf tarixi şəxsiyyətlərin kimliyi, hadisələrin baş vermə vaxtı və yeri ilə bağlıdır. Birincisi, tarixi şəxsiyyətə Hegelin təbirincə desək “ayıqlıq” xas deyil, hansı ki, ona reallıqla arzular arasında seçim imkan vermir. Tarixi şəxsiyyəti öz ağlı yox, obrazlı desək Allah idarə edir. Buna görə də tale meydana çıxır. Tarixi şəxsiyyət hər şeyə arzuladığı kimi yanaşır və realıqlar onun üçün arxa plana keçir. Alim tarixi şəxsiyyətə bunun əksinə, reallıqdan qiymət verir, nəticədə tarixi şəxsiyyət tənqid atəşinə məruz qalır. M.Ə.Rəsulzadə, M.Pişəvəri və yaxın dövrdə Elcibəy məhz tarixi şəxsiyyətlər olduğundan və arzuladıqlarına cəhd etdiklərində reallıqlara məhəl qoymadıqlarından, istənilən tarixçi alim tərəfindən asanlıqla tənqid olunurlar(elə indi bizdə siyasi partiya liderlərinin tənqidi də bununla bağlıdır).

İkincisi, yer yalnız coğrafi şərtlər kimi təbiətin inkişafına təsir edə bilər, nəinki cəmiyyətə. Belə olmasaydı, onda oxşar coğrafiyada oxşar tarixi hadisələr olmalıydı. Halbuki, tarix çox vaxt oxşar coğrafiyalarda fərqli inkişafdan meydana çıxıb.

Üçüncüsü, hadisələrin başvermə vaxtı da təsadüfdür. Əgər belə olmasaydı, rus qoşunlarının İrana girməsindən sonra İranda Kürd, Fars və başqa hökumətlər yaranmalıydı. Və ya əksinə, rus qoşunları girməmiş ərazilərdə demokratik hökumətlər yaranmamalıydı. Tarix bunun əksini sübut edir. Belə ki, ruslar Azərbaycanın şimalından çıxandan sonra həm 1918, həm də 1992-ci ildə demokratik hökumətlər qurulub.

Buna görə də, tarixi hadisəyə onun baş verdiyi vaxta, yerə və hadisənin baş aktyorlarına görə qiymət verilməsi əslində tarixi həqiqəti dəyərləndirməyə imkan vermir. Bu gün “21 Azər” hadisəsinə bu hadisənin Azərbaycanın cənubunda olmasına, onun başında duran S.Pişəvəri və başqalarının siyasi kimliyinə, nəhayət hadisənin rus qoşunlarının İrana girməsi ilə eyni vaxta təsadüf etməsinə görə baxılması “21 Azər”in həqiqətini təhrif etməyə gətirib çıxarır. Beləliklə, əgər biz “21 Azər”i onun cənubda olmasına, S.Pişəvəri və digərlərinin aktyorluğuna və rus qoşunlarının İran ərazisinə girməsindən kənar baxsaq, yalnız onda “21 Azər”in mahiyyəti bizə aydın olar və biz bu hadisəyə həqiqi, düzgün, ədalətli və zəruri qiymət verə bilərik.

“21 Azər” Hərəkatı Azərbaycanın cənubunda, indiki İran dövlətinin siyasi sərhədlərində saxlanan ərazilərimizdə 1946-cı ilə, II dünya müharibəsinin səbəbləndirdiyi rus qoşunlarının İrana daxil olması və böyük bir ərazidə İranın mərkəzi hakimiyyətinin avtoritetinin zəifləməsi, yəni avtoritar boşluğun yaranması ilə bağlı Mircəfər Pişəvəri və digər Azərbaycan patriotlarının elan etdiyi Azərbaycan Demokratik Hökumətinin yaradılmasından ibarətdir. Biz bu hadisələrə kritik tarix baxımından qiymət vermək üçün dediyim şərtlərin hər birini bir kənara qoymalıyıq və aşağıdakı suallara cavab verməliyik:

Rus qoşunları İrana girməsəydi “21 Azər” Hərəkatı kimi bir hərəkat baş verə bilərdi, ya yox? Bu sualın cavabı “bəli”dir. Çünki “21 Azər” Azərbaycan xalqının tarixi hərəkətliliyinin yeni dövrdə təzahür etməsindən ibarətdir. Yəni İran dövlətinin sərhədlərində saxlanan Azərbaycanın cənub ərazilərində yaşayan azərbaycanlılar bundan əvvəl buna bənzər hərəkətlər etmişlərmi? “21 Azər”dən öncə Azərbaycanın cənubunda 1905-ci ilə ümumdünya tarixi əhəmiyyətli Azərbaycan türkü Səttarxanın başçılığı altında Təbrizdən başlayan nəhəng demokratik hərəkat - Məşrutə Hərəkatı baş vermişdir. Bu, Şərqdə yerli özünüidraəetmə uğrunda qələbə ilə nəticələnmiş yeganə hərəkat idi. Bu hərakat, öz dövründə dünyada  Hannibalın, Harribaldinin, Kromvelin, Puqaçovun və Spartakın tarixi hərəkətliliyinə bərabər bir hərəkat hesab edilmişdir. Hətta Lenin bunu “dünya siyasətinin alışqan maddəsi” adlandırmışdır. Səttarxanın terror edilməs ilə bağlı dünya siyasətinin alışqan maddəsi rolunu  Ferdinadın terror edilməsi oynadı, hansı ki, ikinci düya müharibəsi başladı. Beləliklə, Lenin Səttarxan hərəkatını dünya müharibəsinə səbəb ola biləcək nəhəng tarixi hadisə kimi dəyərləndirmişdir. “21 Azər” Hərəkatı ilə bağlı hadisələrin BMT-nin ilk gündəminə salınması, bu hadisənin ikinci dünya müharibəsində müttəfiqlik etmiş güclər arasında ciddi problemə çevrilməsi də, onu göstərirdi ki, “21 Azər” də Səttarxan hərəkatı ilə eynən “dünya siyasətinin alışqan maddəsi” olmuşdur. İkincisi, Azərbaycanın şimalında 1918-ci ildə Rəsulzadə və digərlərinin rəhbərliyi ilə azərbaycanlıların Demokratik Cümhuriyyəti elan edilmişdir. Bu hadisə bir tərəfdən Səttarxan hərəkatından qaynaqlanmış, digər tərəfdən öz dövründə Cənubda da nəhəng təsirlər buraxmışdır. Nəhayət, üçüncüsü, 1920-ci idə Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi və üç ay ömrü olan və Azərbaycanın cənubunda “Azadistan” Respublikasının elan edilməsi. Bu hadisə də azərbaycanlıların demokratik hərəkatı olub, dövlət yaratmaq cəhdindən xəbər verir. Beləliklə, “21 Azər” Hərəkatının demokratik hərəkat olması, onun özündən on illər əvvəl baş vermiş azərbaycanlıların azadlıq və demokratik hərəkatları ilə eyni mənalı olması göstərir ki, bu hadisə tarixi hərəkətliyin yeni dövrdə təzahüridir və zərurətə görə meydana çıxmışdır. Buna görə də bu hərəkatın rus qoşunlarının İrana girməsi, MÇ.Pişəvərinin siyasi kimliyi və cənubda baş verməsinin heç bir ciddi əhəmiyyəti yoxdur.

“21 Azər”in həqiqi milli hərəkətlilik olmasını həm də onun özündən sonrakı tarixi hadisələrlə məntiqi əlaqədə olması sübut edə bilər. “21 Azər” Hərəkatından sonra bu hərəkatın liderləri sonralar həm İranda azadlıq uğrunda mübarizənin singələri olmuş(bu gün də İran rəsmi təbliğatında Pişəvəri və onun hərəkatına qarşı ciddi qara piyar aparılır), həm də Şimala keçərək Sovet Azərbaycanında 43 il “İran demokratları” adını yaşatmaqla hərəkətliyi zəif də olsa dəvam etdirmiş və demokratların ailələrindən çıxmış Sirus Təbrizli, Hatəmi Qantəkin, Əbülfəz Hüseynli kimi fəallar Azərbaycanda 88-ci illərdə Xalq Hərəkatının önünə çıxmış, Balaş Azəroğlu, Rübabə Muradava və.s. başda olmaqla bir çox ədəbiyyat, elm və mədəniyyət xadimləri şimali azərbaycanlılar arasında milli ruhun dirçəldilməsində aktiv iştirak etmişlər.

Əgər bugünkü Azərbaycan dövləti həqiqi dövlətçiliyə söykənirsə, xalqımız həqiqətən öz kimliyi ilə mövcuddursa, Azərbaycan vətəndaşı azadlıq, xoşbəxtlik, ədalət istəyirsə, onda “21 Azər”ə indikindən fərqli münasibət göstərməlidir. Çünki bu hərəkat necə ki, özündən əvvəlki tarixi hərəkətliliyi təkrarlayıbsa, eləcə də, bizim müasir milli hərəkətliliyimizə zərurətə görə təkan verəcək. Məhz buna görə “21 Azər” kimi hadisələrə laqeydlik və müasir dövrdə milli hərəkətliliyin olmaması, vətəndaşların kölə psixologiyasında olmasına, dövlətcilik ideyasının inkişaf etməməsinə, Qarabağın azad edilməməsinə gətirib çıxarıb. Bütün bunlar göstərir ki, Azərbaycanda dövlətçilik, cəmiyyətdə mili ruh, vətəndaşlarda azadlıq meylləri olduqca zəifdir. Bu problemlərin həlli mütləq və mütləq tarixi hərəkətliliyi təkrarlamaq üçün tarixə milli baxış tələb edir. Hansı ki, “21 Azər” kimi tarixi hadisələrə ən ciddi şəkildə və  yalnız ildönümlərində yox, hər gün ciddi münasibət göstərilməli və bu kimi hadisələrin özündə daşıdığı ruh təbliğ, tədqiq və təşviq edilməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı