Modern.az

Üçüncü Dünya Savaşına rəvac verən münaqişələr - ARAŞDIRMA

Üçüncü Dünya Savaşına rəvac verən münaqişələr - ARAŞDIRMA

7 Yanvar 2014, 10:26

Modern.az  saytı dünyadakı münaqişə ocaqları haqda araşdırmanın davamını təqdim edir.


Türkiyə problemlərlə üz-üzə


Bu gün Türkiyə dünyanın aparıcı dövlətlərindən birinə çevrilməklə yerləşdiyi regionda xeyli təsir imkanlarına yiyələnib. Buna baxmayaraq indiyə qədər kürdlərin separatçı qolu ilə yaşanan problemin öhdəsindən gəlməkdə çətinlik çəkir. Problemin indiyə qədər öz həllini tapmamasının kökündə Türkiyənin güclənməsinə qarşı olanların siyasi təxribatının da rolu böyükdür. Türkiyənin Cənub-Şərq bölgəsində məskunlaşan kürdlərin əksəriyyəti PKK-ya meylli əhalidir. PKK ilə savaşda minlərlə şəhid verən Türkiyə cəmiyyətinin kürdlərə qarşı münasibəti də birmənalı deyil. Bəziləri iddia edir ki, kürdlər də Türkiyənin vətəndaşı olduğundan onlar haqqında hər hansı mənfi təəssürat oyatmaq lazım deyil və bütün kürdlər PKK-çı deyil təsəvvürlərini yaradırlar.

Ancaq qatı millətçilərin PKK-ya görə kürd əhalini hədəfə alması bəzən vətəndaş qarşıdurmasına gətirib çıxarır.
Türkiyə Statistika Qurumunun 2011-ci ildə verdiyi açıqlamaya görə, Türkiyə əhalisi təxminən 75 milyon nəfər təşkil edir ki, bunun da 16%-i kürdlərin payına düşür. Türkiyə parlamentində PKK-nın həbsdə olan lideri Abdulla Öcalana bağlı deputatların təxribatçı çıxışları da ciddi narazılıqlara səbəb olur. Türkiyə siyasi həyatında təmsil olunan bəzi kürd millətçilərinin açıq şəkildə rəsmi Ankara üçün təhdid dolu və provakativ çıxışları kürd əhalini də milli ayrı-seçkilik prosesinə cəlb edir.

Bütün bunlar onu göstərir ki, qütbləşən Türkiyə əhalisi arasında (əsasən kürdlər və türklər) hər an etnik zəmində qarşıdurmalar yarana bilər. Türkiyədə kürdlərlə yanaşı digər etniklər də var ki, onlar arasında erməni faktorunu ayrıca vurğulamaq lazımdır. Türkiyədə yaşayan erməniləri də separatçı, bölücü qüvvə hesab etmək olar. Türkiyə dövlətinin vətəndaşlarına verdiyi hüquqdan rahat şəkildə istifadə edərək normal yaşayan erməni əhalidən gələcəkdə rəsmi Ankaraya qarşı etnik kart kimi istifadə olunması da istisna deyil.

Avropanın Kosova problemi

Müstəqilliyi bəzi ölkələr tərəfindən şübhə doğuran Kosova da münaqişəli ərazilərdəndir. 2 milyondan çox əhalisi olan Kosova Serbiya üçün təhlükə mənbəyi hesab olunur. 1995-ci ildə nümayişləri yatırdan serb ordusu çox sayda mülki əhalini qətlə yetirib. Etnik tərkibi rəngarəng olan Kosovada türklər, serblər, albanlar və digər millətlərin nümayəndələri yaşayır. Kosova 2008-ci ildə Serbiyadan ayrılaraq öz müstəqilliyini elan etməklə siyasi proseslərdə dönüş yarada bildi ki, bu da dünya siyasi arenasını qarşı-qarşıya qoydu. Bu gün Kosova dünyanın 50-dən çox dövləti tərəfindən tanınır (Azərbaycan bu siyahıda yoxdur).

Ancaq müstəqillik də Kosovadakı gərginliyi tam olaraq aradan qaldıra bilmir. Kosovoda ötən ilin noyabrın 3-də keçirilmiş bələdiyyə seçkisi gərgin qarşıdurmalarla müşayiət olunub ki, bölgənin yenidən Serbiyaya birləşdirilməsinin tərəfdarı olan qüvvələr seçki prosesinə kəskin müdaxilələrə yol verib. Zveçan, Zubin-Potok, Kosovska-Mitrovitsa şəhərlərində seçki məntəqələrinə hücum olub. Serbitsada bələdiyyə üzvlüyünə namizəd Bekim Birinksxiki öldürülüb, mer postuna namizədlərdən biri isə yaralanıb. Bundan sonra etnik qarşıdurmaların yaşanmayacağına dair heç bir siyasi qüvvə qarantiya verə bilməz.

ABŞ üçün “ətirləndirici” neft qoxusu

Söhbət dünyanın münaqişə ocaqlarından gedirsə, illərdir davam edən İsrail-Fələstin müharibəsi bu gün də aktual olaraq qalır. Region üçün Fələstin probleminin mövcud olduğu dövrdə “ərəb baharı”nın ərəblərə gətirdiyi fəlakəti də unutmaq olmaz.

2011-ci ilin ilk aylarından başlayan və Şimali Afrika respublikalarını cənginə alan “inqilabi” hərəkatın Suriyaya doğru yan alması ABŞ-ın “Böyük Orta Doğu” planlarının həyata keçməsini müəyyən qədər ləngitdi. Neft və təbii ehtiyatlar uğrunda axtarışlarda Əfqanıstandan yola çıxan Ağ Ev, İraqda, Tunisdə, Misirdə, Liviyada da uğur qazandı. Ancaq ABŞ və onun tərəfdarlarının Yaxın Şərqdəki fironluğuna Suriyada hələ ki, səd çəkilib.

Bu gün dünyanın ən qaynar nöqtəsi hesab edilən Suriyada rəsmi açıqlamalara görə 120 mindən çox insan həlak olub. Müşahidəçilər hesab edir ki, Əfqanıstan, İraq məsələsində çətinlik çəkməyən Ağ Ev Suriyada fərqli situasiya ilə rastlaşıb. Bəlkə də ona görədir ki, Suriyada Qərb dairələri hələ də heç bir nailiyyət edə bilməyib. Ekspertlərin qənaətincə, ABŞ və Rusiyanın maraqlarının badına sadə insanların qurban verilməsi Bəşər Əsəd üçün də sonu xoş olmayan gözləntilər vəd edir.

Taleləri qumara qoyulmuş xalqlar

Silahlı qarşıdurmalar İraq, Əfqanıstan üçün də xarakterikdir. İraqda şiə-sünni qarşıdurması hər gün insan ölümünə səbəb olur. İraq neftinə sahiblənən ABŞ-ı vətəndaş müharibəsi zamanı ölənlərin taleyi qətiyyən maraqlandırmır. İraq neftinin xoş qoxusundan az qala bihuş olan ABŞ üçün vətəndaş müharibəsinin körüklənməsinin elə də bir əhəmiyyəti yoxdur. Radikal dini görüşlərin səbəb olduğu qarşıdurmaların yaşandığı müsəlman ölkələrində vəziyyətin idarəedilməsi asandır. Nədən ki, bu ölkələrdə insanlar öz aralarında müharibə aparırlar. Xarici istilaçılar yada düşmür. İsraillə müttəfiqliyi sahəsində Yaxın Şərqdə mövqelərini möhkəmlətmək istəyən ABŞ və ona yaxın dövlətlər münaqişə ocaqlarının sayını getdikcə çoxaldırlar.

Hindistan və Pakistanın Kəşmir problemi

Dünyadakı münaqişəli bölgələrdən söz gedirsə, mütləq Kəşmir məsələsinəd toxunmaq lazımdır. 1947-ci ildə yaranan Hindistan və Pakistan dövlətləri Kəşmir bölgəsini özlərinə birləşdirmək cəhdi etməklə münaqişəsinin əsasını qoyurlar. 22 oktyabr 1947-ci il tarixindən etibarən Kəşmirdə başlayan silahlı münaqişələr 1949-cu ilə qədər davam edir.

Bundan sonra bir neçə dəfə də iki dövlət arasında Kəşmir uğrunda müharibə olur. Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Kəşmirdə həm Hindistan, həm də Pakistan meylli qüvvələr və müstəqil tərəflər var ki, bu da problemin həlli üçün çıxılmaz vəziyyət yaradır. Pakistanın keçmiş prezidenti Kəşmirin Hindistanla İslamabadın nəzarətinə verilməsini təklifini səsləndirsə də, onun variantı dəstəklənmir.

Bəzi ekspertlər isə hesab edir ki, Kəşmirdə referendum keçirməklə münaqişənin həllinə nail olmaq mümkündür. Bu gün də Hindistan və Pakistanın ayrılıqda idarə etdiyi Kəşmir və Camnu ştatlarında (ərazinin 1/3-i Pakistana, 2/3-si isə Hindistana aiddir) terror aktları törədilir ki, bu da Pakistanla Hindistan arasında münasibətlərin qurulmasında əngəlləyici amillərdən biridir. Belə məlumatlar da var ki, sözügedən yerlərdə Əfqanıstandan qaçmış “Əl-Qaidə” terrorçu təşkilatının və “Taliban” hərəkatının üzvləri terror hərəkətləri törədir ki, bu da problemin daha da dərinləşməsinə səbəb olur. Kəşmirli siyasətçilər isə qeyd edir ki, münaqişənin həllinin kökündə ərazinin Hindistan və ya Pakistana verilməsi dayanmır. Əsas kimi Kəşmir xalqının taleyinin önə çəkilməsi göstərilir. Ancaq problemin çözümü üçün irəli sürülən çeşidli siyasi təkliflər münaqişənin həlli istiqamətində hər hansı bir müsbət addımların atılmasına səbəb olmayıb. Bu gün də əhalisinin 60%-dən çoxunu müsəlmanlar təşkil edən Kəşmirdə qanlı toqquşmalar hökm sürür.

Şərqi Asiyada siyasi təlatümlər

Dünyanın enerji ehtiyatlarının 3/4-ü Avrasiya materikindədir. Hesablamalara görə dünya əhalisinin təxminən 75%-i də bu materikdə qərar tutub. ABŞ-ın keçmiş dövlət rəsmilərindən, Vaşinqtonun xarici siyasət cizgilərinin müəyyən edilməsinin önəmli simalarından olan Zbiqnev Bzejinskinin şərhlərinə görə dünya siyasi güclərinin əsas hədəfləri zəngin təbii ehtiyatlara malik Avrasiya materikini ələ keçirməkdir. Avrasiya metrikində isə əsas konflikt yataqları Asiya qitəsinə məxsusdur.

Bu mənada ABŞ üçün bu regionun önəmi göründüyündən də vacibdir. Avrasiyada ABŞ müttəfiqləri də kifayət qədər çoxdur ki, bunlardan da biri uzaq Şərqdəki Yaponiyadır. Yaponiya isə əzəli rəqibi, ABŞ-ın da qarşısında əsas maneə olan Rusiya ilə ərazi uğrunda mübarizədə iddialarından geri çəkilmir. Söhbətin mübahisəli ərazi Kuril adalarından getdiyi yəqin ki, hamıya məlumdur.

Rusiya-Yaponiya problemi

Qeyd edək ki, Yaponiya Kurildəki 4 adaya- İturup, Kunaşir, Şikotan və Xabomaiyə iddia edir. İkinci dünya müharibəsindən sonra Kuril adaları SSRİ-nin tərkibinə keçməsini Yaponiya indiyə qədər həzm edə bilmir. Yaponiya “şimal əraziləri” kimi adlandırdığı bu adaların ona qaytarılmasını tələb edir. Bu səbəblə Yaponiya ilə SSRİ və daha sonra Rusiya Federasiyası arasında ikinci dünya müharibəsinin bitdiyinə dair sülh müqaviləsi hələ də imzalanmayıb. Yaponiya 1981-ci ildən 7 fevralı “Şimal ərazililəri günü” kimi qeyd edir. Rəsmi Tokionun bu günü seçmə səbəbi isə bu ərazilərin Yaponiya aid olduğunu tənzimləyən 1855-ci il tarixli ilk Rus-Yapon müqaviləsinin 7 fevralda imzalanmasıdır.

Həmin gün ölkədə “Rusiyanın Kurildəki 4 adanı Yaponiyaya qaytarmaq” tələbi ilə mitinqlər keçirilir və Tokioda adətən baş nazirin də iştirak etdiyi qurultay olur. Şərqi Asiyada problem təkcə Kuril adaları ilə bitmir. Bu regionda Şimali Koreya və Cənubi Koreya müharibə vəziyyətindədir. Rəsmi Pxenyan ABŞ hərbi qüvvələrinin Cənubi Koreyada olmasına etiraz edərək bu amili öz ölkəsinə qarşı təhdid kimi dəyərləndirir. Münasibətlərin kəskinləşməsində ABŞ və Rusiyanın da rolu danılmazdır. Analitiklər bu qənaətdədir ki, Şimali Koreyanın müharibəyə başlayacağı təqdirdə digər ölkələri də ayağa qaldıra bilməsi, eyni zamanda Cənubi Koreya və Yaponiyanın prosesə müdaxiləsi, xüsusilə də nüvə silahından onlara qarşı istifadə etmək ehtimalı qaçılmazdır.

Çin Uyğur türklərinə qənim kəsilib

Asiyadakı münaqişə ocaqlarından söz açmışkən Çində Uyğur Muxtar Respublikasında yaşayan uyğur-türklərlə çinlilər arasındakı baş verən etnik qarşıdurmaları vurğulamaq yerinə düşər. Şərqi Türküstan adlandırılan Uyğurustanda Pekinin apardığı şovinist siyasət etirazla qarşılanır. Çinliləri bu bölgədə yerləşdirməklə uyğurların sayının azalmasına nail olmaq istəyən Çin rəhbərliyi etnik türk əhalini diskriminasiyaya məruz qoymaq niyyətindədir. 2009-cu ildə Pekinin Urumçuda törətdiyi iğtişaşlar nəticəsində iki yüzdən çox uyğur türkü qətlə yetirilmişdi. Toqquşmalar bu gün də davam edir. Məsələyə etiraz olaraq bir neçə türk dövlətində, o cümlədən Azərbaycanda zaman-zaman Çin hakimiyyətinə qarşı etiraz aksiyaları keçirilir. Milli Muxtariyyətə malik olmalarına baxmayaraq, Çin hakimiyyəti oradakı uyğur türklərinə qarşı milli, dini məsələlərdə təzyiqlər etməklə, uyğur etnik qrupunu sıradan çıxarmaq istəyir.

Afrikada problemlər çoxdur

Bu gün Afrika qitəsində də xeyli konfliktlər var. Analizlər və araşdırmalar göstərir ki, siyasi texnologiyalar, beyin mərkəzləri ərazi iddialarının rəvac verdiyi etnik qarşıdurmaların qarşısını almaqda ya çətinlik çəkir, ya da bilərəkdən problemləri körükləyirlər. İki dəfə dünya müharibəsi ilə üzləşən beynəlxalq aləm indi də üçüncü dünya savaşının baş verəcəyindən ehtiyatlanır. Nüvə silahlarının təkmilləşdiyi bir şəraitdə təhlükəli, dəhşətli siyasi kataklizmlərin olacağı da istisna deyil.

Aqşin KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi