Modern.az

“Ömrünün 10 ilini Yazıçılar Birliyinə həsr et, o da ki...” - Mərhum Ədalət Əsgəroğlunun oğluyla MÜSAHİBƏ

“Ömrünün 10 ilini Yazıçılar Birliyinə həsr et, o da ki...” - Mərhum Ədalət Əsgəroğlunun oğluyla MÜSAHİBƏ

7 Yanvar 2014, 12:41


Bu gün Yazıçılar Birliyi mətbuat xidmətinin keçmiş rəhbəri, mərhum şair Ədalət Əsgəroğlunun doğum günüdür. Sağ olsaydı, indi 56 yaşı tamam olacaqdı. Ötən ilin sonlarında dünyasını dəyişən Ə.Əsgəroğlunun ad günü ərəfəsində Modern.az əməkdaşı mərhumun ailəsinə baş çəkərək onun oğlu Elşad Məmmədovla söhbətləşib. O, həm öz, həm də hisslərinə hakim ola bilməyən digər ailə üzvlərinin adından danışıb.

– Onu bilirəm ki, mən sarıdan arxayın getdi. Bizi oxutdurdu, əsgərliyimizi də çəkdirdi. Məzuniyyətə gələn vaxt evə əziyyət olmasın deyə onlardan xəbərsiz gedib inşası başlamış Muğam Mərkəzində fəhlə işləyirdim. Bacıma görə narahat olsa da, şükür sonradan işə onu da işə düzəldik.

Biz ailədə iki uşaq olmuşuq. Mən və məndən böyük bacım. Anam əvvəl “İşıq” nəşriyyatında işləyib. Sonradan ordan çıxdı. Atam da əvvəllər Qarabağa Xalq yardım Komitəsində çalışıb. Jurnalistlər və Yazıçılar Birliyinin üzvi olub. Bir müddət mağaza və karyer işinə başladı. Sonra yenidən bu işə qayıtdı. “Kirpi” jurnalında çalışdı. Daha sonra iki – “İnterfaks” və “Elin sözü” qəzetlərinin baş redaktoru oldu. Ondan sonra Yazıçılar Birliyində mətbuat xidmətinin rəhbəri oldu.

– Yazıçılar Birliyində işə düzələndən sonra Ədalət Əsgəroğlunun həyatında dəyişən nə oldu? Mən bilən səhhətindəki problemlər məhz həmin iş müddətində daha da kəskinləşib.

– Onda şəkər xəstəliyi qəzaya düşəndən sonra olub. 1994-cü ildə avtomobil qəzasına düşüb. Təsəvvür eləyin, ayağı səhərə qədər maşının altında qalıb. Maşın özü Cəlilabad yolunda dükana girmişdi. Mənə elə gəlir ki, şəkərin fəsadları ondan sonra başlamışdı. Axır vaxtlar insulindən daha çox istifadə edirdi. Özü xaraktercə səbirsiz idi. Ümumiyyətlə, Yazıçılar Birliyində işə düzələndən sonra o orqan elə bil ki, bu adamı dəyişmişdi. Çox səbirsiz olmuşdu. Əsəbləri korlanmışdı.

– Buna səbəb nə idi? Ümumiyyətlə, ordakı problemləri sizə danışırdı?

– Evdə təbii ki, gəlib onları şikayət etmirdi. Amma telefonla danışanda, əsəbi reaksiyalar verəndə bilinirdi ki, işdə nələrsə yolunda getməyib. Arada bir Yazıçılar Birliyinə gedəndə görürdüm ki, telefonda kiminləsə qışqıra-qışqıra danışır.

Ölümünə yaxın elə bizimlə də söhbətdə bəzi problemlərindən gileylənirdi. Hətta borclarının varlığından da narahat idi. Ölümündən sonra bu problemlər həll olundumu?

– Demək olar ki, hər bir ailədə indi bu problemlər olur. Maştağadakı ev də qalıb hələ. Söhbət mərhumun inşasını başa çatdıra bilmədiyi bağ evindən gedir. İnşallah görək nə edirik. Problemlərin, borcların da hamısını həll eləmişəm. Sadəcə olaraq rəhmətlik sağlığında onların heç birini mənə danışmayıb. Mənə onları danışsaydı, əlbəttə, nəsə edə bilərdik. Düzdü, şükür olsun ki şərait o qədər də pis deyil. Hüzrü özümüz yola verə bildik. Borcların da çoxunu bağlamışıq. Sadəcə rəhmətliyin mənfi xüsusiyyəti var idi ki, o, öz problemini evdə demirdi.


– Borca baxmayaraq, qohum-qardaşa əl tutan adam idi...

– Əlbəttə, yeri gələndə maddi köməkləri də olub. 30-35 yaşlarında ticarətlə məşğul olub. İndiki “İşəri Şəhər” metrosu tərəfdə mağazası, bundan əlavə, daş karxanası vardı.

Ədalət Əsgəroğlunun heç kəsə məlum olmayan xarakterindən danışardınız...

– Çox sərt adam idi. Özüm keçmiş “Baksovet” tərəfdə böyümüşəm. Azdan-çoxdan oranın mühiti sizə məlumdur. İndi şükür edirəm ki, atam mənə necə nəzarət edibsə, yolumdan çıxmamışam. O, zarafatcıl, deyib-gülən idi. Amma lazım gələndə prinsipial da ola bilirdi.

– Onun xarakterini göstərə biləcək əhvalat danışa bilərsiz?

– Mağazaya girəndə xoşuna gəlməyən bir şey görən kimi narazılıq edirdi, bu da mübahisəyə, bəzən də dava-dalaşa gətirib çıxarırdı. “Kirpi” jurnalında bölgə müxbiri idi. Bəzən də məni özü ilə aparırdı.

Bəs yazıçılarla bağlı hansı maraqlı əhvalatlar olub?

– Çox nadir hallarda bizə yazıçı dostlarından qonaqlar gəlirdi. Əkbər Qoşalı, Rəşad Məcid, Anarın müşaviri Rauf Aslanov, Dayandur Sevgin, adlarını çəkmədiyim çox adamlar var idi. Mən çox vaxt elə atamın söhbətlərində bu adamların adını eşitmişəm. Sonuncu gündə də Dayandurla oturmuşdu.

– Bayramlarda ailənizə kimlər gəlib-gedib?

– Rauf Aslanov maraqlanıb. Allah canın sağ eləsin.

– Bəs başqaları?

– Yox!


– Bəs jurnalistlər necə, onlarla ki, yaxın dost idi?

– Bir ailəvi dostumuz var, Dilqəm müəllim. Keçən dəfə anama zəng elədi ki, Almaniyaya gedirəm, rəhmətliyin ad günündə burda olmayacağam. Əvvəlcə qəbrin ziyarət edib gedəcəm. Dekabrın 13-də də mənim ad günümdür. Zəng vurub məni təbrik edib.

– Bəs atanın dəfnində Yazıçılar Birliyinin hər hansı dəstəyi oldumu?

– Maddi cəhətdən cüzi də olsa, yardım olundu. Mənəvi cəhətdən isə razı qalmadım. Ən azı bu adam Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri idi və rəhbəri kimi də vəfat etdi. Bir nəfər, iki nəfər yox, çox adam deyə bilər ki, atam Yazıçılar Birliyinin dayaq nöqtələrindən biri idi. Dəfnində isə ona qoyulan hörmət kifayət qədər yox, müəyyən qədər yox, ən aşağı səviyyədə olub. Üzür istəyirəm, adi bir gül çələngi mümkün olmayan şey idi?! Heç o da təşkil olunmadı. Layiq olmadığı dəfn mərasimi idi. Ömrünün on ilini Yazıçılar Birliyinə həsr et, o da ki belə...

Ümumiyyətlə atanız işindən şikayətlənirdi?

– İşin çoxluğundan, insanlardan şikayətlənirdi. O vaxtı mən “28 may” tərəfdə işləyirdim. Hərdən fasilə zamanı rəhmətliyə baş çəkirdim. Görürdüm ki, işin çoxluğundan heç bayıra çıxa bilmir. Hərdən giley-güzar edirdi.

Yazıçılara veriləcək mənzil siyahısında onun da adı var idi. Bu məsələ ilə maraqlanmısınız?

– Onun da payı var idi. Rauf Aslanovla əlaqə saxlayırıq bu barədə. İndi görək məsələ hansı tərəfə gedir.

– Bir az uşaqlığa qayıdaq. Uşaqlıq çağınızda Ədalət Əsgəroğlu ilə bağlı hansı xatirələr yadınızda qalıb?

– Məni çox qoruyurdular. Soyuqdan-zaddan. Məhəllədə futbol oynamaq üçün yer var idi. Məni də yeddinci sinfə qədər bayıra buraxmırdılar. Deyirdilər ki, evdə qalmalısan və bu belə də olmalıdır. Mən ancaq evdən qaçıb futbol oynamağa gedirdim. Rəhmətlik krantdan çirkli su içməyim deyə dükandan şollar suyu alırdı ki, “Elşad futbolu qurtarıb bu sudan içsin”. Bu mənə bu cür qayğı göstərirdi. Öz uşaqlığı isə ağır keçib. Altı uşaq olublar. Rəhmətlik nənəmin boynuna çox ağır yük düşüb. Yetmişinci illərdə Bakıya gəliblər. Həm zavodda işləyib, həm də oxuyublar.


Söhbətin bu yerində Elşad atasının rəhmətə getmə məqamından danışır.

– Bu, bir qismətdir. Həmin gün evdə idim. Telefonu həmişə səssiz rejimə qoyurdum. Ondan bir ay qabaq da hər gün atamı yuxuda görürdüm. Dayım da görürdü, yoldaşım da. Həmin gecə də yuxudan oyanıb yoldaşıma dedim ki, atamı yuxuda gördüm. O da dedi ki, mən də görmüşəm. Hələ rəhmətə getməmişdi. O gecə elə bil kimsə məni silkələdi ki, yerindən qalx. Elə bu arada anam zəng elədi. Saat ikiyə qalardı. Bildim ki, nəsə olub. Anam dedi ki, durma gəl, atanın vəziyyəti ağırdır. Elə yolda gələ-gələ təcili yardıma zəng elədim. Gedib gördüm ki, artıq can verir. İnsult olmuşdu. Xəstəxanaya apardıq. Hər şey tez baş verdi. Həmin gün telefonla danışmışdıq. Rəhmətlik anama demişdi ki,  səhər doqquzda məni oyadarsan. Xəstəxanaya şəkərini yoxlatmağa gedəcəkdi. Üç gün qabaq bunda simptomlar baş qaldırıb. Yüngül insult keçirib. Burnundan qan axıb. Amma həmin gecə yüksək təzyiqlə oyanıb. Oyanan kimi də siqareti götürüb çəkib. Axır vaxtlar çox siqaret çəkirdi. İnsult həkimin dediyinə görə yuxudan qalxanda baş verib. Təzyiq bunu oyadıb. Siqaret çəkəndə də onun istisi bunun üstünə gəlib. Nəticədə də belə olub. Ertəsi gün Xırdalanda dəfn elədik. Dost-tanışların hamısı gəldi. Allah hamının canını sağ eləsin.

– Xatirəsin əbədiləşdirmək üçün nəsə etmək fikriniz var?

– Bəli, bu haqda fikirləşirəm. İşlərimi qaydasına qoyandan sonra inşallah onun yeni kitabını çıxaracam. Mümkün qədər əlimdən nə gələrsə edəcəyəm. Yazıçılar Birliyindən də Anar müəllimdən də, Rauf müəllimdən də razıyam. Amma onların nəsə edib etməyəcəyini bilmirəm.

Burada əslində söhbətimiz bitir. Evdən çıxhaçıxda Elşad qəfildən bir epizodu xatırlayır:

– Əsgərliyim Salyanda olub. Bir dəfə də hərbi hissə hasarının o tərəfində dayanan əsgər yoldaşıma qışqırıb siqaret istədim. Sən demə, düz hasarın altında atam dayanıb məni gözləyirmiş. Özü də səhər-səhər idi. Xəbərim yoxdur ki, mənə baş çəkməyə gəlib. Gülümsünüb dedi: “Ə, vicdansız, düş aşağı, sənə siqaret verim...”




























Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub