Modern.az

Azərbaycanda siyasi partiyalar ideoloji böhran keçirir - ARAŞDIRMA

Azərbaycanda siyasi partiyalar ideoloji böhran keçirir - ARAŞDIRMA

Ölkə

8 Yanvar 2014, 10:05

Dövlətin siyasi atmosferinin fərqli ideoloji baxışlarla zəngin olmasında partiyaların rolu böyükdür. Qonşu Türkiyənin təcrübəsindən çıxış edərək deyə bilərik ki, bu ölkədə partiyalar öz ideoloji konsepsiyaları ilə cəmiyyətə təsir etmə mexanizmini həyata keçirməklə özlərinə tərəfdar toplaya bilirlər. Türkiyədən fərqli olaraq Azərbaycanda partiyaların ciddi ideoloji böhran yaşadığının şahidi oluruq. Daha doğrusu, Azərbaycanda qeydiyyatda olan siyasi partiyaların sırf ideoloji istiqamətdə fəaliyyətlərində sönüklük müşahidə olunur. Azərbaycanda qeydiyyatda olan siyasi partiyalarda ideoloji xaos yaşanır desək, yanılmarıq. İdeologiyaları ilə praktik fəaliyyətlərində uyğunsuzluq yaşanan siyasi partiyalar bəlkə də bu səbəbdən sosial bazasını itirir. Politoloji rəylər göstərir ki, partiyalarda ideoloji dayaqlar sarsılıb və öz məramnamələrindən kənar siyasi xətt yürüdürlər.

Məsələn, ölkənin aparıcı sağçı müxalifət partiyalarının aksiyalarında sol platforma ilə siyasi mesajlar çatdırması buna bariz nümunə ola bilər. Politoloq Zərdüşt Əlizadənin fikrincə, sağ partiyalar əslində bununla siyasi divident qazanmaq niyyətini qarşılarına məqsəd qoyublar.

Siyasi ekspert Qabil Hüseynli problemin əsas səbəbini partiyaların ideoloji oriyentasiyalarını müəyyən edə bilməməsində görür.

Əslində hər bir partiya öz ideoloji dəst-xəttinə uyğun olan şüarla çıxış etsə, daha cəlbedici olar. Təbii ki, problemlər olduğu təqdirdə ideoloji vakkuum içində olan partiyaların proqramlarına və “daşıdığı” dəyərlərə uyğun hər hansı bir təşəbbüs irəli sürməsi də arxa plana keçir. Modern.az saytı məsələ ilə bağlı araşdırma aparıb

YAP - müstəqillik, dövlətçilik, sosial ədalət...

Hakim Yeni Azərbaycan Partiyası (YAP) müstəqillik, dövlətçilik, sosial ədalət və s. prinsipləri özünün ideoloji istiqaməti müəyyən edib. Bu haqda YAP funksionerləri dəfələrlə KİV-də danışıblar.

Müsavat Partiyası - ideoloji prinsiplər qarışıb...

Müsavat Partiyasının ideoloji cizgiləri özündə millətçilik, dövlətçilik və liberal-demokratiya dəyərlərini birləşdirir. Bir sözlə Müsavat Partiyasında ideoloji prinsiplərin qarışığını görmək olar. Partiyanın ideologiyası haqqında danışan Müsavat başqanının mətbuat məsələləri üzrə müavini Mehman Cavadoğlu bildirib ki, bütün fəaliyyət proqrama uyğundur. “İndiki halda daha çox liberal-demokratik dəyərlərin cəmiyyətdə bərqərar olunması yönündə fəaliyyət göstəririk. Əsas ideoloji xətt isə müsavatçılıqdır. Diskussiyalar, dəyirmi masalar və digər bu tipli tədbirlər həyata keçirilir”.

AXCP - ideoloji istiqamətlə fəaliyyət göstərmək mümkün deyil

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qeyd edib ki, təmsil etdiyi partiya ideoloji baxımdan sağ-mərkəzçidir. “Amma partiyanın siyasi fəaliyyətində təkcə ideoloji prinsiplər nəzərdə tutulmayıb. Gündəmdə olan və cəmiyyət üçün aktuallıq kəsb edən vacib məsələlər gündəlik siyasi fəaliyyətdə diqqət mərkəzində saxlanılır. İndi ölkədə elə bir vəziyyət yaranıb ki, ideoloji istiqamətlə fəaliyyət göstərmək mümkün deyil. Çünki cəmiyyəti narahat edən ciddi sosial problemlər, korrupsiya və məmur özbaşınalığı daha aktualdır. AXCP də indiki situasiyada belə məsələləri gündəmə gətirir və siyasi dinamikanın yüksəlməsinə çalışır”.

Ümid Partiyası - hər hansı ideologiya yoxdur

Ümid Partiyasının proqramında isə ümumiyyətlə hər hansı bir ideologiya öz əksini tapmayıb. Suallarımızı cavablandıran partiya sədrinin müavini Taleh Əliyevin sözlərinə görə onların fəaliyyəti proqram xarakterlidir. “Partiyanın əsas məqsədi Azərbaycanda azad, demokratik, ədalətli bir cəmiyyətin qurulmasıdır. Ümid Partiyasının proqramının bir hissəsi prezident seçkiləri zamanı İqbal Ağazadənin platformasında öz əksini tapıb. Biz proqramın tam mətnini gələcəkdə cəmiyyətə təqdim edəcəyik. Burada təhsil, səhiyyə, kənd təsərrüfatı islahatları və xarici siyasət kursuna baxış yer alıb”-deyə “Ümid” funksioneri bildirib.

ADP sədrin kitabından yararlanır

ADP isə demokratik ideyaların təbliğində sədr Sərdar Cəlaloğlunun yazdığı kitablardan yararlanır. ADP sədrinin I müavini Həsrət Rüstəmov bildirib ki, təmayülçü-demokratiyanın Azərbaycanda şərh eləyən müəlliflərdən biri də Sərdar Cəlaloğludur. “Eyni zamanda bu istiqamətdə çoxaylı məqalələr yazmışıq. İctimai maarifləndirmə işi ilə məşğul olmuşuq. Partiyanın toplantılarında demokratiya məsələləri ilə bağlı daimi müzakirələr aparılıb”-deyən partiya rəsmisi etiraf edib ki, bütün bunlara baxmayaraq xüsusi layihələri yoxdur. Onun sözlərinə görə partiyanın tədrici demokratiyaya keçid proqramı da mövcuddur ki, bu haqda da mətbuata məlumat verilib: “Azərbaycanda birbaşa demokratiyaya keçid mümkün olmadığı üçün ADP tədrici keçidə üstünlük verir”.

ALP – “Elementar demokratiyanın müdafiəsi uğrunda mübarizə aparmağa məcburuq”

Azərbaycan Liberal Partiyası (ALP) klassik Qərb liberalizmindən daha çox milli dəyərlərə üstünlük verir. Nə qədər qəribə səslənsə də, bu bir faktdır. ALP sədri Əvəz Temirxan məsələyə belə aydınlıq gətirib: “ALP liberal dəyərləri milli köklər üzərində qurmağa çalışır. Yəni biz insan hüquq və azadlıqlarının əxlaqlı şəkildə təbliğinin tərəfdarıyıq. Vaxtilə ALP lideri Lalə Şövkətin rəhbərliyi ilə Azərbaycanda ilk olaraq Avropaya inteqrasiya adı altında böyük bir məclis keçirildi. Bu gün partiyalar adlarına görə ideologiyalara sahibdirlər. Amma biz dərin liberal dəyərlərin yox, elementar demokratiyanın müdafiəsi uğrunda mübarizə aparmağa məcburuq”.

AMİP – “Azərbaycanda partiyaların çoxunda sağ və ya sol mərkəz partiya anlayışının nə olduğunu bilmirlər”

AMİP sağ mərkəzçi olduğunu bəyan etməklə bu siyasi ideoloji istiqamətdə işlər apardığını da vurğulayır. AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev qeyd edib ki, partiya milliyətçilik, öncüllük, müasirlik, hürriyyətçilik kimi prinsiplərin həyata keçirilməsini qarşıya məqsəd qoyub. “Bütün bunlar partiyanın ümumi hədəfləridir. Müasir siyasi partiya dili ilə desək, AMİP yarandığı andan bu günə kimi sağ-mərkəzçi, mühafizəkar olduğunu ortaya qoyub. Məhz bunun nəticəsidir ki, AMİP Beynəlxalq Demokratlar İttifaqının tam hüquqlu üzvüdür. İdeoloji xəttimizə uyğun olaraq dəyirmi masalar təşkil olunur, müzakirələr aparılır. AMİP Azərbaycanda yeganə partiyadır ki, öz siyasi vəziyyətini müəyyənləşdirib. Azərbaycanda partiyaların çoxu sağ və ya sol mərkəz partiya anlayışının nə olduğunu bilmirlər”-deyə tənqid edib.

AKP - başını itirib

Bir zamanlar böyük bir kütləni ətrafında birləşdirməyi bacaran kommunizm isə bu gün Azərbaycan Kommunist Partiyası (AKP) tərəfindən lazımınca təbliğ olunmur. Problem barədə söz açan AKP sədri Rauf Qurbanovun sözlərinə görə, ideoloji məsələlər partiyanın proqramında olsa da, praktikada hər hansı bir təşəbbüs, layihə gerçəkləşməyib. “AKP hər hansı iqtisadi, siyasi proqram hazırlayıb hansı quruma müraciət etməlidir? Qonşu Rusiyada kommunistlər parlamentdə təmsil olunurlar və müxtəlif qanun layihələri hazırlayırlar. Gələcəkdə parlament seçkilərində AKP-nin müəyyən nəticələr əldə edəcəyini gözləyirəm”-deyə R. Qurbanov əlavə edib.

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü