Modern.az

Ramil Usubovdan polis idarələrinin rəislərinə xəbərdarlıq

 Ramil Usubovdan polis idarələrinin rəislərinə xəbərdarlıq

26 Sentyabr 2009, 19:14

Sentyabrın 26-da Daxili İşlər Nazirliyində nazir Ramil Usubovun rəhbərliyi ilə kollegiya iclası keçirilib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclası daxili işlər naziri, general-polkovnik Ramil Usubov  açıb. O, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması sahəsindəki vəziyyətə toxunub. Nazir vurğulayıb ki, əldə olunmuş bir sıra uğurlarla yanaşı, bəzi şəhər-rayon polis orqanlarının fəaliyyətində hələ də ciddi nöqsan və çatışmazlıqlar mövcuddur ki, onların konkret həlli yolları göstərilməklə ilin sonunadək aradan qaldırılması vacibdir.
Gündəlikdəki birinci məsələ barədə məruzə ilə çıxış edən  Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini, polis polkovniki Arzu Daşdəmirov deyib ki, cari ilin 8 ayı ərzində daxili işlər orqanları tərəfindən axtarılan 1528, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 70 təqsirləndirilən şəxs tutulub, MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən axtarılan 73 nəfərin yeri müəyyən edilib.  Ötən ilin 8 ayı ilə müqayisədə axtarışda qalanların sayı 10,5 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə  5,5 faiz azalıb,  qəsdən adam öldürmə, adam oğurluğu, quldurluq, hədə-qorxu ilə tələb etmə, zorlama faktlarına görə axtarılanların tutulma göstəriciləri xeyli yaxşılaşıb.  
Ümumilikdə cari ilin 8 ayı ərzində axtarılan itkin düşmüş şəxslərin 62,7 faizinin yeri müəyyən olunub, ötən ilin eyni dövrü ilə müqayisədə onların sayı 14,6 faiz azalıb. Ümumən, təqsirləndirilən və itkin düşmüş şəxslərin axtarışı, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyən edilməsi işinin təhlili və öyrənilməsinin nəticələri göstərir ki, bu sahədə yerlərdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri bütövlükdə qənaətbəxşdir. Ayrı-ayrı polis orqanlarının fəaliyyətində olan nöqsan və çatışmazlıqlar isə - əsasən aidiyyəti əməkdaşlar tərəfindən DİN-in müvafiq normativ-hüquqi aktlarının tələblərinin tam mənimsənilməməsi, onların bir çoxlarının peşə hazırlığının aşağı olması, habelə rəhbər vəzifəli şəxslərin nəzarət və tələbkarlığının zəiflətləmələrinin nəticəsi kimi ortaya çıxır.   
Baş Kadrlar İdarəsinin rəisi, polis polkovniki İsmət Əliyev gündəlikdəki ikinci məsələ ilə əlaqədar məruzə ilə çıxış edərək bildirib ki, son illər ölkədə həyata keçirilən islahatlar, daxili işlər orqanlarında fəaliyyətin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə əhəmiyyətli işlər görülüb. 2008-ci ildə və cari ilin ötən dövründə nazirliyin tədris muəssisələrində və baza orqanlarında keçirilmiş muxtəlif növ tədbirlərə, o cümlədən ixtisasartırma və ilkin hazırlıq kurslarına ayrı-ayrı xidmətlər və ixtisaslar üzrə 11736 əməkdaş cəlb edilib, 361 nəfər isə xarici dövlətlərdə və beynəlxalq təşkilatların respublikada keçirdikləri təlimlərdə iştirak edib. Peşəkar idarəetmə bacarığının təkmilləşdirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq edilməsi məqsədilə ilk dəfə olarag 30-dan çox şəhər, rayon polis orqanının müxtəlif xidmətlərindən rəhbər heyət cəlb edilməklə Polis Akademiyasının bazasında əməliyyat-qərargah təlimləri keçirilib.
Müzakirələrdə  çıxış edənlər görülmüş işlər barədə danışaraq mövcud nöqsan və çatışmazlıqların ilin sonunadək aradan qaldırılacağına söz veriblər.     
İclasa yekun vuran nazir Ramil Usubov gündəlikdəki hər iki məsələ üzrə polis orqanları tərəfindən görülən işlərin ümumən qənaətbəxş olduğunu, tutulmuş iradlardan düzgün nəticə çıxarılaraq fəaliyyətin səmərəsinin artırılması ilə bağlı tədbirlər görüldüyünü, eyni zamanda, ayrı-ayrı polis orqanlarında bu işlərin günün tələbləri səviyyəsində qurulmadığını, bu yönümdə icra intizamının və icraya nəzarətiin zəif olduğunu xatırladıb.
Daha sonra R.Usubov iclas iştirakçılarının diqqətini mövcud nöqsanlara, onları yaradan səbəblərə və aradan qaldırılması yollarına yönəldib. O, qeyd edib ki, təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyən edilməsi sahəsində müəyyən işlərin görülməsinə baxmayaraq, bəzi şəhər, rayon polis orqanları tərəfindən qüvvə və vasitələr axtarışda olan ağır və xüsusilə ağır cinayət törətmiş şəxslərin tutulmasına deyil, əsasən, az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə axtarılan şəxslərin müəyyən edilməsinə yönəldilir.
Narahatedici məsələlərdən biri də xəbərsiz itkin düşmüş şəxslərin bir qisminin cinayətin qurbanı olması ehtimalının yoxlanılmasına yerlərdə kifayət qədər əhəmiyyət verilməməsidir. Bu səbəbdən bütün ərazi polis orqanlarında itkin düşmüş şəxslərin axtarışı ilə bağlı işlər diqqətlə öyrənilməli, onların qətlə yetirilməsi, yaxud cinayətin qurbanı olması ehtimalı dərindən araşdırılmalı, zəruri hallarda cinayət işlərinin başlanması üçün prokurorluq orqanı qarşısında vəsatət qaldırılmalıdır. 
R.Usubov nazirliyin Baş İdarə, İdarə və ərazi polis orqanlarının rəislərindən tələb edib ki, xidmətə yeni qəbul edilmiş gənc əməkdaşlarla aparılan hamiçilik işinin səmərəsi yüksəldilməli, bu sahəyə xüsusi diqqət yetirilməli, onların hazırlıq səviyyəsinin artırılması üçün real işlər görülməli, məsələyə daha böyük məsuliyyətlə yanaşılmalı, nəzarət və tələbkarlıq gücləndirilməlidir. Peşə hazırlığı, o cümlədən ixtisasartırma və təkmilləşdirmə işinin beynəlxalq təcrübə nəzərə alınmaqla qurulması, polisin fəaliyyətinin təşkili və həyata keçirilməsində əldə olunmuş müsbət nəticələrin öyrənilərək şəxsi heyətə çatdırılması və xidməti fəaliyyətdə tətbiqi təmin olunmalıdır. Həmçinin cinayətkarlığa qarşı mübarizədə və ictimai təhlükəsizliyin təminində rolu və yeri baxımından əməkdaşların peşə hazırlığının təşkili, əməliyyat-xidməti fəaliyyətin prioritet istiqamətlərindən biri kimi nəzarətdə saxlanılmalıdır.
Daxili işlər naziri fəaliyyətin bütün istiqamətləri üzrə mərkəzi aparatda və yerlərdə kompüterləşmə və müasir informasiya texnologiyalarının tətbiqinin zəruriliyini, polis əməkdaşının vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına, Etik Davranış Kodeksinin tələblərinə ciddi riayət etməsinin əhəmiyyətini bir daha vurğulayıb. O,  qanunçuluğa, xüsusən insan hüquq və azadlıqlarına riayət olunmasına görə orqan rəislərinin şəxsən məsuliyyət və cavabdehlik daşıdıqlarını bildirib, təqsirkar əməkdaşların hərəkətlərinə prossesual qanunvericiliyə uyğun hüquqi qiymət veriləcəyi barədə onları bir daha xəbərdar edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir