Modern.az

İran-Amerika: Qarşıdurma davam edir

İran-Amerika: Qarşıdurma davam edir

Aktual

21 Dekabr 2013, 00:11

İranla dünyanın aparıcı dövlətləri (P5+1) arasında nüvə sahəsində danışıqlarda müəyyən razılaşmanın əldə olunmasına baxmayaraq, tərəfləri qane edəcək yekun müqavilənin imzalanması tarixi hələ qeyri-müəyyəndir. Bu da təbiidir. 1979-cu ildən- İranda İslam İnqilabı baş verdiyi tarixdən bu günə kimi İranla ABŞ arasında kəsilən əlaqələrin qısa müddətdə bərpası real deyil. Digər tərəfdən İranla Qərb dövlətlərinin yaxınlaşması ABŞ-ın Yaxın Şərqdə strateji tərəfdaşları olan İsrail və Səudiyyə Ərəbistanının ürəyincə deyil və bu iki dövlət bütün imkanlarından istifadə edərək bu yaxınlaşmaya mane olmağa çalışırlar. Onların yaxın gələcəkdə İslam dünyasında baş verə biləcək köklü dəyişiklikləri həzm etməyə hazır olmamaları göz önündədir. İsrail və Səudiyyə Ərəbistanı İranın dünya dövlətləri ailəsinin nüfuzlu üzvü olmasına qarşı sonadək mübarizə aparacaqlar.

Dünyada  yeganə Yəhudi dövləti ilə İslam dininin beşiyi olan  bir dövlət bu gün İrana qarşı eyni mövqedən çıxış edir. Uzun müddət Yaxın Şərqdə İsrailə qarşı mübarizə aparan, onu az qala bütün müsəlmanların düşməni adlandıran bir dövlətin mövqeyində baş verən bu dəyişikliyin səbəbi nədir? Nədən Məkkə və Mədinə kimi İslamın ən müqəddəs atributları olan iki şəhərə sahiblik edən bir dövlət İranın simasında İslam dövlətini deyil İslam dövlətləri ilə uzun müddət münaqişədə olan İsrail dövlətini dəstəkləyir?

Təbii ki, İsrail – Səudiyyə Ərəbistanı yaxınlaşmasının əsas səbəbi yenə siyasət və yenə də regionda nüfüz sahibi olmaq uğrunda gedən mübarizədir. Səudiyyə Ərəbistanı İranı bu günkü formada mövcudluğu üçün təhlükə hesab edir. Əhalisinin 15 faizdən artığının şiə olduğu bu ölkənin hakim dairələri İran İslam İnqilabının həyata keçirə bilmədiyi bir missiyanın- şiəliyi bütün dünyada yaymaq missiyasının yenidən gündəmə gəlməsindən, ərəb baharının şiə baharına çevriləcəyindən ehtiyat edir. Son illər Səudiyyə Ərəbistanı var qüvvəsi iə çalışır ki, Yaxın Şərqdə tüğyan edən Ərəb Baharı bu ölkəyə sıçramasın. Bu məsələdə o öz nüfuz dairəsində olan ərəb ölkələri ilə eyni siyasət yürüdür və özünün strateji tərəfdaşı olan ABŞ ilə hətta qarşıdurmaya getməkdən belə çəkinmir. Bu gün Yaxın Şərqdə hakim olan sülalələrdən heç biri Amerika və Qərbə etibar etmir, ehtiyatlı siyasət yeritməyə üstünlük verirlər.Mübarək və Qəddafinin taleyi onlar üçün yaddan çıxmayan bir vahiməyə çevrilmişdir. İş o yerə çatmışdır ki. Amerikanın Yaxın Şərqdə yeritdiyi siyasətə etiraz olaraq Səudiyyə Ərəbistanı uzun müddət həsrətində olduğu BMT TŞ-dakı yerindən imtina etdi. Bütün bu hadisələr və beynəlxalq münasibətlərdə Amerikanın diktəsi iə baş verən dəyişikliklər Səudiyyə Ərəbistanını öz tarixi düşməni ilə eyni masada oturmağa məcbur edir.

İran –İsrail düşmənçiliyinin tarixi isə  şah zamanına gedib çıxır. Hələ 1976-cı ildə İran, Pakistan və Türkiyənin birgə yaratdığı İnkişaf naminə Regional Əməkdaşlıq təşkilatı İsrailin Fələstin torpağında törətdiyi qanunsuzluqlara görə beynəlxalq səviyyədə cəzalandırmağı gündəmə gətirmişdi.

 İsrail uzun müddət İranın nüvə məsələsini qabardaraq Fələstin probleminin həllindən yayınmışdır. Təbii ki, nüvə problemi danışıqlar yolu ilə həll olunduqdan sonra İsrail Fələstin probleminin ədalətli həlli üçün masa arxasına oturmağa və öz ambisiyalarından əl çəkməyə məcbur ediləcəkdir. İsraili əndişələndirən və onu İranla yaxınlaşmanın qəti əleyhdarına çevrilməyə təşviq edən məsələlərdən biri də məhz budur.

İrana gəldikdə nüvə probleminin həlli yolları və bu istiqamətdə aparılan danışıqların formatı bu ölkədə də birmənalı qarşılanmır. Baxmayaraq ki, ölkənin Ali Dini Lideri Seyid Əli Xomeneyi ölkəsini düçar edilmiş iqtisadi blokadadan qurtarmaq üçün yeni seçilmiş prezident Həsən Ruhaniyə kart-blanş vermişdir, mühafizəkar qüvvələr danışıqların uğurla nəticələnməsinə qarşı çıxırlar. Amerika –İran qarşıdurmasından faydalanan mühafizəkar qüvvələr  yaxın  zamanlarda nüfuzlarının itirilməsindən narahat olurlar. Ona görə də onlar ölkə daxilində bu məsələni diskussiya mövzusuna çevirmiş, Prezident Ruhani və onun Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifi parlamentdə izahat verməyə çağırmğşlar. Zərif parlamentdə çıxışı zamanı elan etməyə məcbur olmuşdur ki, İran gücü nüvə silahından yox, xalqdan alır, biz xalqın qayğısına qalmalıyıq nəinki, nüvə silahının.

Əlimusa İbrahimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı