Modern.az

Küveyt səfiri: “Bizim cəmiyyətdə də çoxarvadlılığa münasibət dəyişib” - MÜSAHİBƏ

Küveyt səfiri: “Bizim cəmiyyətdə də çoxarvadlılığa münasibət dəyişib” - MÜSAHİBƏ

25 Dekabr 2013, 12:37

“Küveyt Yaxın Şərqdə yeganə demokratik ərəb ölkəsi və körfəz dövlətləri arasında ən ucuz yerdir” 

“Ölkəmizdə neftdən gələn gəlirin paylanmasında, bölünməsində ciddi ictimai nəzarət var”

Küveyt dövlətinin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi Modern.az saytı üçün müsahibə təklifimizə dərhal razılıq verdi.

Mətbuatla əməkdaşlığa meyilli olan az sayda səfiri çıxmaq şərtilə digərləri kimi nə vaxt qazanmaq istədi, nə də başqa bəhanələr gətirdi. Cənab səfir bu günə kimi görüşdüyüm və söhbət etdiyim ən ünsiyyətçil, sərbəst manerada söhbət aparan diplomatlardan biridir. Bəlkə də, bu sərbəstlik onun 32 illik diplomat fəaliyyətindən qaynaqlanır. Söhbətimizin əsas mövzusu iki ölkə arasındakı əlaqələrin bu günü və gələcəyi ilə bağlı oldu. Onu da öyrəndik ki, 6 övlad sahibi olan səfirin uşaqlarından 2-si Azərbaycan Diplomatik Akademiyasının ilk küveytli tələbəsi olacaq.
Beləliklə, Modern.az-ın səfirlərlə müahibələr silsiləsi davam edir...

- Bir aydır Azərbaycanda fəaliyyətə başlayan səfir özünü ölkəmizdə necə hiss edir?

-
Azərbaycana gəlməzdən əvvəl Argentinada səfir işləmişəm və hazırda ailəmlə birlikdə ölkənizdəyəm.  Azərbaycan dünyada tanınmış və özünəməxsus önəmli yer tutan bir ölkədir. Burda olmaqdan çox məmnunam. Bizi bir-birinə bağlayan bir çox ümumi bənzərliklər var ki, özümü burda çox rahat hiss edirəm. Əsas hədəfim işdir. İşimi də Azərbaycanın rəsmi şəxsləri ilə qurmalıyam. Gələcəkdə əlaqələrimizi daha yüksək səviyyədə inkişaf etdirmək üçün çalışmalıyam.  

- Səhv etmirəmsə, 32 ildir diplomatik fəaliyyətlə məşğulsunuz, müxtəlif ölkələrdə olmusunuz. Ümumiyyətlə  nə zamansa Azərbaycana səfər etmisinizmi?

- Yox, ilk dəfədir ki Azərbaycandayam.

- 19 ildir Azərbaycanla Küveyt arasında diplomatik münasibətlər qurulub. Necə düşünürsünüz, münasibətlərimizi qənaətbəxş hesab etmək olarmı?

-
İqtisadi və ticari əlaqələrimiz zəifdir. Bu əlaqələri öhkəmləndirməliyik.

- Sadaladığınız bu sahələrdə əlaqələrin zəif olması sizcə nəylə bağlıdır?

- Əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı istək mövcuddur. Düşünürəm ki, bu əlaqələrin zəif olmasına səbəb Ticarət Palatasının üzvlərinin, iqtisadi, ticari sahələrin nümayəndələrinin və  hər iki ölkənin iş adamları arasındakı məsul şəxslərin qarşılıqlı səfərlərinin olmamasıyla bağlıdır. Hesab edirəm ki, qarşılıqlı səfərlər təşkil edilməli və bu yöndə əlaqələr qurulmalıdır. Bu əlaqələri möhkəmləndirmək və genişləndirmək üçün ciddi fəaliyyət göstərəcəyəm.

- Küveytdəki Qeyri-Hökümət Təşkilatı olan Asiya Müsəlmanları Təşkilatı vaxtilə Azərbaycanda fəaliyyət göstərib. Ölkəmizdə dini sahə üzrə fəaliyyət göstərən təşkilatlarla birgə çalışıb, xaricdə təhsil almaq üçün tələbələr göndərib. Hazırda bu təşkilat yenə də fəaliyyətini davam etdirirmi?

-
Uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərən Asiya Müsəlman Təşkilatı hazırda fəaliyyətini davam etdirir. Bakıdadı “Ağ şəhər” layihəsində bu təşkilat üçün böyük bir bina ayrılıb ki, gələcəkdə qərargahı orada yerləşəcək.    

- Azərbaycanla bağlı viza rejimini sadələşdirmək barədə ölkəniz hansı mövqedədir?

- Vizaların alınması ilə bağlı artıq bəzi tədbirlər həyata keçirilib. Bu da vizaların elektronlaşdırılması, elektron vizaların tez bir zamanda alınması ilə bağlıdır. Müraciət edənlərə uzağı 3-5 günə viza veririk. Bu məsələdə heç bir problem yaranmır. Diplomatik pasportu olan şəxslərin vizaya ehtiyacı isə yoxdur. 

- Ölkənizin Dağlıq Qarabağla bağlı mövqeyi necədir?

- Küveyt dövləti BMT-nin Dağlıq Qarabağla bağlı çıxardığı müvafiq qərarlarını müdafiə edir. Ümumiyyətlə, bütün beynəlxalq təşkilatlarda, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında hər zaman Azərbaycanın mövqeyini dəstəkləmişik. Həmişə ölkənizin yanında olmuşuq.

- Neftə görə iqtisadiyyatı güclənən Küveyt daha hansı sahələrdə nailiyyətlər əldə edə bilib?

- Neft-kimya sənaye müəssisələri, plastik məmulatlar emal edən zavodlar var. Biz ancaq sənaye məhsullarından elektron malları və maşınlar idxal edirik. Bütün qalan təlabatları öz müəssisələrimiz ödəyir. Körfəz Ölkələri Təşkilatının üzvüyük və ümumi ticarət qaydasına görə, hər hansı bir məmulat həmin o beş ölkəyə daxil olarsa, bütün ölkələrə paylanılır. Bizdə iqtisadi sərmayə açıqdır. Hər hansı bir maneə yoxdur.

- Bəs turizm sahəsində vəziyyət nə yerdədir, ölkəniz bu sahədə turistləri yetərincə cəlb edə bilibmi?

- Küveyt isti ölkə olduğundan noyabr-aprel ayları arası turizm üçün ən əlverişli vaxt hesab olunur. Körfəz ölkələri arasında Küveyt ən ucuz yerdir. Deyərdim hətta dünyada ən ucuz ölkədir. Səhiyyə sahəsinə aid olan bütün xidmətlər ucuz və yüksək səviyyədədir. Küveytdə yüksək səviyyəli peşəkar həkimlər çalışır.  Avropadan, Amerikadan tanınmış məşhur həkimlər bizdə fəaliyyət göstərir. Tibb sahəsi kimi, təhsil də bizdə pulsuzdur.

- Sözünüzdən belə çıxır ki, gəzmək, alış-veriş üçün ölkənizə getməyə dəyər?

- Burada supermarketə gedirəm. Üç manata olan bir şeyi Küveytdə 1 dollardan aşağı alıram. Bəli, Küveytdə ucuz və keyfiyyətli istənilən bir şeyi almaq mümkündür.    

- Küveyt ərazi baxımından kiçik bir ölkə olsa da, Allah ona zəngin neft sərvəti bəxş edib. Neftdən gələn gəlir ölkənizdə şəffaf istiqamətdə xərclənirmi?

-
Bir çox ölkələrdə neft sərvəti birbaşa prezidentin tabeliyində olsa da, bizdə neft dövlətin əlində, neft nazirliyinə tabedir. Onun üzərində parlamentin də ciddi nəzarət var. Orada paylanma, bölünmə tam şəffaflıq şəraitdə baş verir. Bir sözlə, bu sahə ciddi ictimai nəzarət altındadır. Küveyt hətta bir çox ölkələrə kömək məqsədilə nefti pulsuz verir.

- Parlamentdən söz düşmüşkən, iki ölkə arasındakı əlaqələr hansı səviyyədədir?

- Bildiyiniz kimi, hər iki ölkənin parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Keçən il bizim ölkənin nümayəndə heyəti bura səfər etmişdi. İndi səfər etmək növbəsi Azərbaycan tərəfinindir. Küveyt uzaq ölkə deyil, təyyarə ilə iki saatlıq məsafədir. Birbaşa əlaqə olarsa, hətta bir saata da oranı qət etmək mümündür.

- Küveyt parlamentində neçə qadın deputat təmsil olunur?

- İki qadın üzvümüz var idi. Amma orada səslərin sayılması mübahisəli olduğu üçün digər qadın millət vəkili ilə bağlı nəticələr ləğv edildi. Buna qədərki seçkilərdə isə 4 qadın parlamentdə təmsil olunurdu. O dörd qadının üçü elmlər doktoru idi.

- Nəticələrin ləğv olunması səslərin sayılmasında saxtakarlığa yol verilməsiylə bağlı olub?

Yox, texniki səhv baş vermişdi. Bizdə seçki prosesinə, məhkəmə ilə bağlı məsələlərə ciddi nəzarət mövcuddur. Bu kimi məsələlərdə saxtakarlıq ola bilməz.

- Demək olarmı Küveyt demokratik ərəb ölkəsidir?

-
Küveyt Yaxın Şərqdə yeganə demokratik ərəb ölkəsidir. Müxtəlif nazirlər parlamentlə münasibətdə geri çəkilməli, vəzifəsindən istefa verməli olub.  

- Körfəz dövlətləri arasında yeni bir təşkilat qurmaq istəyi var. Küveytin bu məsələdə mövqeyi necədir?

- Bu barədə heç bir məlumatım yoxdur. Əgər belə bir təşkilat körfəz dövlətlərinin istəyi ilə yaranarsa və bu dövlətlərin mənafeyinə cavab verərsə, Küveyt bu körfəz dövlətləri ilə birlikdə olacaq.

- İraqda vaxtilə Səddam Hüseyn zamanı və indiki münasibətlərin fərqi barədə nə deyə bilərsiniz?

-
Səddam Hüseyn zamanı ölkəmizə hücum etdikdən sonra heç bir əlaqəmiz olmayıb. İndi bizim Bağdadda səfirliyimiz var, Küveytin Azərbaycandakı keçmiş səfiri hazırda İraqda səfir kimi fəaliyyətini davam etdirir. Bəsrə və Ərbil şəhərlərində Küveytin konsulluğu açılacaq. İndiki dövrdə İraqla çox gözəl əlaqələrimiz var.

- Küveytdə dini məzhəblər arasında münasibətlər nə yerdədir?


- Küveytdə çoxlu dini məzhəblər -sünni, şiə, bahara, sufilər var. 40 ildən çoxdur xristianların kilsəsi fəaliyyət göstərir. Sünnilərin öz qaziləri, dini məhkəmləri, şiələrin də öz məscidləri, dini məhkəmələri var. Yəni, məzhəblər arasında heç bir problem yaşanmır.

- Küveytdə də çoxarvadlılalıq mövcuddur?

- Çox az olar ki, birinin 2-3 arvadı olsun. Din icazə verir, amma məsuliyyət var, zaman dəyişib, cəmiyyətdə artıq buna baxışlar da başqalaşıb.

- Digər ərəb ölkələrində kral, əmirlər zaman olduqca vətəndaşlarla tək-tək görüşür, problemlərini öyrənib həll etməyə çalışır. Küveyt əmiri də bu cür addım atırmı?

- Küveyt əmiri öz xalqı üçün çox açıq bir dövlət xadimidir. Onun sarayının qapıları xalqının üzünə heç vaxt bağlı olmaz. Xüsusilə, bayram günlərində evinin də qapıları əhali üçün açıqdır. Əmir hər zaman xalqı ilə birlikdədir. Ramazan ayı ərzində iftardan sonra əhalinin evlərini ziyarət edir.

- Əmirin Azərbaycana səfəri nəzərdə tutulubmu?

-
Əmirin bir çox ölkələrə rəğbəti və səfər etmək istəyi var. Amma bildiyiniz kimi, vaxt məhdudiyyəti olduğundan bir çox dövlət əhəmiyyətli işlərlə məşğuldur. Əmirin 84 yaşı olduğundan da səhhəti ilə bağlı problemlər var. Biz də çox istərdik ki Azərbaycana gəlsin.  

 Laçın SƏMLA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir