Modern.az

Azərbaycanda milli şüur məsələsi: tarix və cağdaşlıq

Azərbaycanda milli şüur məsələsi: tarix və cağdaşlıq

20 Dekabr 2013, 14:48

 AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru

I yazı

Milli şüur milli mənəvi dəyərləri özündə əks etdirən bir anlayışdır. Şüur anlayışı nə qədər ümumidirsə, milli şüur istilahında həm ümumilik, həm də xüsusilik vardır. Milli şüur bir növ fərdi şüurla ümumi şüur arasında əlaqələndirici keyfiyyətə malikdir. Çünki milli şüurda bir fərdin təmsil olunduğu konkret etnik, dini, mədəni xüsusiyyətlərlə yanaşı, ümumi mahiyyətli bəşəri dəyərlər də öz  əksini tapa bilər. Yəni hər birimiz bir tərəfdən konkret bir millətin, dinin, mədəniyyətin nümayəndəsi olduğumuz halda, digər tərəfdən bəşəriliyə aid əlamətləri də daşıyırıq.

Bu mənada, milli şüur-milli ruh yalnız nəsil, qan birliyi əsasında formalaşa bilməz. Bu prizmadan çıxış etsək görərik ki, milli ideologiyanı da yalnız qan-nəsil birliyi ilə formalaşdırmaq çətindir. Ona görə də, milli şüur milli ideologiyanın formalaşmasında çox mühum rol oynaya bilər. Yəni türklüyümüzlə yanaşı, islamlılığı, çağdaşlığı və azərbaycanlılığı ifadə edən yeni bir milli şüura ehtiyacı­mız var. Burada türklük dil, mədəniy­yət və etnosla, azərbaycanlılıq vətən və dövlətçiliklə, islam dini inac və etiqadla, müasirlik yeniləşmə və zəmanənin tələb­ləri ilə bağlıdır.

Ona görə də, milli şüur, milli ideya dedikdə, onu yalnız etnik mənada başa düşüb, yalnız türkçülük kimi yozmaq doğru deyildir. Türkçülük milli şüurun biri hissəsidir. Doğrudur, ancaq aparıcı hissəsi və nüvəsidir. Buna səbəb də odur ki, milli şüurun formalaşması hər şeydən öncə dil, mədəniyyət və qan-nəsil birliyi (etnos) ilə bağlıdır. Hər bir insan danışdığı dilin milli varlığıdır. Elə bir varlıq ki, özünü onunla ifadə edir. Bu baxımdan türk dilində (Azərbaycan) danışan və təhsil alan hər bir Azər­bay­can vətəndaşı (türk və türk olmayanlar) özünü həm türk (çoxsaylı Azərbaycan türkləri), həm də azərbaycanlı (türklər və azsaylı etnik qruplar) kimi qəbul edir. Bu bütövlük nəticəsində yaranan azərbay­can­lı­lıq milli şüurun özünüdərk nümunəsidir. Deməli, milli şüur formalaşdırılarkən dil amili birinci yeri tutur.

Burada genetik amilin, yəni eyni qanı daşıyan nəsillərin etnos birliyinin-milliyyətin də xüsusi rolunu qeyd etmək lazımdır. Genetik amil (qan birliyi) milli özünüdərkin daxili bir posesidir. Bu proses insanın şüuraltı (təhtəl şüur)  hissəsinin oyanışına, öz etnikliyini tanımasına səbəb ola bilər.

Mədəniyyət isə milli adət-ənənələrlə bağlıdır. Burada milli mentalitet də çox mühüm rol oynayır. Türklərin mədəniyyətində xoşgörü (tolerantlıq), humanizm, əxlaqi-mənəvi və s. məsələlər mühüm yer tutur.

Bu mənada 19-cu əsrin ortalarından başlayaraq çar Rusiyasının işğalı altında olan Şimali Azərbaycan ərazisin­dəki müxtəlif türk boyları ilk növbədə qan-nəsil (etnos), dil və mədəniyyət birliyindən çıxış edərək milli varlıqlarını ifadə etməyə çalışmışlar. Azərbaycan türk ziyalı­ları tayfa və xanlıq şüurundan əl çəkərək çağdaş dövrün tələblərinə uğyun millət olmanın əhəmiyyətini anlamışlar. Artıq Bakıxanov, Axundzadə, Zərdabi kimi Azərbaycan mütəfək­kir­ləri hər hansı milli və dini məsələyə bir tayfa, yaxud bir bölgənin miqyasında deyil, Qafqaz-Azərbaycan türklərinin səviyyəsində yanaş­mışlar. Doğrudur, onlar bu zaman çar Rusiyası­nın apardığı siyasət nəticəsində bir sıra hallarda, milli kimliyini və milli dilini «tatar», «müsəlman» kimi qələmə vermişlər. Bütün hallarda milli şüurun çağdaş dövrün tələblərinə uğyun şəkildə formalaşması prosesi başlamışdır.

Çünki bu bölgədə istər say, istərsə də tarixi gerçəklik baxımından Azərbaycan türkləri qədər buna hazır olan başqa etnoslar olmamış­dır. Ona görə də, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində baş qaldıran milli oyanış prosesində Azərbaycan türkləri aparıcı yer tutmuşlar. 20-ci əsrin əvvəllərində milli şüurun formalaş­dırılması yolunda ciddi addımlar atan milli ideoloqlar da (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşı, M.Ə.Rə­­sulzadə və b.) sonunda anlamışlar ki, milil varlıqlarını ifadə etmək üçün ən güclü silahlardan biri etniklikdir-türkçülükdür.

Onlar bu qənaətə dini şüurun istənilən effekti verməməsindən sonra gəlmişlər. Bu mənada, ilk dövrlərdə milli şüurun aparıcı qüvvəsi dini şüur-islamçılıq idisə, daha sonra onu türkçülük əvəz etmişdi. Türkçülük milli şüurun formalaşması yolunda mühüm bir addım idi. Belə ki, çar Rusiyasının ideoloqları tərəfindən milli kimliyi və milli dili saxtalaş­dırılan Azərbaycan türklərinin milli şüurunun oyanmasında milli özünməxsus­luqlar (türk kimliyi, türk dili, türk tarixi, türk mədəniyyəti, türk qəzeti, türk teatrı) mühüm rol oynamışdı.

Dünənə qədər «müsəlman», «tatar», «persian» və s. adlarla milli kimliyi və milli dili saxtalaşdırılan Azərbaycan türklərinin parçalanmış milli şüuru türkçülük əsasında formalaşmağa başladı. Bu o demək deyil ki, milli ideoloqlar islamçılıq və çağdaşlıq şüurunu bir kənara qoydular. Əslində bu mümkün də deyildi. Sadəcə, türklük milli şüurun formalaşmasında islamlıq və müasirlikdən önəmli olmasını sübub etdi. Beləliklə, türkçülük və onun Azərbaycandakı bir qolu olan Azərbaycan türkçülüyü milli şüurun formalaşma­sın­da təkanverici amil oldu.

Yeri gəlmişkən, burada türkçülüklə onun bir qolu olan Azərbaycan türkçülüyünü müəyyən qədər fərqləndirmək lazımdır. Əgər türkçülük bütün Türk dünyasınının oyanışını və birliyini hədəfləyirdisə, Azərbay­can türkçülüyü daha çox bu coğrafiyada yaşayan türklər başda olmaqla, bütün azərbaycanlıların çar Rusiyasının əsarətindən qurtulmasını və milli varlığını dünyaya sübut etməyi qarşıya əsas məqsəd kimi qoymuşdur. Başqa sözlə, türkçülüyün yerli forması olan  Azərbaycan milli ideyası imkan verirdi ki, «tarixi-coğrafi Azərbaycan» ərazisində yaşayan bütün türk və qeyri-türk etnoslar vahid millət şəklində meydana çıxsınlar. Əslində bu ideya ən azı bir əsr öncə reallaşmalıydı. Ancaq onda milli şüur istənilən səviyyədə olmadığı üçün Azərbaycan Türk Xanlıqları birləşmə bilməmiş və çar Rusiyası tərəfindən işğala məruz qalmışdı. Yalnız bu işğaldan sonra Azərbaycan türkləri bir millət olaraq toparlan­mağa və milli şüur formalaşdırmağa başlamışlar.

Mirzə Bala Məmməd­zadə­nin təbrincə desək, xanlıqlar dövründəki tayfa şüuru artıq aradan qalxmağa başlamış, tayfa-xanlıqlar şüurunun yerini kollektiv şüur -  millət şüuru tutmuşdur. M.Ə.Rəsulzadə isə bir qədər də konkret şəkildə yazırdı ki, artıq Azərbaycan insanının şüurunda bir neçə yerə bölünmüş xanlıqlar deyil, Azərbaycan milli ideyası formalaşmışdır.

Şübhəsiz, 20-ci əsrin əvvəllərində milli şüurun formalaşması prosesinə dünyada və çar Rusiyasında baş verən tarixi olaylar da öz təsirini göstərirdi. Bir tərəfdən tayfa-xanlıqlar şüurundan uzaqlaşma, digər tərəfdən milli azadlıq hərəkatının güclənməsi Azərbaycanda milli şüurun yaranması ilə nəticələndi. Bu isə, öz əksini «türk kimliyi», «türk dili», «türk mədəniyyəti», «türk tarixi», «türk ədəbiyyatı» anlayışlarında tapdı. Xüsusilə, «Açıq söz» qəzetinin şüarı olan türkləşmək, müasirləşmək və islamlaş­maq milli şüurun formalaşmasında həlledici rol oynadı.

Ancaq bu dövrdə müxtəlif ideyaların fonunda milli şüurun formalaşması heç də asan olmamışdır. Bir tərəfdən marksistlər və sosialistlər, digər tərəfdən  mühafizəkarlar və ittihadçılar milli şüurun formalaşması prosesinə əngəl olmağa çalışmışlar. Çünki bu qüvvələr hesab edirdilər ki, milli şüura sahib olmaq uyğun şəkildə dünyada sosializmin və islamiyyətin qələbəsinə qail olmağa əngəldir. Bu mənada, milli şüuru sosialist və islami beynəlmiləlçiliyə zidd sayanlar hesab edirdilər ki, Azərbaycan milli ideyası utopiyadan başqa bir şey deyildir. Üstəlik, Azərbaycan milli ideyası «İslam birliyi»nə, yaxud da sosializm hərəkatına zərbədir. Parlament­in ilk iclaslarının birində Rəsulzadə bunları nəzərə alaraq  demişdir ki, vaxtilə Azərbaycan milli ideyası irəli sürüləndə mühafizəkar islamçılar bunu «İslam birliyi»ni parçlamaq, sosial-demokratlar isə dünyada sosializmin qalib gəlməsi ideyasına xəyanət kimi görmüşlər. Ancaq Cümhuriyyət yarandıqdan sonra istər mühafizəkar islamçılar, istərsə də sosialistlər Azərbay­can milli ideyasını iki əllə müdafiə edirdilər.

Rəsulzadənin bu tarixi çıxışı göstərir ki, həmin dövrdə milli şüur artıq qalib bir vəziyyətə gəlmişdir. Ancaq onun bu qalibiyyəti istər sosial-demokrat cildinə girmiş rus bolşeviklərini, istərsə də «Rusiya müsəlmanlarının birliyi» xülyası ilə yaşayan, bu mənada Rusiya imperiyasını dağılmasını istəməyən ittihadçıları müəyyən mənada narahat edirdi. Xüsusilə, rus bolşevikləri Azərbaycanda milli şüurun qələbəsini həzm edə bilmirdilər. Çünki milli şüur ilk növbədə türklüyə, daha sonra islami və demokratik dəyərlərə əsaslanırdı. Beləliklə, bunların vəhdəti olaraq Azərbaycan milli ideyası, yəni azərbaycanlılılq şüuru da yaranmış olurdu.

Beləliklə, azərbaycanlılılq şüuru dil birliyi, qan birliyi (genetik amil) və mədəniyyət birliyinə əsaslanan türkçülüklə yanaşı, islam, vətən və dövlət şüurunu da özündə əks etdirirdi. Yuxarıda da qeyd etdiyimiz kimi, türkçülük milli şüurun əsas xətlərindən biri və birincisidir. Ancaq müxtəlif etnosların yaşadığı bir ölkədə yalnız nəsil-qan birliyindən çıxış etmək  heç də asan deyildir. Bu o deməkdir ki, dil, qan və mədəniyyət birliyi daha çox milli dövlət yaranana qədər aparıcı mövqe daşıya bilər.

Dövlət yarandıqdan sonra etniklik (dil, mədəniyyət və etnos birliyi) kifayət etmir. Başqa sözlə, bir dövlətdə, xüsusilə çoxetnoslu bir dövlətdə yalnız etniklikdən çıxış etmək və milli ideya kimi qəbul etmək problemlidir. Doğrudur, bu zaman da müstəqil dövlətdə aparıcı etnosun dili və mədəniyyəti birmə­nalı şəkildə qəbul edilir. Ancaq müstəqil dövlətdə etniklik öz yerini qoruyub saxlamaqla yanaşı, digər azsaylı etnik qrup­ların da dil və mədəniyyətləri nəzərə alınmalıdır. Bun­un üçün isə dini dəyərlər və dövlətçilik vacib amillər­dən­dir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu