Modern.az

Başı tərsinə döndərilən, uçurdulan, yəhudi əl işi - “Mirzə Fətəli Axundzadə” heykəli - LAYİHƏ

Başı tərsinə döndərilən, uçurdulan, yəhudi əl işi - “Mirzə Fətəli Axundzadə” heykəli - LAYİHƏ

Ölkə

25 Dekabr 2013, 12:48


O, sanki oturuşu ilə tarixin özünə insanlıq, mübarizlik dərsini keçir. Onun mübarizəsi baxışlarındadır. Vaxtilə qələmi ilə döyüşən milli dramaturgiya, ədəbi tənqid, maarifçilik məktəbinin banisi olan bu şəxs öləndən sonra da mübarizəni baxışlarındakı müdrikliklə davam etdirir. 
Modern. az saytı “Yeni Bakının köhnə abidələri” layihəsindən yeni yazını təqdim edir. Bu dəfə elə ilk cümlələrdən məlum olduğu kimi, “İçərişəhər” metrosu yaxınlığında öz adını daşıyan bağda ucaldılan “Mirzə Fətəli Axundzadə” heykəli barədə danışacağıq. Heykəl 1934-cü ildə məşhur yəhudi heykəltəraş Pinxos Sabsay tərəfindən hazırlanıb. 

O boyda Bakıda... 

Xalqlar həbsxanası nəyisə malalamaqdan ötrü 1930-cu illərdən etibarən mədəni quruculuq siyasətini həyata keçirməyə başladı.  Bu illər ərzində SSRİ-nin tabeliyində olan respublikaların iri şəhərlərində bu siyasət öz axarı ilə tətbiq edilirdi. Gözdən pərdə asmaq və tabeliyində olan “əsir”lərin milli mənəvi maraqları və tarixi soykökünə hörməti  göstərməkdən ötrü ittifaq dəridən qabıqdan çıxırdı. Şəhərsalma və memarlıq da bu siyasətin tərkib hissənə çevrilmişdi. Bakı şəhər İcraiyyə Komitəsinə də mərkəzdən bu istiqamətdə gərgin çalışmaq əmr edilmişdi. Amma di gəl ki, o boyda Bakıda milli heykəltəraş  yox idi. Sonrakı onilliklərdə meydana çıxacaq Cəlal Qaryağdı, Tokay Məmmədov, Fuad Əbdürrəhmanov, Ömər Eldarov bu zaman hələ gənc tələbə idilər. Məcburən işlər digər millətdən olan sənətkarlara tapşırılır. 1922-ci ildə Sabir heykəli Yakov İosifoviç Keylixis, 1934-cü ildə ucaldılan Mirzə Fətəli Axundzadə heykəli isə yəhudi Pinxos Sabsay tərəfindən hazırlanır. Maraqlı cəhət ondan ibarətdir ki, sonradan bu iki heykəlin hər ikisi sökülərək yenisi ilə əvəzlənir. Amma təbii ki Sabsay tərəfindən ucaldılan heykəl Keylixisin Sabirindən daha effektli idi.  Sabsay Azərbaycan və azərbaycanlıları çox sevdiyindən bu hissi öz işlərinə də köçürə bilib. Heykəlin dağıdılmasının isə tamam başqa tarixçəsi var. Bu barədə aşağıda məlumat veriləcək. Öncə isə bu yəhudi rəssam barədə bir neçə söz yerinə düşərdi.

Yəhudi olanda nə olar ki?..

Milli heykəltəraşların çatışmadığı bir zamanda bu boşluğu dolduranlardan biri də Sabsay idi. O, Odessa Rəssamlıq Texnikumunu və Peterburq Rəssamlıq Akademiyasını bitirib. 1917-ci ildə Odessa Təsviri İncəsənət İnstitutunda pedaqoji fəaliyyətə başlayıb. 
1918-ci ildə Vladimir İliç Leninin portret heykəllərini, “Əmək” monumental barelyefini yaradıb. 1928-ci ildən başlayaraq Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deməyə başlayıb. Bakıda monumental heykəllərlə yanaşı, həm də barelyeflərin üzərində işləyib. 1932-ci ildə Sabsay 55 fiqurdan ibarət olan 22 metr hündürlüyündə “İdmandan əməyə və müdafiəyə doğru” barelyefi yaradır. Bu əsər Bakıda İdman Sarayında qoyulub. 1933-cü ildə Bakı Fəhlə Teatrının foyesində onun müəllifi olduğu bir sıra barelyeflər yer alıb. 1937-ci ildə Sabsay Bakı neftçilərinə həsr etdiyi 12 metrlik “Qazma zərbəçiləri” barelyefinin də açılışı baş tutub. 
"Neftçi Kaveroçkin", "Rəssam Səttar Bəhlulzadə", "Neftçi Babayev", "Yazıçı Süleyman Rəhimov", Səməd Vurğunun mənzil-muzeyi üçün monumental portreti və s. ibarət portretlər qalereyası var. Puşkinin portreti onun ən kamil əsərlərindəndir. 
Azərbaycan SSR-in əməkdar incəsənət xadimi,  SSRİ-nin xalq rəssamı olub.  Sabsay yəhudi olmasına baxmayaraq, özünü Azərbaycanda həmişə doğma hiss edib. Milli kadrların da yetişməsində onun əməyi danılmazdır. O, sənətin sirlərini öyrətməklə yanaşı, yəhudi təfəkkürünün sənət ülviliyi ilə vəhdətini də tələbələrinə çatdırırdı. Azərbaycanın bir çox rəssam - heykəltəraşlarında bu ştrixi aydın görmək olar. 

“Beyni çönən” və yıxılan heykəl

Bu heykəlin həm də taleyi çox qəribə olub. Belə ki, aləmin bir-birinə dəydiyi illərdə, yəni müharibə və ondan sonrakı ilkin dövrlərdə bir qrup Bakı “qədeşinin” Axundovun xasiyyətindən xoşları gəlmir. Yarızarafata bənzəsə də,  bu, həqiqətdir. Onlar öz düşüncələrində Axundov heykəlinin yerləşmə qütbü ilə razılaşmırlar. Guya ki, Axundovun arxası onların kəndi tərəfə düşür. Gecə ikən həmin “cayıllar” Axundovun heykəlinin baş hissəsini müxtəlif alətlərlə ayıraraq üzünü öz kəndləri tərəfə çeviriblər. 

Bir dəfə də 1977-ci ildə bir gənc heykəli uçurmağa cəhd edib. Daha doğrusu, bunu bacarıb da. Sonradan həmin gənc istintaqa cəlb edilir. Hərəkətinə bəraət qazandırmağa çalışan gənc məhkəmədə çox gülünc bir səbəb göstərir: Guya ki, Axundov əlifba layihəsi hazırlamaqla vətənə xəyanət edib.

İşıqda üzə çıxan heykəl

Axundov heykəli həm də bir memarlıq abidəsi kimi yüksək sənətkarlıqla hazırlanıb. Sabsay yəhudi təxəyyülünü  burda da işə sala bilib. Dörd metrdən də az olan heykəl yerləşdiyi bağla çox gözəl bir harmoniya yaradıb. Belə ki, xudmani Axundov bağında 10 metrdən artıq heykəlin ucaldılması uyğunsuzluq olardı. Harmoniyasız heykəl görüm nöqtəsini də itirərdi. Amma heykəl elə bir ustalıqla ucaldılıb ki, o nəinki bağla, eləcə də ətraf tikililərlə harmoniyadadır. Əməkdar rəssam, memar Ömər Qorçu da bu detala xüsusi fikir verir: “Heykəli hər hansı bir nöqtədə yerləşdirmək o qədər də asan deyil. Heykəl bağlı bir məkan üçün nəzərdə tutulub. Çox maraqlı cəhət ondadır ki, həm özünün, həm də yerləşdiyi bağın xudmaniliyi və aralarında həmahəng yaratmaları çox diqqət çəkicidir. Bu heykəldə heç bir heykəldə olmayan bir özəllik də var. Bu ondan ibarətdir ki sənətkarlıq baxımından yüksək əhəmiyyət kəsb edən cəhəti var, bütün gün ərzində o heykəlin üzəri işıqlanır. Yadınızdadırsa Kirov heykəli var idi. O heykəlin də sifəti işıqlanırdı. Heykəllərdə ən önəmli cəhət budur. Siluet kimi yox hər zaman canlı görürük. İşıqlanan zaman kölgə effektləri yaranır . Bu kölgə effektləri çox nəzərə alınmalıdır.  Çünki heykəli əsasən canlı göstərir. İşıqlanmasının ən yaxşı cəhəti ondan ibarətdir ki, ətrafdakı memarlıq nümunələri ilə çox gözəl səsləşir”.

Bu heykəl kimindir ?

Hər bir abidə adını daşıdığı şəxsin həyat yolunu, onun şəxsiyyət eskizlərini özündə əks etdirməlidir. XIX əsr Azərbaycan ədəbiyyatı üzrə araşdırmaçı Məti Osmanoğlu da heykəldə bu məqamı qabardır: “Mirzə Fətəli Axundzadənin Azərbaycan xalqı üçün kim olmasından söz düşəndə öncə onun heykəli gözümün önündə canlanır. Daha doğrusu, 1977-ci ildə heykəlinin yıxıldığını xatırlayıram. O vaxt ifrat “millətçi” bir gənc gecənin birində Mirzə Fətəlinin heykəlini uçurmuşdu. Dedilər məhkəmə zamanı da öz hərəkətinin səbəbini belə izah eləmişdi ki, guya Mirzə Fətəli Axundzadə yeni əlifba layihəsi hazırlamaqla millətimizə “xəyanət” eləyib...

Bu fakt ictimailəşdirilməsə də, mənim yaddaşımda olduqca ibrətamiz bir hadisə kimi yaşayır: Mirzə Fətəli ölümündən yüz il sonra da insanların zehni, düşüncəsi ilə mücadilə aparırdı və həmin mücadiləni bu gün də davam etdirməkdədir.

Mirzə Fətəli Axundzadə XIX əsrdə tarixin Azərbaycan xalqı qarşısında qoyduğu çox ciddi bir məsələni, tarix səhnəsində öz yerini müəyyənləşdirmək məsələsini həll etmək yolunda ən ciddi və qətiyyətli addım atmış böyük şəxsiyyət olmuşdur.  
O vaxt öz dövləti olmayan, ərazisi Rusiya tərəfindən quberniyalara, İran tərəfindən ostanlara bölünmüş Azərbaycanın Şərqdən Qərbə keçid etməsində, gələcəkdə bir Avropa dövlətinə çevrilməsində əvəzsiz xidmət göstərmiş, bünövrə qoymuş bir dahidir. O öz əsərlərinə, öz hərəkətlərinə dövlətçilik düşüncəsi ilə yanaşmağı bacaran uzaqgörən şəxsiyyət olmuşdur. Dövləti olmayan bir toplumda bunu bacarmaq əsl möcüzədir. Onun Azərbaycanədəbiyyatında yaratdığı dram əsərlərinin, yaxud “Aldanmış kəvakib” povestinin əhəmiyyəti yalnı Azərbaycan və Şərq İslam xalqlarının ədəbiyyatına yeni ədəbi növ və ya janrların gətirilməsi ilə məhdudlaşıb qalmır. Bu əsərləri ilə Mirzə Fətəli bədii təfəkkürün ölçülərini və miqyaslarını dəyişmiş oldu, Azərbaycan bədii fikri Avropa “dilində” danışmağa başladı.  

Mirzə Fətəli Axundzadə Azərbaycana Avropa maarifçiliyini: həm maarifçiliyin fəlsəfi məzmununu,həm bədii nümunələrini, həm də estetik sistemini yaratmağa müvəffəq oldu və özündən sonra böyük bir yol açdı. İctimai məfkurə tariximiz bu gün də həmin yolla getməkdədir.”

Maraqlı məqamlardan biri də budur ki, Axundov heykəlinin üzərində onun kimə məxsusluğu yazılmayıb. Təsəvvür edin şəhərin mərkəzində yerləşən heykələ baxan turistlər özlərinə bu sualı verəcək: Bu heykəl kimindir? Uşaqlar valideyinlərinə bu sualı verəcəklər.

Elmin Nuri

P.S. Görəsən biz cəmiyyət olaraq Axundovun kimliyini və Axundovçuluğu dərk edirikmi? Görəsən biz bilirikmi bu heykəl kimindir?

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır