Modern.az

Azərbaycanlı nazir İrəvanda erməni dilində danışıb

Azərbaycanlı nazir İrəvanda erməni dilində danışıb

Təhsil

13 May 2010, 13:43

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının konfransı çərçivəsində Ermənistanda səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov İrəvanda keçirdiyi gənclik illərini xatırlayıb və mətbuat nümayəndələri ilə erməni dilində danışmağa başlayıb. (ANS).

“Mən erməni dilində danışıram, lakin 23 ildir ki, İrəvanda olmadığıma görə, bu məsələdə bəzi çətinliklərim var”, deyə nazir rus dilində bildirib. "Novosti Armeniya"nın məlumatına görə, nazir daha sonra jurnalistlərlə erməni dilində danışmağa başlayıb.

Nazir İrəvandakı keçmiş evinə baş çəkdiyini də qeyd edib. O bildirib ki, onun uşaqlığı və cavanlığı, hətta orta məktəb illəri burada keçib.

"Mən 1987-ci ilin dekabrınadək hər ay İrəvana gəlirdim", - deyə Abasov qeyd edib. Nazir bu müddət ərzində İrəvan üçün çox darıxdığını da bildirib. İ. Abasovun sözlərinə görə, İrəvan bu müddət ərzində çox dəyişməsə də, Bakıda əsaslı dəyişikliklər baş verib.

Nazirin sözlərinə görə, o, Ermənistanda olduğu iki gün ərzində yaxın qohumlarının yaşadığı Basarkeçər rayonuna gedib və iki kənddə olub: “Yayda Şişkərə kəndinə istirahətə gedərdik. Digər kənd isə qohumum akademik Əhliman Əmiraslanovun kəndidir. O, hazırda Bakıda yaşayır və Tibb Universitetinin rektorudur.
O, məndən xahiş etmişdi ki, imkan olarsa, Zod kəndində onun evini tapım. Mən onun evini tapdım və şəklini çəkdim. Bu onun üçün yaxşı hədiyyə olacaq".

Nazir onu da qeyd edib ki, İrəvana səfəri əvvəlcədən ölkə başçısı ilə razılaşdırılıb. Onun sözlərinə görə, bu səbəbdən də Bakıda bəzi şəxslərin bununla bağlı narazılığı əsassızdır.

İsmət Abasov bildirib ki, narazılıq əsasən müxalifət tərəfindən ola bilər: “Bu isə onunla bağlıdır ki, bizim ölkələr arasında hərbi vəziyyət mövcuddur”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir