Modern.az

İran Azərbaycanı terrorla hədələyir

İran Azərbaycanı terrorla hədələyir

Təhsil

12 May 2010, 20:27

İran İslam Respublikasının məşhur iqtidaryönlü ruhanisi ayətullah Nasir Məkarim Şirazi mayın 12-də Qum şəhərində fiqh dərsində söylədiyi nitqində Azərbaycan Respublikasını hədələyib.

Nasir Məkarim Şirazi deyib ki, Bakıda şiələrə məxsus məscidlər sökülür və bununla bağlı, guya Azərbaycan Respublikasının bir sıra vətəndaşları ona müraciət edib: "Son vaxtlar Azərbaycan Respublikasından xəbərlər gəlir ki, hakimiyyət şiə məscidlərini yıxır və digər məscidləri də sökmək niyyətindədir. Biz Azərbaycan hakimiyyətinə bununla bağlı öz rəsmi mesajımızı yollamış, bu işdən əl çəkəcəklərinə ümidvar olduğumuzu vurğulamışıq.

Azərbaycan Respublikası dünyanın ikinci şiə ölkəsidir. Bu ölkədə əhalinin 90 faizi şiələrdən ibarətdir. Buna baxmayaraq sionistlərlə vəhabilər əl-ələ verərək bu ölkədə şiələrə qarşı fitnə törədirlər. İndi də məscidlərə əl qoyurlar. Biz burada açıq-aşkar bildiririk ki, əgər Azərbaycanda məscidlərin sökülməsi davam etsə, müqavimət hökmü verəcəyik. Biz həm də bildiririk ki, bu yolda ölənlər şəhid sayılacaq. Biz hökumətlər arasındakı diplomatik münasibətlərə əhəmiyyət vermirik. Azərbaycan hakimiyyəti bilməlidir ki, şiələr din alimlərinin fərmanını gözləyirlər və alimlər hansı hökmü versələr şiələr onu yerinə yetirəcəklər. Biz hələlik bu barədə heç bir hökm verməmişik. Lakin haqqında danışdığımız məsələdə hər hansı dəyişiklik müşahidə olunmasa bu işi edəcəyik. Yaxşısı budur öz ölkənizin sabitliyinə xələl gətirməyəsiz. Əks təqdirdə gələcəyiniz yaxşı olmayacaq".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli Ayətullah Nasir Məkarim Şirazinin terrora çağırış kimi qiymətləndirib. Elçin Mirzəbəyli açıqlamasında bildirib ki, İranın din xadimlərinin ardıcıl olaraq Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər birmənalı olaraq dini-siyasi rejimin xeyir-duası ilə həyata keçirilir: "İranlı din xadiminin söylədikləri müstəqil Azərbaycan dövlətinin ictimai təhlükəsizliyinin və sabitliyinin açıq-aşkar təhdid olunması deməkdir. Azərbaycan hökuməti baş verənlərlə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etməli, İranın Azərbaycanın təhlükəsizliyinə yaratdığı hədələrlə bağlı müvafiq önləyici tədbirlərin görülməsinə nail olmalıdır". Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi