Modern.az

BDU-nun kafedra müdiri: “Balzak deyirdi ki, "jurnalistikanı sevmirəm, hətta ona nifrət edirəm”" - MÜSAHİBƏ

BDU-nun kafedra müdiri: “Balzak deyirdi ki, "jurnalistikanı sevmirəm, hətta ona nifrət edirəm”" - MÜSAHİBƏ

28 Dekabr 2013, 10:37

2014-cü ilin mayında Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində fəaliyyət göstərən beynəlxalq jurnalistika kafedrasının 10 ili tamam olur. Modern.az bu münasibətlə kafedranın müdiri, professor Həmid Vəliyevdən aldığı müsahibəni sizlərə təqdim edir. Qeyd edək ki, Həmid Vəliyev uzun müddət Səhiyyə Nazirliyinin mətbuat katibi və bu nazirliyin rəsmi orqanı olmuş “Şəfqət” qəzetinin baş redaktoru vəzifəsində işləyib:

 Müstəqilliyin ilk illərində Azərbaycanda başqa sahələrdə olduğu kimi təhsil sahəsində də yeniliklər oldu. 1990-cı ildə Bakı Dövlət Universitetinin böyük elmi şurası qərar qəbul etdi. Azərbaycanda beynəlxalq münasibətlər, beynəlxalq hüquq, beynəlxalq jurnalistikanın inkişafı ilə bağlı tədbirlər görülməyə başlanıldı. Sonradan bu yöndə bir qərar qəbul edildi. Qərar da belə oldu ki, beynəlxalq münasibətlər beynəlxalq hüquq fakültəsi yaradılsın beynəlxalq jurnalistika ixtisası da bura daxil edilsin. Beynəlxalq jurnalistika bura daxil edildi və qəbul da həyata keçdi. Ancaq o vaxtı qəbul test üsulu ilə deyildi. 1992 -93-cü ildən sonra beynəlxalq jurnalistika üzrə bakalavr səviyyəsində kadrlar hazırlanmağa başlanıldı. O dövrdə indikindən fərqli olaraq qəbul çox məhdud səviyyədə aparılırdı. Hər il 10-12 nəfər aralığında tələbə qəbul olurdu. Sonradan da bu rəqəmlər əsasında kadrlar hazırlanırdı. Mən də o vaxtı Tiflisdən gəlmişdim və rus jurnalistikasından dərs deyirdim.

Yeni sahəni mənimsəmək tələbələr üçün çətin olmadı ki?

– Çox mükəmməl hazırlıqlı kadrlar yetişdirirdik. Tələbələr indikindən fərqli olaraq çox gözəl hazırlaşırdılar. Bir-biriləri ilə yaxşı mənada rəqabət aparırdılar. Bu bölmənin fəaliyyəti 1999-cu ilə qədər davam etdi. Bu ildə magistratura pilləsinə qəbul indiki kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından yox universitetin özü tərəfindən aparılırdı. Çox maralı bir proses idi. Magistraturaya o adamlar imtahan verirdi ki, onlar yalnız və yalnız əla qiymətlərlə universiteti bitiriblər. 1999-cu il beynəlxalq jurnalistikanın axırıncı buraxılışında 13 nəfər tələbə bitirdi. O il, magistratura pilləsinə qəbul beynəlxalq münasibətlər, beynəlxalq hüquq fakültəsinə deyil,  jurnalistika fakültəsində verildi. Siz təsəvvür edin həmin on üç nəfərin hamısı magistratura pilləsinə qəbul edildi. Çünki onları fərqləndirmək mümkün deyildi. Çox yüksək səviyyəli tələbələr idi.

– Həmin tələbələr yəqin ki, bu gün jurnalistika sahəsində tutarlı qələm sahibidirlər. Kimlərin adı yadınızda qalıb?

– Onlardan biri hazırda bizdə mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovadır. Kafedrada siyasi elmlər üzrə ilk elmlər namizədidir. Daha sonra onların içərisində Xarici Dillər Universitetinin mətbuat katibi Zeynəb Kazımova da var. Vəfa İsgəndərova adlı bir tələbəmiz var idi ki, o, sonradan Folklor İnstitutunda işə düzəldi. Hazırda filologiya elmləri üzrə fəlsəfə doktorudur. Həm də BDU-da dərs deyir. Vüqar Əliyev də o kadrlardan biridir. Magistraturanı bitirəndən sonra filologiya elmləri üzrə fəlsəfə doktorluğunu müdafiə etdi. Famil Mehdi nəzəriyyə və təcrübə kafedrasında müdir olan vaxtı orada laborant işləyirdi. Kafedramız yaranandan sonra beynəlxalq jurnalistika kafedrasının baş laborantı oldu. Bununla yanaşı Vüqar Əliyev yarımştat müəllim işləməyə başladı. Sonra özü də hiss etdi ki yarımştat onun üçün çox azdı. Səviyyəli bir kadr idi. İngilis dilini gözəl bilirdi, dünyagörüşü yaxşı idi. Burda beynəlxalq jurnalistikanın elmi-tədqiqat laboratoriyasını yaratdıq. Hazırda orada müdirdir. İndi kafedranın dosentidir, doktorluq dissertasiyası üzərində çalışır.

Kafedra nə zaman jurnalistika fakültəsinin tabeliyinə keçdi?

– 1999-cu ildə bizi jurnalistika fakültəsinə köçürdülər. Orada fəaliyyət göstərməyə başladıq. Özüm mətbuat tarixi kafedrasında işlədim. Müəllimlərimizdən Lalə xanım və Sabir Məmmədli nəzəriyyə və təcrübə kafedrasında fəaliyyət göstərirdi. Amma bu sahə şəxsən mənim özümə də maraqlı gəldiyi üçün bir çox yerlərə müraciət etdik. Nəhayət, 2004-cü ilin mayında böyük elmi şura qərar qəbul etdi ki, fakültənin tərkibində beynəlxalq jurnalistika kafedrası yaradılsın. Bu gün bizdə yalnız magistratura pilləsində təhsil var. Mən bunu az hesab edirəm. Səbəbi budur ki, beynəlxalq jurnalistika üzrə baza təhsili olmayanda magistratura pilləsində o sahəni kifayət qədər mənimsəmək olmur. Amma bir məsələni qeyd etmək istəyirəm. Beynəlxalq jurnalistika üzrə magistratura pilləsinə qəbul olan tələbələr əsasən Bakı Dövlət Universitetin məzunları deyil, digər ali təhsil müəssisələrinin məzunlarıdır. Əsasən Slavyan Universiteti, Xəzər Universiteti və digər buna bənzər yerlərdən gəlirlər. Bunun əsas səbəbi odur ki, xarici dilləri bilməkdə biz piyadayıq. Bu məsələləri mən dəfələrlə qeyd etmişəm. Jurnalistika fakültəsində xarici dillərin tədrisi yaxşı olmalıdır. Məsələn, beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin ayrıca xarici dillər kafedrası var. Orda iki xarici dili çox mükəmməl öyrənirlər. Orda tələbkarlıq var. Bizim kafedrada laborant vəzifəsinə təyin olunacaq adam mütləq xarici dili bilməlidir. Əvvəlcədən deyirlər bilirik, adam yoxlayanda məlum olur ki, heç nə bilmirlər. Əsas etibarilə bizim tələbələr magistr pilləsini  fərqlənmə diplomu ilə bitirir.  Amma mən bu fərqlənmədən o qədər də razı deyiləm.

– Bəs fərqlənmə ilə bitirənlər sonradan asanlıqla iş tapa bilirlər?

– Beynəlxalq jurnalistika kafedrasının xətti ilə hazırlanan kadrlar əsas etibarilə sonradan özlərinə yaxşı iş yerləri tapa bilirlər. Məsələn, Şahin Cəfərov adlı bir kadrımız var idi. İngilis dilini çox mükəmməl bilirdi. Magistraturanı bitirdi, AzərTAc-a işə düzəldi. Əsgərliyə getdi, qayıdanda yenidən orada çalışdı. O işləyən vaxtı AzərTAc-da ingilis dilli redaksiya yaradıldı. Əsgərlikdən sonra da orada çalışdı. Mükəmməl inkişaf etdi, sonradan baş müxbir və Azərbaycan dilli materialların baş redaktoru vəzifəsinə yüksəldi. Hazırda Çində AzərTAc-ın müxbiridir. İlk buraxılışlarımızdan olan bir məzunumuz Mətin Mirzəni də qeyd edə bilərik. Mətin Mirzə əvvəl uzun müddət Xarici işlər Nazirliyində işlədi. Sonradan İndoneziyada məsul diplomatik vəzifədə çalışdı. Hazırda başqa ölkədə fəaliyyət göstərir. O adamlar ki, beynəlxalq jurnalistikanı magistr pilləsi üzrə bitirirlər, sonradan daha yaxşı işlərdə çalışırlar.

– Beynəlxalq jurnalistika nədir? Onun hansı istiqamətləri var?

– Beynəlxalq jurnalistikanın nə olması barədə saatlarla danışa bilərəm. Amma qısaca deyə bilərəm ki, təkcə Azərbaycan üçün yox, xaricdə işləmək üçün kadrlar məhz burada yetişir.

Bayaq ingilis dilinin zəifliyinə toxundunuz. Bu günün beynəlxalq jurnalisti ingilis dilindən əlavə əsasən hansı dilləri bilməlidir?

– Əgər sən Avropa ölkələrinə inteqrasiya istiqamətində hazırlanmaq istəyirsənsə ingilis fransız, alman dillərini bilməlisən. Şərq ölkələri istiqamətində formalaşmaq istəyirsənsə ərəb, fars və digər dilləri bilməlisən. Bu gün hətta yapon dilini belə şərqşünaslıq fakültəsində tədris olunur.

Kafedranın tədris etdiyi dərslərdə tələbələr ədəbiyyat problemi ilə üzləşirlər?

– Beynəlxalq jurnalistika sahəsində ədəbiyyat problemi indiki gündə heç yaşanmamalıdır. İngilis dilini bilən adam üçün bu saat hər yerdə qapılar açıqdır. İnternet var, o dildə olan kitablar var. Beynəlxalq hüquq və münasibətlər fakültəsinin kitabxanası çox zəngindi. Onlar xarici ölkə kitabxanaları ilə qarşılıqlı əlaqədədirlər. Asanlıqla ingilis, rus, fransız alman dillərində olan kitabxanalara girib oradan faydalana bilirlər. Deməli, texniki imkanlar da əsas şərtdir. O fakültə Amerikanın konqres kitabxanası ilə əlaqələri var. Bunlar çox böyük şeylərdi. 

Beynəlxalq jurnalistlər digərlərindən nə ilə fərqlənməlidir?

– Mən hər yerdə görürəm ki bizim kafedradan çıxanlar layiqli yerlərdə işləyə bilir. Həm də onlar təkcə jurnalistikanın əsas xüsusiyyətlərini deyil, eləcə də ünsiyyət mexanizmini və diplomatiyanı gözəl bilir. Mən həmişə deyirəm, beynəlxalq jurnalist bax belə adamdı. O, jurnalistikanı mükəmməl bilməli, yaxşı danışmalı  və həm də yaxşı diplomat olmalıdır. Bu çox ciddi məsələdir. Azərbaycana isə belə adamlar daha çox lazımdı. Vətənpərvərlik hissini yalnız bu yolla qaldıra bilərik .

Bir az uzağa getmək istəyirəm. Hələ XIX əsrdə böyük fransız yazıçısı Onere de Balzak Fransa və Böyük Britaniya jurnalistikasını əməlli-başlı öyrənib araşdırmışdı. Onun belə bir sözü var: “Fransa jurnalisti əvvəlcə jurnalistdir, sonra isə fransız, ingilis jurnalisti isə əvvəlcə ingilisdir, sonra da jurnalist”. Çox maraqlı fərziyyədir. Çünki fransız jurnalisti nə varsa bir jurnalist kimi dünyaya yayır. Amma ingilislər ehtiyatla hərəkət edirlər. O şeylər ki, ingilis hökumətinin xeyrinə deyil onları demirlər. Diplomatiya ki, var, bax, burada işini göstərir. Onun daha bir fikri var. Deyir, jurnalistikanı sevmirəm, hətta ona nifrət edirəm, amma deyərdim ki,  jurnalistika əsrimizin gücüdür, hakimiyyətidir.

– On illik yubileylə bağlı hansı planlarınız var?

– Kafedramızın məzunları ilə əlaqə saxlayırıq  bu barədə onlarla bizim də sözümüz söhbətimiz olur. Onların şəkilləri və fəaliyyəti ilə bağlı bir kitab hazırlamaq fikrindəyik. Bütün materialları bir yerə toplayıb gözəl bir kitab buraxacağıq. Kitab beynəlxalq jurnalistika kafedrasının on illiyi, ixtisasın isə iyirmi beş illiyinə həsr olunacaq. Məzunların hər biri bu kitaba düşməyə layiqdir.  Biz orada həmdə Azərbaycanda jurnalistikanın inkişafı ilə bağlı problemlərin aradan qaldırılması ilə bağlı yollar göstərəcəyik.  Beynəlxalq jurnalistika ixtisasını bakalavr səviyyəsində bərpa etmək lazımdı. Amma bunu jurnalistika fakültəsində edək yoxsa beynəlxalq hüququ və münasibətlər fakültəsində. Bunu fikirləşmək lazımdır. Beynəlxalq münasibətlərin tərkibində olsa idi daha yaxşı olardı. Çünki beynəlxalq jurnalistika beynəlxalq münasibətlərin tərkib hissəsidir.



Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?